Beşgünlük kurs yekunlaşdı


Baxıldı : 52

Tarix : 2017-10-14 04:41:28


Sentyabrın 22-dən 29-dək Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında  ictimai əsaslarla işləyən həmkarlar ittifaqı təşkilatlarının yeni seçilmiş sədrlərinin 5 günlük kursları keçirilib. Kurslara həmkarlar ittifaqı təşkilatlarından 39 nəfər cəlb olunub.

Dinləyicilər əvvəlcə Akademiyanın fəaliyyəti, strukturları və tədris prosesinin təşkili  ilə tanış olublar.

Təlim prosesində aşağıdakı mövzulara geniş yer ayrılıb: "Həmkarlar ittifaqları işinin təşkili. Həmkarlar ittifaqlarının işçilərinin maraq və hüquqlarının müdafiəsində fəaliyyətinin  hüquqi əsasları və normativ bazası. Həmkarlar ittifaqlarının vəzifələri və həmkarlar ittifaqlarının öhdəlikləri. Həmkarlar ittifaqı təşkilatında hesabatların  və seçkilərin hazırlanması texnologiyası və keçirilməsi. İlk həmkarlar ittifaqları təşkilatında  kargüzarlıq və planlaşdırma. Həmkarlar ittifaqları üzvlüyünün motivasiya aspektləri: tələbat, maraq, motiv anlayışları; motivasiya prosesi və motivasiyanın təsnifatı. Həmkarlar ittifaqları çərçivəsində tələbatların reallaşma vasitələri. Kollektiv müqavilə ilk həmkarlar ittifaqları təşkilatının fəaliyyəti üçün əsas alətdir. Həmkarlar ittifaqı təşkilatında  maliyyə və hesabat işi".     

Əmək Məcəlləsinin mənimsənilmə səviyyəsi xüsusən də "İş və istirahət vaxtı", "Əmək intizamı", "Fərdi və kollektiv əmək mübahisələri", "Kollektiv müqavilələr və danışıqlar" və s. məsələlər üzrə praktiki məşğələlərdə qazanılan biliklər testlər  vasitəsilə yoxlanılıb.

Təlim proqramına daxil edilən "Dinləmə və izahetmə bacarıqları", "Stressin idarə olunması", "Auditoriya həyəcanının aradan qaldırılması və natiqlik bacarığı" və "Etik davranıs" kimi mövzuların həmkarlar ittifaqı komitəsinin sədrinin peşəkar formalaşmasında mühüm rola malik olması vurğulanılıb. 

Diskussiyalarda təcrübə mübadiləsi aparılıb. Məşğələlərdə daha çox praktiki bilik və bacarıqlara üstünlük verilməsi diqqətə çatdırılıb.

 B.RZAYEV