Bərabərsizliyin təməlində əməkhaqqının görülən işə nisbətdə az olması durur


Baxıldı : 128

Tarix : 2019-07-08 07:18:03


Beynəlxalq Əmək Təşkilatı (BƏT) son illərdə əmək gəlirlərinin qiymətləndirilməsində qeyri-bərabərliyin artması barədə məlumat verib. BƏT-in Statistika şöbəsinin məsələ ilə bağlı araşdırmasında narahatlıq doğuran bir sıra nəticələr ortaya çıxıb. Belə ki, işçilərə ödənilən qlobal ödənişin 48,9 faizi çalışanların 10 faizi arasında bölünür. Ən az maaş alan 50 faiz işçi isə qlobal əməkhaqqının, sadəcə, 6,4 faizini qazanır.

Bundan əlavə, gəlir əldə edənlərin 20 faizi- təxminən 650 milyon işçi-qlobal əmək gəlirinin1 faizdən azını qazanır. Bərabərsizlik əsasən inkişaf etməkdə olan iqtisadiyyatlarda daha çox müşahidə olunur.

189 ölkənin statistik göstəriciləri əsasında aparılan araşdırmada göstərilir ki, on il öncə qlobal əmək gəlirinin 44,8 faizi orta sinif işçilərin (ümumi çalışanların təxminən 60 faizi) payına düşürdüsə, hazırda bu rəqəm 43 faizə enib. Yüksək qazanclı işçilərin (ümumi çalışanların 20 faizi) son on ildəki gəliri 51,3 faizdən 53,5 faizə yüksəlib. Son göstəricinin daha çox Almaniya, ABŞ, İtaliya, Birləşmiş Krallıq, Pakistanda qeydə alındığı göstərilir.

BƏT-in Statistika şöbəsinin mütəxəssisi Roger Qomis  nəticələri müzakirə edərkən deyib ki, bərabərsizliyin təməlində  əməkhaqqının görülən işə nisbətdə aşağı hesablanmasıdır: “Dünyada alt sinif işçilərin ortalama maaşı 198 ABŞ dollarıdır. Ən aşağı gəiri qazanan 10 faiz işçi ən yüksək gəlir qazanan 10 faizin bir illik qazancı qədər qazanması üçün 300 il çalışmalıdır”.