Beşnövçülük üzrə keçirilən respublika çempionatına yekun vurulub


Baxıldı : 125

Tarix : 2018-07-13 18:26:14


İyulun 12-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında beşnövçülük üzrə keçirilən respublika çempionatına yekun vurulub.

 FHN İşçiləri Həmkarlar İttifaqının və İdman-Sağlamlıq Klubunun birgə təşkilatçılığı ilə Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində keçirilən yarışda nazirliyin müxtəlif qurumlarını təmsil edən 16 komandanın tərkibində 80 idmançı iştirak edib.

İdmançılar iyulun 9-dan 12-dək davam edən yarışların maneələr zolağı, turnikdə güc çalışmaları, atıcılıq, xilasetmə üzgüçülüyü və dağa dırmanma mərhələləri üzrə bacarığını nümayiş etdirib.

Bu yarışda FHN-in İdman-Sağlamlıq Klubunun əməkdaşı Rəşad Kəsəmənli qızıl, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Məmməd Cəfərzadə gümüş, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Orxan İsgəndərov bürünc medal qazanıb. Komanda hesabında isə FHN-in Akademiyasının təmsilçiləri birinci, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin komandası ikinci, Mülki Müdafiə Qoşunlarının nümayəndələri üçüncü yeri tutub.

FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək ölkəmizdə hər il keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, nazirliyin əməkdaşlarının uğurlarından danışıblar.

İdmançılara diplom, kubok, medallar və qiymətli hədiyyələr təqdim edilib.

Azər MUSTAFAYEV