Beş ayda Azərbaycana 184 ölkədən 1 milyon 55,6 min əcnəbi gəlib


Baxıldı : 272

Tarix : 2018-06-22 23:33:17


Bu ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1 milyon 55,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, gələnlərin 29,3 faizi Rusiya Federasiyası, 22 faizi Gürcüstan, 12,1 faizi İran, 11,3 faizi Türkiyə, 4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Ukrayna, 1,8 faizi İraq, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,8 faizini kişilər, 32,2 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 17,6 faizi yanvar, 15,8 faizi fevral, 26,2 faizi mart, 20,7 faizi aprel, 19,7 faizi isə may ayında ölkəyə gəlib.

Cari ilin yanvar-may aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib.

Beş ayda Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 12,6 faiz artaraq 42,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,4 faiz artaraq 367,4 min nəfər olub.

Yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 1645,6 min nəfər olub. Ölkə vətəndaşlarının 30,7 faizi Gürcüstana, 28,5 faizi İrana, 21,7 faizi Rusiya Federasiyasına, 12,3 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,3 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib.