Bazarlar bağlana, yarmarkalarda qiymətlər ucuzlaşa bilər


Baxıldı : 210

Tarix : 2016-06-03 05:30:00


Paytaxtda kənd təsərrüfatı mallarının qiymətlərinin aşağı salınması və fermerlərin istehsal etdikləri məhsulu alverçilərin əlinə düşmədən istehlakçıya çatdırılması üçün artıq neçə illərdir yarmarkalar fəaliyyət göstərir. Amma həmin kənd təsərrüfatı yarmarkalarında qiymətlər digər bazarlardan elə də fərqlənmirdi. Başqa bir problemin bazar və yarmarkaların şəhərin mərkəzində yerləşməsi ilə bağlı olduğu bildirilirdi. Amma artıq deyəsən bu problemlərdən biri həllini tapacaq. Belə ki, bu həftə \ Kənd kooperasiyası haqqında\ qanun layihəsinin parlamentdə müzakirəsi zamanı bir sıra maraqlı fikirlər səsləndirilib. Millət vəkili Elmira Axundova vurğulayıb ki, qanunun 2011-ci ildəki variantında kooperativ bazarların yaradılması nəzərdə tutulmuşdu: \ Orada konkret olaraq bu cür bazarların yaradılmasının məqsədi kimi qiymət bahalaşmasının qarşısını almaq göstərilirdi. Həmin qanun layihəsinin son maddələrində bütün bu bazarlarla yanaşı, yarmarkaların da təşkil olunması nəzərdə tutulurdu. Qanun layihəsində yarmarkalarda yalnız Azərbaycan ərazisində yetişdirilən kənd təsərrüfatı məhsullarının satıla biləcəyi və ticarət yerlərinin pulsuz veriləcəyi birmənalı olaraq göstərilib\ . Elə bu məsələyə diqqət çəkən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini, Azərbaycan Kooperasiyalar İttifaqının rəhbəri Eldar Quliyev də bildirib ki, Bakıda \ Təzə bazar\ ı saxlamaq şərtilə digər bazarlar ləğv edilməlidir: \ Təzə bazar\ ı da yenidən qurmaq lazımdır. İqtisadi yüksəlişimiz çox yaxşı olduğuna görə, Azərbaycana kifayət qədər qonaqlar gəlib-gedir. Biz onları daha yaxşı yerlərə apara bilərik. Biz tariximizi qorumaq şərtilə bu bazarı yenidən tikməliyik. Dünyada da bu belədir, 3-4 mərtəbəli marketlər tikilir, onun 1-ci mərtəbəsi kənd təsərrüfatı məhsullarının satışı üçün ayrılır. Şəraiti yüksək səviyyədə olan, gigiyenik qaydalara əməl etməklə bu cür yerlər yaratmaq olar. Qədim bazar formasında bir bazarı saxlamaqla kənd təsərrüfatı məhsullarının satışını supermarketlərdə aparmaq olar. Bir bazar isə tarixiliyi əks etdirmək, turistlərə təqdim etmək baxımından saxlanılsa yetər. \ Şərq bazarı\ tipli bir bazar formalaşdırılsa, daha yaxşı olar. Ümumilikdə kənd təsərrüfatı məhsullarının satışının yavaş-yavaş böyük marketlərdə aparılmasının tərəfdarıyam. Orada şərait yaxşı olur. Qapalı məkan, soyuducu, malı saxlamaq üçün anbarlar var. Bizim bazarların isə əksəriyyətinin üstü açıqdır, yayda gün vurur, qışda yağış, qar. Biz indi \ Kənd təsərrüfatı kooperasiyası haqqında\ qanun qəbul edirik. Orada konkret olaraq göstərilir ki, kəndlilərə məhsullarını rahat şəkildə satmaq üçün icazə verilsin. Bu gün bazarlarda qiymətlərin yüksək olmasının bir səbəbi də odur ki, bazarlarda kooperativlərin satış yerləri yoxdur. Bazarlarda bunlara yer vermirlər. Yaxud da mərkəzləşdirilmiş tədarük idarəsi yaradılsın ki, kəndlilərin məhsulunu alıb satış nöqtələrinə paylasın\ .Məsələyə münasibət bildirən iqtisadçı Vüqar Bayramov deyir ki, paytaxtda bazarların bağlanmasına ehtiyac yoxdur: \ Sadəcə, onların sayının optimallaşdırılması vacibdir. Bazar bir çox insanlar üçün həm də iş yeri olduğundan bazarların bağlanmasının tərəfdarı deyiləm. Həmçinin fermerlər öz məhsullarını bazara daha çox çıxara bilir. Çünki iri supermarketlərə fermerlərin çıxış imkanları məhduddur. Kənd məhsullarının satılması baxımından bazarlar daha məqbuldur. Digər tərəfdən, bazarlar rəqabəti formalaşdırır. Bazar nə qədər çox olursa, rəqabət o qədər güclü olur\ .Xalid AZƏR