Beynəlxalq konfrans keçirilib


Baxıldı : 425

Tarix : 2015-02-21 04:31:00


Bakıda \ İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər\ mövzusunda beynəlxalq konfrans keçirilib. Toplantı İqtisadi Resursların Öyrənilməsi Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə İqtisadi Araşdırmalar Mərkəzinin (İKAME) birgə təşkilatçılığı ilə baş tutub.AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov deyib ki, tədbirin keçirilməsində əsas məqsəd İslam maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, ictimai xadimləri, investorları və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil edərək təkliflər toplamaq, innovativ fikirləri paylaşmaq, iştirakçıların təmsil olunduqları ölkələr üçün İslam maliyyəsinin tətbiqi sahəsində tövsiyələr hazırlamaqdan ibarətdir.Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinasiya ofisinin koordinatoru Mustafa Haşim Polad isə bildirib ki, Türkiyə və digər ölkələrdə əhalinin bir hissəsi öz pullarını evdə saxlayır: \ Pulun yastıq altında saxlanmasına səbəb İslam dinində faizin qadağan, haram olmasıdır. Bu faiz dərəcələri ilə bağlı çətinliyi aradan qaldırsaq, yastıq altında qalan pulların iqtisadiyyata daxil olmasına gətirib çıxarar və ölkədəki iqtisadi mənbələrin daha effektiv istifadə olunması mümkün ola bilər\ . İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, İslam maliyyəsi bu gün 1,3 trln. ABŞ dolları həcmində dövriyyəyə malik olub, dünyanın 75 ölkəsində 400-dən çox maliyyə təşkilatı tərəfindən idarə olunur. Azərbaycanda isə artıq 7-dən çox bank, lizinq, mikrokredit təşkilatı tərəfindən İslam maliyyəsi üzrə işlər aparılır. \ Bu gün Azərbaycanda İslam maliyyəsinin həcmi orta hesabla 300 mln. manat təşkil edir. 2015-ci ilin sonuna kimi bu göstəricinin 500 mln. manata çatacağı gözlənilir. Bu rəqəm Azərbaycanda bu sahədə rəqabətin bariz nümunəsidir. Türkiyədə İslam maliyyəsi əsaslı kapitalın ümumi maliyyə dövriyyəsinin 5,5%-ni, Malayziyada 16%-ni, İranda 98%-ni təşkil edir. İslam maliyyəsi real sektorun inkişafında birbaşa iştirak edir. Bu baxımdan gələcəkdə İslam maliyyəsi əsaslı bazarın göstəricilərinin ayrıca hesablanması məqsədəuyğun olar\ , - deyə R.Atakişiyev vurğulayıb. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə konfransın bütövlükdə İqtisadiyyat İnstitutunda, Azərbaycan Dövlət İqtisad Universitetində yeni mövzuların, yeni problemlərin meydana gəlməsinə təkan verəcəyini deyib. Bildirilib ki, xarici iqtisadi əlaqələrimizin genişləndiyi, münasibətlərimizin təkmilləşdiyi, cəmiyyətimizdə tolerantlığın, eyni zamanda islami mənəvi dəyərlərə sadiqliyin artdığı şəraitdə biz İslam iqtisadiyyatının əsas prinsiplərini müqayisəli şəkildə öz fəaliyyətimizdə tətbiq etməliyik. Ümid edirəm ki, konfransda səslənən fikirlər gələcəkdə bütövlükdə müsəlman ölkələrinin iqtisadi sisteminin daha da təkmilləşməsinə xidmət edəcək və müasir qlobal çağırışlara öz münasibətini bildirəcək. Milli Məclisin deputatları Vahid Əhmədov və Əli Məsimli çıxış edərək müasir rəqabət şəraitində yüksək maliyyə bazarının daha da inkişaf etdirilməsi, investisiya imkanlarının genişləndirilməsi, kapital alətlərinin çoxaldılması məqsədi ilə İslam maliyyə sisteminin formalaşdırılmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.Konfransda həmçinin kiçik və orta sahibkarlığın investisiya təminatında İslam maliyyəsinin rolu, Azərbaycanda İslam bankçılığının inkişafı: imkanlar və perspektivlər, qeyri-İslam ölkələrində İslam bankçılığının inkişaf perspektivləri, İslam bankçılığının inkişafı və Azərbaycanda tətbiqi perspektivləri, lizinq fəaliyyətinin İslam bankçılığı məhsulları ilə maliyyələşdirilməsi imkanları və s. mövzularda məruzələr dinlənilib.A.MUSTAFAYEV