Belə bir şəraitdə şagirdlərə güzəştlər qaçılmazdır


Baxıldı : 2570

Tarix : 2020-06-05 06:05:13


Bildiyimiz kimi, koronavirus pandemiyası səbəbi ilə orta və ali məktəblərdə mart ayının 2-dən təhsil-tədris prosesi dayandırılıb. Bir sıra şəhərlərimizdə mövcud karantin rejimi davam edir. Buna görə də Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə alaraq, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.

 

Belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, hər bir məzun təhsil aldığı məktəbin yerləşdiyi rayon, şəhərdə imtahan verəcək və 15 minə yaxın nəzarətçi-müəllimin nəzarət etdiyi imtahan prosesində  hər zalda 15 abituriyent otura biləcək.

Təhsil Araşdırmalar Mərkəzinin direktoru və təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, buraxılış imtahanları əvvəllər mərkəzləşmiş ərazilərdə təşkil olunurdusa, indi  hər bir şagirdin oxuduğu məktəbin yerləşdiyi rayonun və ya şəhərin  ərazisində keçiriləcək. Əvvəllər imtahan otağında 30 nəfər iştirak edirdisə, bu il 15 nəfər olacaq. Bu, şagirdlərə psixoloji olaraq müsbət təsir edəcək, çünki imtahan binası, auditoriyalar şagirdlərə tanışdır. Həmçinin martın 3-dən sonra olan mövzulardan test tapşırıqları təqdim edilməyəcək. Bütün bunlar yüngülləşdirici amil kimi qiymətləndirilə bilər. Lakin gərgin bir dövrdür, hazırlıq kurslarının, repetitorların fəaliyyəti məhdudlaşdırılıb. Mövcud vəziyyətdə şagirdlərə, hesab edirəm ki, müəyyən qədər güzəştlər olmalıdır. DİM-in mətbuat xidmətinin rəhbəri bildirib ki, yaxın ailə üzvlərindən kimdəsə koronavirus infeksiyası aşkarlanarsa, o şagirdlərin imtahana buraxılması məhdudlaşdırılacaq. Hesab edirəm ki, bu, təhsilin əlçatanlıq prinsipinin pozulmasıdır. Belə şagirdlər üçün rezerv otaqlar ayrılmalıdır. Çünki şagird buraxılış imtahanında iştirak etməyəcəksə, ona sentyabr ayında təkrar iştirak etmək üçün imkan yaradılacaq. Amma sentyabr ayında veriləcək imtahanın heç bir əhəmiyyəti yoxdur. Düzdür, müvafiq qərara əsasən, buraxılış imtahanlarının nəticəsi iki il qüvvədədir. Lakin 11-ci sinif şagirdlərinin çoxu bu il qəbul imtahanlarında iştirak etmək üçün prosesin iştirakçısına çevrilib. Əgər onlara bu dəfə buraxılış imtahanlarında iştirak etmək hüququ verməsək, oğlanlarda gələn il hərbi xidmət problemi yaranacaq.  Ona görə də biz tövsiyə etdik və eyni zamanda  aidiyyəti dövlət qurumlarına müraciətlər  ünvanladıq ki, DİM mövcud vəziyyətlə əlaqəli olaraq  həm şənbə, bazar günləri təşkil olunan buraxılış imtahanlarının gedişatı  ərzində, həm də qəbul imtahanları zamanı şagirdin  səhhətində problem yaranarsa, hərarəti yüksək olarsa, ona növbəti dəfə imtahanda iştirak etmək hüququ verilsin. Çünki bəzən şagirdlərdə imtahanın psixoloji təsirindən, gərginlikdən,  hava şəraitindən hərarət yüksəkliyi yaranır. İmtahana girməmişdən onlarda gərginlik yaratmamaq üçün əlimizdən gələni etməliyik. Burada müvafiq dövlət qurumu həssas qərar qəbul etməlidir.

Əsli ƏHMƏDOVA