Beynəlxalq prosesləri izləmək lazımdır


Baxıldı : 410

Tarix : 2015-02-28 03:06:00


Mərkəzi Bankın manatın devalvasiyası ilə bağlı verdiyi qərar, onu doğuran zərurət və sair məsələlərə İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev aydınlıq gətirib. Məsələ ilə bağlı iqtisadçı deyib ki, Azərbaycan manatının ucuzlaşması, yəni devalvasiya gözlənilirdi. Bunu əsaslandıran şərtlər var idi. 2014-cü ilin sonlarından başlayaraq dünya bazarında neftin qiymətinin aşağı enməsi, həmçinin bizim üçün iqtisadi baxımdan geniş ticarət əlaqələrinə malik olduğumuz rus rublunun dəyərdən düşməsi, MDB məkanında digər milli valyutaların da devalvasiyalarının həyata keçirilməsi başlanğıc mərhələ sayıla bilər. O cümlədən də Avropa Birliyi və Rusiya arasında olan münasibətlər də iqtisadi baxımdan manatın məzənnəsinə təsirlər yaratmışdır. Bütün bu təsirlər fonunda Mərkəzi Bankın (MB) həyata keçirdiyi siyasət nəticəsində milli valyutamızın məzənnəsi qorunub saxlanılırdı. Məhz bu səbəbdən təkcə 2014-cü ilin noyabr-dekabr aylarında bizim valyuta ehtiyatlarımız 1 milyard 270 milyon ABŞ dolları həcmində azalıb. 2015-ci ilin əvvəllərində də həmin bu azalma davam edirdi, belə deyək ki, yumşaq şəkildə manatın məzənnəsinin devalvasiyasının həyata keçirilməsi düşünülmüşdü. Amma sonradan əhalinin, xüsusən də öz əlində iri həcmdə manat saxlayan bir qrup insanların kütləvi şəkildə banklara gedərək dollar alması, MB-nin ehtiyatlarının tükənməsi baxımından təhlükəli vəziyyət formalaşdırırdı. Bu hadisələri qabaqlamaq, gələcəkdə manatın məzənnəsi ilə bağlı baş verəcək hər hansı bir təhlükənin qarşısını almaq məqsədi ilə MB 21 fevral tarixində kəskin devalvasiyaya getdi. Və Azərbaycan manatı dollar və avro qarşısında orta hesabla 30-35 faiz həcmində ucuzlaşdırıldı. Bu ucuzlaşma fonunda qeyd edək ki, xüsusən də xaricdə istehsal olunan dollar və avro qarşılığında gətirilən məhsulların istər-istəməz manatın ucuzlaşdığı nisbətdə qiymətlərinin qalxması, bahalaşması gözlənilən bir haldır. Amma bundan bəzi möhtəkirlər, işbazlar, arada pul qazanıb varlanmaq istəyənlər dəfələrlə bahalaşmaya getmək fikrinə düşüblər ki, bunun nəticəsində bu ifrat süni qiymət artımına aid bir misaldır. Amma məsələn deyək ki, manatın məzənəsinin düşməsi çərçivəsində 15-20 faiz qiymət artımı etmək normal bir haldır. Ekspert yerli istehsalda qiymət artımı məsələsinə də aydınlıq gətirib. O, bildirib ki, əslində burada yerli istehsalda ölkədaxili resurslar hesabına formalaşan məhsulun bazara çıxarılması zamanı onun qiymətində müəyyən artım ola bilər. Bu o halda gözlənilir ki, daxili istehsal olsa belə, onun müəyyən tədarüklərində xaricdən gələn xammaldan və ya məhsullardan istifadə edilir. Və yaxud da ki, işləyən insanların bazarda yaranmış qiymət artımı nəticəsində xərcləri artdığı üçün onların əməkhaqlarında da artıma gedildiyinə görə əmək ehtiyatlarının qiyməti də artır ki, bu da son nəticədə yerli istehsalda məhsulun maya dəyərində özünü büruzə verə bilər. Hətta yerli istehsalda cəlb olunan maliyyə vəsaitləri dollar şəklində olubsa, məzənnənin qalxması çərçivəsində yerli istehsalla məşğul olanlar o borclarını dollar şəklində qaytarmalı olurlar ki, burada da həmin məhsulun maya dəyərində də cüzi artımı gözləmək olar. Əhalinin maaşlarının və pensiyaların artıralacağı ilə bağlı məsələyə gəldikdə qeyd etmək istərdim ki, qanunvericilikdə bu, aydın şəkildə əks olunub. Hər ilin əvvəlində illik inflyasiaya dərəcəsi nəzərə alınmaqla pensiyalarda və müavinətlərdə indeksasiya işi həyata keçirilir. Bununla da artım hər il həyata keçirilə bilər. Bu, müvafiq bir qaydadır. Manatın məzənnəsində baş verən dəyişiklik fonunda qiymət artımının səviyyəsinə müvafiq olaraq orta illik inflyasiya dərəcəsinin rəqəminin tam ortaya çıxmasından sonra qanunvericilikdə nəzərdə tutulanlar bir qayda olaraq həyata keçirilir. Pensiya və müavinətlər də ona nisbətdə indeksasiya nəticəsində kompensasiya olunacaq. Əməkhaqlarına gəldikdə xüsusən də büdcədən maliyyələşən qurumlarda fəaliyyət göstərən insanların maaşları məsələsi də müvafiq olaraq tabe qurumların qərarları əsasında həyata keçirilir. Gələcəkdə artıq tabe qurumlarda qərarların verilməsi hökumət, ya da maliyyələşən büdcə təşkilatları tərəfindən sərbəst həyata keçirilə bilər. Ümumiyyətlə, ölkə daxilində qaynaqlanan bu prosesin getməsi, təbii ki, dünyada cərəyan edən regional, geosiyasi, geoiqtisadi hadisələr fonunda baş verir. Bütün bunlar isə daha çox kənar iqtisadi hadisələrin fonunda yaranır. Buna görə də beynəlxalq prosesləri izləmək lazımdır. Azər MUSTAFAYEV