BƏT-in layihəsinin nəticələri müzakirə edildi


Baxıldı : 43

Tarix : 2019-11-29 18:57:49


Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında artan tərəqqi” adlı layihəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilib.

Konfransın açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası sahəsində Azərbaycanın əldə etdiyi nümunəvi uğurlardan danışıb.

Deyib ki, BƏT-in Əməyin Gələcəyi üzrə Qlobal Komissiyası iqtisadi artım və inkişaf üçün İnsanyönümlü Gündəlik təklif edib. Əlamətdar haldır ki, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasət də məhz bu prinsipə əsaslanır və əsasən iki məqsədə - əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Nazir müavini xidmətlərin keyfiyyətinin artırılması sahəsində uğurlu nümunələr kimi DOST layihəsini, avtomatlaşdırılmış pensiya təyinatını, “e-sosial” portalını, “Məşğulluq” alt-sistemini qeyd edib.

BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə bağlı Azərbaycanın BƏT tərəfindən region üzrə fokus ölkə seçildiyini deyən nazir müavini qeyd edib ki, bununla bağlı 2018-ci ilin may ayında Azərbaycan DİM-lərdən 8-ci Məqsədin həyata keçirilməsinə həsr olunmuş beynəlxalq konfransa ev sahibliyi edib. BƏT-in baş direktoru ötən il mayın 20-dən 22 -dək ölkəmizə səfəri zamanı Azərbaycanda aparılan sosial-iqtisadi islahatları yüksək qiymətləndirib.

AHİK-in sədr müavini Cavanşir Alxasov “Layiqli əmək, dayanıqlı inkişafın məqsədləri və Azərbaycanda davamlı müəssisələr üçün mühit” mövzusunda çıxış etmişdir. Demişdir ki, dünyamızın sürətlə inkişafı, qloballaşmanın miqyasının get-gedə genişlənməsi, təbii ki, yeni çağırışların meydana gəlişi ilə müşahidə olunur və olacaq. Ölkələr, hökumətlər və beynəlxalq təşkilatlar zamanın çağırışlarına  vaxtında cavab vermək və yaranan  yeni imkanlardan yararlanmaqla  dünyamızı daha da inkişaf etdirmək üçün birgə fəaliyyətə məcburdurlar.

Azərbaycanda bu baxımdan daha çevik və uğurlu siyasət yürüdülür. Biz hamımız bu siyasətin verdiyi bəhrələri öz həyatımızda hiss edirik və onun həyata keçirilməsinin fəal iştirakçılarıyıq.

İlin əvvəllərindən tətbiq olunan sosial layihələr paketi əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində atılan inqilabi addım oldu. Bu xarakterli layihələr davam etdirilməkdədir.

Cavanşir müəllim  Dayanıqlı İnkişafın davamlı tərəqqisinə nail olmaqdan ötrü vacib olan məsələlərə də toxundu. Dedi ki, əhalinin layiqli, tam və məhsuldar məşğulluğu təmin edilməlidir. Məcburi əmək ləğv edilməli, insan alverinin, uşaq əməyinin ən pis formaları aradan qaldırılmalıdır. Bütün işləyənlərin təhlükəsiz iş yerləri ilə təminatı, onların əmək hüquqlarının qorunması, əhalinin maliyyə xidmətlərindən istifadə etmək imkanının genişləndirilməsinə də xüsusi diqqət yetirilməlidir.

Eyni zamanda, mülkiyyət münasibətlərindən asılı olmayaraq, ölkəmizdə mövcud olan müəssisələrin davamlı olaraq fəaliyyət göstərməsinin təmin edilməsi üçün müvafiq addımlar da atılmalıdır.

İnanıram ki, müasir dövrün bu aktual məsələlərinin həyata keçirilməsi üçün biz, sosial partnyorlar, birgə işi davam etdirəcəyik.

Açılış hissəsində həmçinin Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin sosial məsələlər sektorunun müdiri Samirə Quliyeva, ASK-nin vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktor müavini Al Xaldi Xulud çıxış ediblər. Konfransda “Azərbaycanda layiqli əmək, nailiyyətlər və gələcək fəaliyyət”, “Dayanıqlı İnkişaf Məqsədləri və yeni çağırışlar”  mövzularında iclaslar keçirilmiş, yerli və beynəlxalq mütəxəssislər çıxışlar və təqdimatlar etmiş, müzakirələr aparılmışdır.