Bazarlara çıxmağın vacib şərti


Baxıldı : 110

Tarix : 2017-03-15 23:54:10


Sahibkarlarla görüşlərində dövlət başçısı dəfələrlə bildirmişdir ki, əgər xarici bazarlara layiqincə çıxmaq istəyiriksə, onda daha keyfiyyətli məhsul istehsal edərək onun yaxşı satılması üçün rəngarəng və gözəgəlimli, insanların diqqətini cəlb edən xüsusi qablaşdırma formaları tapmaq lazımdır.

Fikir versək görərik ki, respublikamıza müxtəlif ölkələrdən gətirilən qida və sənaye məhsullarının heç də hamısı yüksək keyfiyyətdə  deyil. Amma onların qablaşdırma forması insanı özünə cəlb edir. Artıq bu sahədə Azərbaycanda da müəyyən işlər görülməyə başlayıb. Bir neçə Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmış, istehsal mühiti formalaşmış, Sahibkarlığa Kömək Milli Fondu və şəxsi investorlar tərəfindən müəssisələrə maliyyə vəsaitləri yatırılmışdır.

Xatırladaq ki, son 10 ildə qərb ölkələrində sellofan və kimyəvi kauçuk qablarından qablaşdırmada istifadədən imtina edilmişdir. Hətta yediyimiz almanın, kartofun, naringinin və digər məhsulların üzərində istehsal edildiyi ölkə, tarix lazer vasitəsilə məhsulun üzərinə vurulur və onun insan həyatı üçün heç bir ziyanı yoxdur.

Ölkəmizdə "Karton-Park" şirkəti tərəfindən bu sahədə, demək olar ki, xeyli iş görülüb. Pirəküşkül qəsəbəsində yerləşən şirkətin "Sultan limited" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Kamran Hacızadə söhbət zamanı qeyd etdi ki, fabrikimizdə karton qutulardan tutmuş etiketlər, qida qutuları, stəkanlar və digər məhsullar istehsal edilir. Yüksək texnologiyaya əsaslanan istehsal məhsulları hələlik Rusiya, Gürcüstan və Qazaxıstana ixrac edilir. Həmçinin yeni sahələr yaradılır. Gələcəkdə istənilən qablaşdırma formaları istehsal etmək mümkün olacaq. İlk növbədə xarici ölkələrə göndəriləcək arı balı, meyvələr, şirələr və digər qida məhsulları üçün orijinal qablaşdırma nəzərdə tutulur.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri  Bədrəddin Həsrətov açıqlamasında bildirdi ki, qablaşdırılma məhsul satışında çox vacıbdır. Yəni ixrac məhsullarının yaxşı qablaşdırılması birbaşa onun bazarda alıcı qazanması, rəqabət aparması baxımından mühüm əhəmiyyət kəsb edir. Düzdür, özümüz də bu sahədə müəyyən yollar axtarırıq. Bizə olunan təkliflərdə on min manata başa gələn texnologiya ilə ən az qramlardan tutmuş bir neçə kiloqrama qədər məhsul qablaşdırmaq mümkündür.  Qiyməti də imkan verir ki, bir neçə arıçı ailəsi birləşib belə bir avadanlıq alsın.

Əlbəttə, imkanlar çoxdur. Bu imkanlar hələ bir sahənin timsalında görünür. "Made in Azerbaycan" brendini qazanmaq və alıcının indiki dövrdə olan yüksək tələbatını ödəmək üçün məhsulun yaxşı qablaşdırılması vacib şərtdir. Dövlət qayğısı və götürülmüş istiqamət imkan verəcək ki, ixrac imkanları qeyd edilmiş şərtləri nəzərə alaraq daha da şaxələndirilsin.

Əhəd İBADOV