Beynəlxalq İKT hesabatında irəlilədik


Baxıldı : 279

Tarix : 2015-12-05 05:41:00


Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) İnformasiya kommunikasiya texnologiyalarının inkişafı indeksi (IDI) üzrə 67-ci yeri tutub. \ İnformasiya cəmiyyyətinin ölçülməsi-2015\ hesabatında deyilir ki, Azərbaycan 2013-cü illə müqayisədə 3 bənd, 2010-cu ilə nisbətən isə 9 bənd yüksəlib. Təşkilat son illərdə ölkəmizdə İKT sektorunda yüksək dinamikanın əldə olunduğuna, internet istifadəçilərinin sayının və genişzolaqlı internetdən istifadənin artdığına diqqət çəkərək respublikamızı MDB regionunda əsas ölkələrdən hesab edir. Qurum ölkəmizdə digər rabitə xidmətlərinin də inkişaf etdiyini, informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dünya reytinqində mövqeyinin ilbəil yaxşılaşdığını da bildirir. Multimedia Mərkəzinin rəhbəri, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, \ Dünya İqtisadi Forumunun, eləcə də digər təşkilatların hesabatlarında respublikamızın irəliləməsi İKT-nin inkişaf göstəricisi sayıla bilər: \ Son beş ildə dövlət orqanlarının informasiyalaşdırılması sahəsində xeyli işlər görülüb, onların internet saytları yaradılıb və gov.az domenində yerləşdirilib. Dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsini təmin etmək məqsədilə vahid konfidensial multiservis şəbəkəsinin yaradılması və həmin orqanların bu şəbəkəyə qoşulması reallaşıb. E-hökumət portalına inteqrasiya sürətlənib, e-imza infrastrukturunun yaradılması və dövlət orqanlarında elektron sənəd dövriyyəsinin tətbiqi, həmçinin dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsinin təşkili genişlənib, elektron xidmətlərın çeşidləri artıb”. O.Gündüzün sözlərinə görə, Azərbaycanın beynəlxalq qurumların hesabatlarında irəliləməsi ölkəmizin nüfuzunun artmasını şərtləndirməklə yanaşı, İKT sektorunda əlverişli investisiya mühitinin formalaşdığını göstərir. Azərbaycan 2020-ci ilə kimi İKT-nin inkişafı ilə bağlı tədbirləri daha da sürətləndirməyi və gələcək iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi informasiya texnologiyaları sektorunun iqtisadiyyatda payının artırılmasını hədəf seçib. Hazırda İKT infrastrukturunun vəziyyəti, texnologiyalar parkının yaradılması, İKT Fondunun fəaliyyətə başlaması, kosmik peykin imkanlarından səmərəli istifadə yeni uğurların qazanılacağından xəbər verir. ELBRUS