Bərabərsizliyə qarşı aksiya


Baxıldı : 45

Tarix : 2019-11-01 16:15:12


Çilidə 1 milyondan çox insan hökumətin izlədiyi iqtisadi və sosial siyasətə etiraz olaraq mitinq keçirir. Oktyabrın 25-də paytaxt Santiyaqoda başlayan nümayişlərdə etirazçılar bərabərsizliyin aradan qaldırılmasını tələb edir.  Onlar ölkənin siyasi və iqtisadi  sistemində dəyişikliklər edilməsini istəyir. Hökumət insanların küçələrə çıxmasına qadağa qoyan qanun qəbul edib. Buna görə də aksiyaçılarla güc strukturları arasında insidentlər səngimir.  Aksiya zamanı 20 nəfər həyatını itirib, 1305 nəfər yaralanıb, 4271 etirazçı həbs olunub.  Oktyabrın 27-də Çili prezidenti etirazçıların tələblərinə biganə qalmayaraq  bir sıra addımlar atdı. O, Nazirlər Kabinetini istefaya göndərdi, minimum əməkhaqqının 20 faiz artırılması və varlı təbəqələrin pensiya və vergi rəqəmlərinin yenidən sistemləşdirilməsi barədə qərar verdi. Bununla belə, vətəndaşlar nümayişləri dayandırmayıb və verilən qərarların yetərli olmadığını bildirirlər.

İndustriALL Qlobal İttifaqına bağlı olan Çili Həmkarlar İttifaqı Təşkilatının aparat rəhbəri Horasio Fuentes  deyib ki, hökumətin qəbul etdiyi islahat paketi tətbiq olunsa da, nəticələri hiss olunmur: “Vergilər çoxdur və büdcə təkcə işçilərdən alınan vergi ilə deyil, həmçinin özəl şirkətlərdən gələn ödənişlərlə formalaşmalıdır. Xalqın ehtiyaclarını  sərmayədən daha çox düşünən ədalətli idarəetmə istəyirik”.

 Çili Metal İşçiləri Federasiyasının baş katibi Xuan Olguin deyib ki, hökumətin demokratiyanın yenilənməsi üçün atdığı addımlar bərabərsizliyə  səbəb olur: “İstehsal sektorunda çalışanlar üçün adil maaş-vergi sistemi istəyirik. Ölkənin iqtisadi cəhətdən böyük dəyişikliyə ehtiyac var”.

Qeyd edək ki, 70-ə yaxın həmkarlar və qeyri-hökumət təşkilatı aksiyaları dəstəkləyib.

CAVİD