Beynəlxalq qurum sahibkarlara maliyyə yardımı göstərəcək


Baxıldı : 159

Tarix : 2016-01-16 04:50:00


Asiya İnkişaf Bankı (AİB) Azərbaycan sahibkarlarının maliyyə ehtiyaclarını ödəyəcək. Hökumətlə əldə olunmuş razılığa əsasən, 2016-cı il və qarşıdakı illərdə əməkdaşlıq strategiyasına əsasən, yerli biznesin pula olan tələbatı AİB tərəfindən qarşılanacaq. Bankın icraçı direktoru Antoni Beyker bildirib ki, dünya böhranı bir çox ölkələrin Asiya Bankından kredit əldə etməsinə səbəb olub, amma Azərbaycan hökuməti ilə uzunmüddətli əməkdaşlıq nəzərə alınaraq, sahibkarların layihələrinin yarımçıq qalmaması üçün onlara dəstək göstəriləcək. Respublikamızla əməkdaşlığa başladığı dövrdən indiyə qədər layihələrə 1 milyard dollara yaxın investisiya yatıran bankın fəaliyyət fəlsəfəsinin məzmununu insan amili təşkil edir və insanların həyat şəraitinin yaxşılaşdırılması bilavasitə layihələrin icrası zamanı hiss olunur. Azərbaycanın bölgələrində yolların yenidən qurulması, enerji və su təsərrüfatının modernləşdirilməsi də məhz insanların sosial yaşayış imkanlarının yaxşılaşmasında ciddi rol oynayıb. Eyni zamanda bankın fəaliyyətində yoxsulluğun azaldılması strategiyasının ön planda olması bu missiyanın əyani təzahürü kimi özünü təsdiq edir. Əməkdaşlıq planına əsasən, Asiya Bankı Azərbaycanda iqtisadiyyatın neftdən asılılığını azaltmaq məqsədilə qeyri-neft sektorunun inkişafı ilə bağlı layihələri maliyyələşdirməyə üstünlük verəcək. Həmçinin özəl sektora dəstək, kiçik və orta sahibkarlığa maliyyə yardımı mexanizminin təkmilləşdirilməsi, bankların və kredit təşkilatlarının maliyyələşmədə aktiv iştirakının artırılması məqsədilə maliyyə resursları potensialının gücləndirilməsi və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur. Bank aqrobiznes sahəsində həyata keçirilən layihələrə dəstək vermək niyyətindədir və birgə əməkdaşlıq çərçivəsində yeni layihələrə imza atılacaq. ELBRUS