BƏŞƏRİYYƏTİN GƏLƏCƏYİ


Baxıldı : 124

Tarix : 2019-06-07 14:19:40


Uşaqlıq insan ömrünün ən gözəl dövrü, ən gözəl çağıdır. Bu dövr yaxşı keçəndə uşaqların çöhrəsində gülüş, sevinc olanda böyüklər də sevinir. Çünki böyüklərin, yaşlı nəslin arzusu uşaqları xoşbəxt görməkdir. Gələcəyimiz olan uşaqlara qayğı və onların müdafiəsi dünyanın hər yerində böyük əhəmiyyət kəsb edir.

 Uşaq və yeniyetmələrlə iş AHİK-in fəaliyyətində  də özünəməxsus yer tutur. Uşaqların taleyi və onların gələcəyinə məsuliyyət hissi, müdafiəsi, təhsili, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının şən və səmərəli təşkili, sağlam və mükəmməl şəxsiyyət kimi formalaşması daim həmkarlar ittifaqlarının diqqət nərkəzində olmuşdur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, həmkarlar ittifaqı təşkilatları ölkədə uşaq hüquqlarının müdafiəsini təmsil edənlər sırasındadır. Azərbaycan həmkarlar ittifaqları uşaq və yeniyetmələrlə mütəmadi iş aparır, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbirləri keçirir. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü təşkilatın bütün strukturlarında geniş qeyd olunur.

AHİK-in qarşısına qoyduğu məqsədlərdən biri də uşaqların istedadlarının üzə çıxarılmasına, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına nail olmaqdır. Həmkarlar ittifaqlarının klub müəssisələrindəki özfəaliyyət kollektivlərində məşğul olan uşaqlar incə sənətin müxtəlif janrlarının sirlərini öyrənirlər. Səriştə və tətbiqi bilik kurslarında müxtəlif peşələrə yiyələnirlər. Eyni zamanda uşaqlar AHİK-in təşkil etdiyi müsabiqələrdə, festivallarda, idman yarışları və spartakiadalarda, sərgilərdə təcrübə toplayır, bacarıq və istedadlarını göstərirlər.

Qış və yaz tətili günlərində  məktəblilərin asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar Yeni il və Novruz şənliklərinin keçirilməsi də artıq ənənə halını almışdır. Çalışırıq ki, həmkarlar ittifaqlarının uşaqlar üçün təşkil etdiyi şənliklər həm mənalı, həm də şən və əyləncəli keçsin. Bu şənliklərdə əlil və qayğıya ehtiyacı olan uşaqlar da unudulmur. Onlar da bu şənliklərə dəvət olunur, əylənir və özlərini cəmiyyətdən kənar hiss etmirlər. Eyni zamanda AHİK-ə müraciət edən “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”, “Şəhid Ailələrinə Sosial Dəstək”, “Bakı Müharibə Əlil və  Veteranları”, “Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək”, “Azərbaycan Vətən Müharibəsi Veteranları” ictimai birliklərinin müraciətlərinə əsasən, aztəminatlı ailələrin, imkansız müharibə əlillərinin uşaqları üçün şənliklərə biletlərin əldə edilməsinə köməklik göstərilir.

Həmkarlar ittifaqlarının uşaq sağlamlıq düşərgələrində hər il minlərlə uşaq və yeniyetmənin istirahəti təşkil olunur. Uşaq evləri və internatlar mədəni hamiliyə götürülür, müəyyən qrup tələbə və şagirdlərə təqaüdlər verilir.

Həmkarlar ittifaqları işçilərin və onların ailə üzvlərinin mədəni, mənəvi və fiziki inkişafı problemləri ilə hər zaman məşğul olmuş və olacaqdır. Ümumiyyətlə, Azərbaycan həmkarlar ittifaqları uşaqların tərbiyəsinə, təhsilinə, layiqli vətəndaş kimi formalaşmasına prioritet vəzifə kimi baxır.

 

Xoşqədəm  BAĞIROVA,

AHİK-in mütəxəssisi.