“BƏT-in 205 saylı Tövsiyəsi və onun əməli tətbiqi ilə əlaqədar həmkarlar ittifaqı lilderlərinin maarifləndirilməsi” və “Dayanıqlı İnkişafın Məqsədlərinin həyata keçirilməsi üzrə həmkarlar ittifaqı təşkilatları üçün tövsiyələrin təqdimatı” mövzularında k


Baxıldı : 184

Tarix : 2018-09-24 06:01:43


Hörmətli qonaqlar!

Hörmətli tədbir iştirakçıları!

Bacılar və qardaşlar!

İcazə verin, Azərbaycan həmkarlar ittifaqlarının çoxsaylı üzvləri adından hamınızı salamlayım və uğurlu çalışmalar arzulayım.

İnanıram ki, iki gün ərzində müzakirə edəcəyimiz məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılacaq, üzvlərimizin və cəmiyyətimizin maraqlarına cavab verən əməli təkliflər səslənəcəkdir.

Hörmətli seminar iştirakçıları!

Bildiyiniz kimi, Beynəlxalq Əmək Təşkilatı işini sosial dialoqlar və məsləhətləşmələr əsasında quraraq sosial partnyorluğun bazası rolunu oynayan əsas təsisatlardandır.  Onun qəbul etdiyi sənədlər mahiyyət etibarilə sülhün və sosial ədalətin təmin olunmasına yönəlmişdir. Azərbaycan Respublikası ilə BƏT arasında əmək, əmək münasibətləri, məşğulluq, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində  daim genişlənən fəal əlaqələr yaradılmışdır. Bu əməkdaşlıq nəticəsində Azərbaycan Respublikası tərəfindən BƏT-in 58 Konvensiyası ratifikasiya olunmuş, milli əmək standartlarına uyğunlaşdırılmışdır. BƏT-lə səmərəli əməkdaşlıq yuxarıda sadaladığım, eləcə də  əmək miqrasiyası, sosial müdafiə və digər sahələrdə   həyata keçirilən birgə layihələr vasitəsilə həmin sahələrin inkişafına öz töhfəsini verməkdədir.

 

Respublikamızda BƏT-in təşkilatçılığı ilə bir sıra beynəlxalq tədbirlər keçirilmiş, işçilərin əmək hüquqlarının qorunması, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması  və sosial tərəfdaşların fəallığının artırılması məsələləri müzakirə olunmuşdur. Təqdimatına yığışdığımız BƏT-in 2017-ci ildə qəbul olunmuş “Sülhün və qarşıdurmanın potensialının təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında” 205 saylı Tövsiyəsi bizim üçün xüsusi önəm daşıyır. Bu, konfliktli şəraitdə böhranlı vəziyyətlərdən çıxış yolu üçün tərəfdaşlarla birgə tədbirlərin hazırlanmasında yardımçı rolunu oynayacaq bir sənəddir.

Tövsiyədə münaqişələr və fəlakətlər səbəbindən  meydana çıxan böhranlı vəziyyətlər kontekstində sülhün təmin olunması və qarşılıqlı fəaliyyət potensialının bərpa edilməsi məqsədilə məşğulluğa və layiqli əməyə xüsusi diqqət yetirilir. Bunlarla əlaqədar görüləcək işlərə  dair tövsiyə xarakterli istiqamətlər təqdim olunur.

BƏT-in bu tövsiyəsində böhranların aradan qaldırılması və nəticələrinin yumşaldılması üçün beynəlxalq əməkdaşlığın vacibliyi də önə çəkilir və təşkilat üzvlərinə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, o cümlədən sülhün möhkəmlənməsi naminə könüllü və sistematik informasiya mübadiləsi aparmaq, qabaqcıl təcrübə və yenilikləri bölüşmək tövsiyə olunur.

Tövsiyə respublikamız üçün də aktual olan konfliktli  şəraitdə insanların sosial müdafiəsi və təhsili baxımından da mühüm  əhəmiyyət kəsb edir.  Keçən əsrin sonlarına yaxın erməni  separatçılarının fitnəkar siyasəti nəticəsində müharibəyə cəlb olunmağımız, torpaqlarımızın 20 faizinin işğalı,  yüz  minlərlə insanın doğma yurd-yuvalarından  qaçqın  düşmələri, məcburi  köçkünlərin respublikamıza  axını  həmkarlar  ittifaqı  təşkilatlarının  da   fəaliyyətinə təsirsiz ötüşmədi. Balansımızda olan sanatoriya və kurort müəssisələri binalarının   əksəriyyətində   qaçqın   və   məcburi  köçkünlər yerləşdirildi, onların problemlərinin həllinə köməklik göstərildi. Bunu ona görə xatırlatdım ki, biz, tövsiyənin tələblərinə uyğun olaraq, müharibə və münaqişə nəticəsində yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin əmək və sosial hüquqlarının qorunması və müdafiə olunması üçün maarifləndirici tədbirləri davam etdirməli, ilk həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətlərinə köməklik göstərməli, üzvlərimizin bütün sosial-iqtisadi maraqlarının təmin olunmasına çalışmalıyıq.

Hörmətli tədbir iştirakçıları!

Müzakirə edəcəyimiz digər məsələ ilə əlaqədar  deməliyəm ki, biz bu mövzuya həsr olunmuş bir çox tədbirlər keçirmişik. Onlardan ən mühümü may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və BƏT-in birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransdır. Tədbirdə  BƏT-in Baş direktoru cənab Qay Rayder də iştirak etmişdi. Olduqca səmərəli keçən bu konfransda Baş direktor Dayanıqlı İnkişaf Məqsədlərinin bugünkü dünya üçün aktuallağından bəhs etmiş və Azərbaycanın bu məqsədlərin icrası üçün göstərdiyi səyləri dəstəklədiyini bildirmişdi. Sözsüz ki, hazırda bizim belə dəstəyə ehtiyacımız var. Elə buna görə də həmkarlar ittifaqı fəallarının bu gün BƏT-in Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə  təqdim olunan tövsiyəsindən layiqincə istifadə etməsi məqsədəmüvafiqdir.

Azərbaycan həmkarlar ittifaqları dayanıqlı inkişafın gedişinə müsbət təsir göstərən, insanların həyat səviyyəsinin yüksəldilməsi,  məşğulluğun genişləndirilməsi və iş yerlərinin qorunması, dayanıqlı inkişaf üçün özəl sektorla əməkdaşlığın qurulması, əmək şəraitinin yaxşılaşdırılması, norma yaradıcılığında iştirakı üzrə fəaliyyətini davam etdirir. Bu isə həmkarlar ittifaqı sıralarının artmasına  köklü təsir edir.

İşçilərin qeyri-rəsmi iş sektoruna cəlb olunması onların sosial hüquqlarının qorunmasında çətinliklər yaradır, gələcək sosial problemlərinin həllini çətinləşdirir. Belə işçilər sosial sığortaya cəlb olunmadıqlarından gələcəkdə onların pensiya təminatı da sual altında qalır. Sözsüz ki, bu məsələdə işçilərlə yanaşı, dövlətlər də xeyli zərər çəkir. Elə bu səbəbdən də qeyri-rəsmi iqtisadiyyat və məşğulluqla bağlı problemlərin aradan qaldırılması və həmkarlar ittifaqı liderlərinin maarifləndirilməsi sahəsində AHİK Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində silsilə tədbirlər keçirir. Hazırda təqdimatına toplaşdığımız bu tövsiyə həmin tədbirlərin davamı kimi üzvlərimizin məlumatlandırılmasında həmkarlar ittifaqı təşkilatlarına böyük köməklik göstərəcəkdir. 

“Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” Beynəlxalq Əmək Təşkilatı və sosial tərəfdaşlarımızın iştirakı ilə işlənib hazırlanmış və 2016-jı ilin sentyabrında qəbul edilmişdir. Bundan dərhal sonra AHİK-in İcraiyyə Komitəsi “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın həyata keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyası”nı təsdiq etmişdir.

Konsepsiyada həmkarlar ittifaqlarının həyata keçirəcəyi tədbirlər və görəcəyi işlər 8 istiqamət üzrə müəyyənləşdirilmişdir.

