BDU-nun futzal komandası çempion oldu


Baxıldı : 277

Tarix : 2015-12-12 06:41:00


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarına uyğun olaraq 2015-ci ilin noyabr-dekabr aylarında Respublikanın ali məktəb tələbələri arasında furzal üzrə yarışlar keçirilib. Oyunların birinci mərhələsi noyabr ayında ali təhsil ocaqlarında fakültələr arasında baş tutub. Yarışların ikinci mərhələsində Bakı, Gəncə və Sumqayıtda yerləşən 20 ali məktəbin tələbələri iştirak ediblər. Futzal üzrə yarışlar 26 noyabr - 8 dekabr tarixləri arasında Azərbaycan Dövlət Texniki Universitetinin idman zalında keçirilib. Final mərhələsinə Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları adlayıblar. Çempionluq uğrunda gedən mübarizədə daha inamlı oyun nümayiş etdirən BDU komandası rəqibini 2:1 hesabı ilə məğlub edərək futzal üzrə ali məktəblər arasında Respublika çempionatının qalibi olub. ADİU-nun tələbələri isə ikinci yeri tutub. Məlumat üçün qeyd edək ki, ali məktəb tələbələri arasında futzal yarışı artıq bir neçə ildir ki, keçirilir. Yarışın keçirilməsində məqsəd ali məktəblərdə futzalın inkişafı və tələbələrin idmana olan marağının artırılması, ali məktəblər arasında keçirilən yarışlarda uğurla çıxış edən komandanın müəyyən edilməsi, eləcə də tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və fiziki hazırlığının artırılmasından ibarətdir.A.MUSTAFAYEV