BƏT-in son hesabatına görə


Baxıldı : 161

Tarix : 2020-01-24 14:30:20


Artan işsizlik davamlı bərabərsizlik ilə birlikdə layiqli işin olmaması, insanların öz həyat səviyyələrini yaxşılaşdırmaqda çətinlik çəkməsinin səbəbləridir. Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) məşğulluq və sosial tendensiyalara dair qlobal hesabatının son sayında deyilir.

BƏT-in hazırladığı yeni bir hesabata görə, təxminən yarım milyard insan pullu işlə istədiklərindən daha az vaxt məşğul olur və ya pullu işə tam girişi yoxdur. Bundan əlavə, “2020-ci ildə dünyada məşğulluq və sosial müdafiə perspektivləri” adlı hesabatda 2020-ci ildə işsizlərin sayının təxminən 2,5 milyon daha çox olacağı proqnozlaşdırılır. Son doqquz ildə dünyada işsizlik səviyyəsi, az da olsa, sabit qalıb. Lakin qlobal iqtisadi artım yavaşlayır, işçi qüvvəsi artır və yaradılan iş yerləri hamını işlə təmin etmək üçün kifayət deyil.

BƏT - in Baş direktoru Qay Rayder deyir: “Milyonlarla adi insan daha yaxşı həyat əldə etmək üçün getdikcə daha çox çətinlik çəkir. Əmək fəaliyyəti ilə bağlı davam edən əhəmiyyətli bərabərsizlik və marginallaşma onlara layiqli iş tapmağa və özlərinə daha yaxşı gələcək təmin etməyə mane olur. Bu, sosial razılaşma üçün dərin və narahatlıq doğuran nəticələrlə bağlı son dərəcə ciddi problemdir”.

Hesabatda qeyd olunur ki, əmək bazarında tələb və təklif arasındakı uyğunsuzluq təkcə işsizliyə deyil, həm də daha geniş mənada işçi qüvvəsindən istifadə edilməməsinə səbəb olur.

Dünyada 188 milyon nəfər işsizlə yanaşı, daha uzun müddət ödənilən əməklə məşğul olmaq istəyən 165 milyon,  fəal iş axtarışlarını dayandırmış və ya başqa səbəbdən əmək bazarına çıxmaqdan məhrum olmuş 120 milyon insan var. Ümumilikdə dünyada 470 milyondan çox insan bu problemlərlə üzləşir.

Hesabatda əmək bazarındakı bərabərsizlik məsələsinə də toxunulur. Son məlumatlara və qiymətləndirmələrə əsaslanaraq belə qənaətə gəlinir ki, dünya miqyasında gəlirlərin qeyri-bərabərliyinin qəbul olunması daha aydın xarakter daşıyır və bu da xüsusilə inkişaf etməkdə olan ölkələrə aiddir.

2020-2021-ci illərdə inkişaf etməkdə olan ölkələrdə həddindən artıq yoxsulluq və ya orta yoxsulluq şəraitində yaşayan və işləyən insanların sayının artacağı gözlənilir.

Hesabatda qeyd olunduğu kimi, hadisələrin belə bir inkişafı daha əvvəl proqnozlaşdırılırdı. Bu, 2030-cu ilədək yoxsulluğun universal şəkildə aradan qaldırılmasından ibarət olan Davamlı İnkişaf Məqsədlərinin icrasına əlavə maneələr yaradacaqdır.

Gender, yaş və ya coğrafi yerləşmə ilə əlaqəli qeyri-bərabərliyin digər ciddi təzahürləri də mövcud əmək bazarına xasdır. Bunlar həm şəxsi imkanların reallaşmasına, həm də ümumi iqtisadi artıma mane olur. Xüsusilə 15 yaşdan 24 yaşına qədər işləməyən, oxumayan və peşə təhsili almamış gənclərin sayı 267 milyonu keçir ki, bu da təəssüf doğurur. Müəyyən olunmuş standartlara uyğun olmayan şəraitdə işləyənlər daha çoxdur. Xəbərdarlıq olunur ki, ticarət məhdudiyyətlərinin və proteksionist tədbirlərin sərtləşdirilməsi həm birbaşa, həm də dolayı olaraq məşğulluq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

İqtisadi artıma gəlincə, belə qənaətə gəlinir ki, hazırkı temp və xarakter  yalnız aşağı gəlirli ölkələrdə yoxsulluğun azaldılması və iş şəraitinin yaxşılaşdırılması səylərinə mane olur.

Yüksək dəyərli məhsulların istehsalını stimullaşdırmaqla, artımın xarakterini dəyişdirmək tövsiyə edilir. Buna struktur dəyişiklikləri, texniki modernləşdirmə və istehsalın şaxələndirilməsi yolu ilə nail olmaq olar.