Bazarlarda təhlükəli yumurta satılır


Baxıldı : 277

Tarix : 2016-07-22 01:03:00


Bu həftə əhalinin böyük əksəriyyətinin istifadə etdiyi gündəlik ərzaq məhsullarından olan yumurtanın tərkibində virus olması ilə bağlı məlumat ciddi narahatlıq yaradıb. Yayılan məlumata görə, Azərbaycana salmonella virusu ilə zəngin təhlükəli yumurta satılır. Son aylar Türkiyədən Azərbaycana idxal olunan yumurtalar istehsal olunduğu ölkədə yararlılıq vaxtı keçmiş məhsullardır. Qablaşdırılmasında və müşayiətedici sənədlərində buraxılma və son yararlılıq tarixləri olmayan, qırmızı rəngli kasetlərə qablaşdırılmış həmin yumurtalar uzun məsafə qət edərək gömrük məntəqələrində isti yay şəraitində günlərlə qalaraq təhlükə mənbəyinə çevrilib. Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu barədə məlumatı ona yumurta biznesi ilə məşğul olan şəxslər göndəriblər: \ Aparılan araşdırmalarımız göstərdi ki, Türkiyədən idxal olunan yumurtaların yararlılıq müddəti barəsində qutuların və yumurtaların üzərində heç bir məlumat yoxdur. Halbuki yumurta istehsalçıları tərəfindən hər bir yumurtanın üstündə vaxt qeyd olunmalıdır. Çünki yumurta tez xarab olan və ağır xəstəliklər törədən quşçuluq məhsuludur. Ən yaxşı yumurtalar 7 günlük yumurtalar olur ki, onlara dietik yumurtalar deyilir. Lakin Türkiyədən gələn və qırmızı kasetlərdə satılan yumurtaların bəziləri ilkin araşdırmalara əsasən laxdır\ .Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən isə bildirilir ki, respublikaya idxal olunan digər heyvandarlıq məhsulları ilə yanaşı, yumurtalardan da nümunələr götürülərək mütəmadi yoxlanılır: \ Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, biokimyəvi, ağır metalların qalıq miqdarına, antibiotiklər və digər parametrlərə görə müvafiq müayinələrdən keçirilir. Aparılan müayinələrin nəticəsinə görə, cari ilin müvafiq dövrü ərzində ölkəmizə idxal olunan ərzaq yumurtalarında hər hansı xəstəliyin törədicisi aşkar edilməyib, yoxlanılan nümunələr baytarlıq-sanitariya cəhətdən yararlı olub, yumurtaların sağlam və yeyinti üçün yararlı olması müəyyən edilib. İdxal edilən yumurtalarda heç bir xəstəlik mövcud deyil. Ölkəmizə idxal edilən heyvan, heyvan mənşəli məhsullar, eləcə də yumurta müvafiq laboratoriya müayinələrindən keçdikdən, yeyinti üçün yararlı olması müəyyən edildikdən sonra onların satışına icazə verilir\ .Xalid AZƏR