Azərbaycan həmkarlar ittifaqları ilk növbədə layiqli həyatı təmin edən layiqli  iş yerlərinin yaradılması əsasında iqtisadiyyatın modernləşdirilməsinin konkret istiqamətlərinin işlənib hazırlanmasında fəal iştirak etmək niyyətindədir.

AHİK və onun üzv təşkilatları əməkhaqqı sahəsində işçilərlə işəgötürənlərin münasibətlərini tənzimləyən əmək qanunvericiliyinə əməl edilməsinə, bağlanan kollektiv müqavilələr və sazişlərin qeyd-şərtsiz yerinə yetirilməsinə nail olmaq üçün bütün imkanlardan yararlanmağı  qarşılarına məqsəd qoymuşdur.

Bu gün məşğulluq məsələlərində iqtisadiyyatın modernləşdirilməsi ilə layiqli iş yerlərinin yaradılmasına, qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa keçidin təmin olunmasına, peşə təhsili və yeni vərdişlərə yiyələnmə  sahəsində  regional və sahə proqramlarının qəbul edilməsinə, yerli işçilərin  xarici kapitallı müəssisələrdə prioritet sayılan iş yeri ilə təmin olunmasına nəzarətin artırılmasına böyük ehtiyac vardır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları layiqli əmək və sosial ədalət uğrunda həyata keçirdikləri tədbirlərin sosial tərəfdaşlıq prinsipləri əsasında hökumət və işəgötürənlər birlikləri ilə sosial dialoq vasitəsilə aparılmasına sadiqdirlər. Bu, dayanıqlı inkişafın əsas məqsədlərindən biridir.

Sadaladığımız məsələlər, məqsədi ölkədə dayanıqlı inkişafa dəstək verməkdən ötrü sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyənləşdirmək, sosial-əmək münasibətlərini tənzimləmək, sosial stabilliyi qorumaq üçün sosial dialoqu inkişaf etdirmək olan. Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətində öz əksini tapmışdır.

Sosial tərəfdaşların məqsədyönlü fəaliyyətini istiqamətləndirən bu komissiya sosial partnyorluq münasibətləri çərçivəsində baxılan məsələləri yeni, daha yüksək müstəviyə çıxararaq, BƏT-in dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. 

Zənnimcə, Beynəlxalq Əmək Təşkilatının tövsiyəsindəki məsləhətlər bu istiqamətdə balanslaşdırılmış və səmərəli siyasətin işlənib hazırlanmasına kömək edəcək və həmkarlar ittifaqı liderlərinin maarifləndirilməsi istiqamətində təsirli vasitələrdən biri olacaqdır.

Hər bir dövlət, dayanıqlı inkişafın məqsədlərinin həyata keçirilməsi üçün, qlobal miqyasda öz inkişaf səviyyəsinə və imkanlarına uyğun məqsədlər müəyyən edəcəkdir. Biz də, Azərbaycan həmkarlar ittifaqı olaraq, beynəlxalq təşkilatlarla, özəl sektorla, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və digər maraqlı tərəflərlə əməkdaşlığa üstünlük verərək tövsiyələrdən maksimum bəhrələnməyə çalışacağıq.

Diqqətinizə görə sağ olun!

 

Sadaladığımız məsələlər, məqsədi ölkədə dayanıqlı inkişafa dəstək verməkdən ötrü sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyənləşdirmək, sosial-əmək münasibətlərini tənzimləmək, sosial stabilliyi qorumaq üçün sosial dialoqu inkişaf etdirmək olan. Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətində öz əksini tapmışdır.

Sosial tərəfdaşların məqsədyönlü fəaliyyətini istiqamətləndirən bu komissiya sosial partnyorluq münasibətləri çərçivəsində baxılan məsələləri yeni, daha yüksək müstəviyə çıxararaq, BƏT-in dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. 

Zənnimcə, Beynəlxalq Əmək Təşkilatının tövsiyəsindəki məsləhətlər bu istiqamətdə balanslaşdırılmış və səmərəli siyasətin işlənib hazırlanmasına kömək edəcək və həmkarlar ittifaqı liderlərinin maarifləndirilməsi istiqamətində təsirli vasitələrdən biri olacaqdır.