Beşnövçülük üzrə respublika çempionatı


Baxıldı : 80

Tarix : 2017-07-14 23:32:59


Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında beşnövçülük üzrə keçirilən respublika çempionatına yekun vurulub.

FHN İşçiləri Həmkarlar İttifaqının və İdman-Sağlamlıq Klubunun birgə təşkilatçılığı ilə Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı "N" saylı hərbi hissəsində təşkil olunan yarışda nazirliyin müxtəlif qurumlarını təmsil edən 16 komandanın tərkibində 80 idmançı mübarizə aparıb.

İyulun 4-dən 7-dək davam edən yarışlarda idmançılar maneələr zolağı, turnikdə güc çalışmaları, atıcılıq, üzgüçülük və dağadırmanma mərhələləri üzrə bacarıqlarını nümayiş etdiriblər. Əvvəllər iki mərhələ üzrə keçirilən yarışların builki proqramına dağadırmanma, turnikdə güc çalışmaları və maneələr zolağı növləri əlavə olunub. Bu idman növləri idmançılardan daha çətin şəraitdə güc və bacarıq nümayiş etdirmək, gərgin mübarizə aparmaq tələb edir.

FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxış edərək, ölkəmizdə ilk dəfə keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışıblar.

Gərgin keçən yarışlarda fərdi hesabda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Teymur Şahlamazov qızıl, Aran Regional Mərkəzinin nümayəndəsi Zeynal Zeynalov gümüş, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Adəm Haqverdiyev bürünc medal qazanıb. Komanda hesabında isə Mülki Müdafiə Qoşunlarının komandası birinci, İdman-Sağlamlıq Klubunun komandası ikinci, FHN Akademiyasının komandası üçüncü yeri tutub.

İdmançılara diplom, kubok, medallar və qiymətli hədiyyələr təqdim edilib.

FHN-in qurumları arasında ilk dəfə keçirilən beşnövçülük çempionatının uğurla başa çatdığını nəzərə alan yarışların Təşkilat Komitəsi bu idman tədbirini ənənəvi olaraq hər il keçirməyi qərara alıb.

Azər MUSTAFAYEV