BEYNƏLXALQ STANDARTLARA TAM CAVAB VERƏN SƏNƏD


Baxıldı : 175

Tarix : 2016-09-16 04:37:00


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış \ Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında\ Referendum Aktı layihəsi bu gün cəmiyyətimizdə ən çox müzakirə edilən mühüm sənədlərdən biridir və bu, təbiidir, çünki cəmiyyət həyatının bütün sahələrində strateji xətti müəyyənləşdirən Konstitusiya hər birimizin həyatı ilə yanaşı, həm də ölkədə sabitliyin qorunmasına, demokratik hüquqların genişləndirilməsinə təminat verir. Bir hüquqşünas olaraq edilən təklifləri tamamilə müsbət dəyərləndirir və bəzi maddələrlə əlaqədar fikirlərimi oxucularla paylaşmaq istərdim. Referendum Aktı layihəsində Konstitusiyanın 24-cü maddəsi ilə əlaqədar göstərilir ki, həmin maddədə I və II hissələr müvafiq olaraq II və III hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda I hissə əlavə edilsin: I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir\ , III hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: Hüquqlardan sui-istifadəyə yol verilmir”.Hesab edirəm ki, bu əlavələr vacibdir. Azərbaycan Respublikası Vətəndaşlıq və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta qoşulmuşdur. Bu sənədin bir neçə hissəsində insan ləyaqəti ilə bağlı müddəalar öz əksini tapmışdır. Belə ki, Vətəndaşlıq və Siyasi Hüquqlar haqqında Paktın (bu pakt Mülki və Siyasi Hüquqlar haqqında Pakt kimi də adlandırılır) və həmçinin İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Paktın preambulalarında (hər ikisində mətn eynidir) insan ləyaqəti anlayışı xüsusi vurğulanır (Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan edilən prinsiplərə uyğun olaraq, bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqətləri və onların bərabər və alınmaz hüquqlarını qəbul etməyin azadlığın, ədalətin və ümumi sülhün təməli olduğunu nəzərə alaraq, bu hüquqların insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəldiyini etiraf edərək...). Bununla bərabər, Vətəndaşlıq və Siyasi Hüquqlar haqqında Paktın 7-ci maddəsində qeyd olunur ki, heç kim işgəncələrə və ya ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Bundan əlavə, Vətəndaşlıq və Siyasi Hüquqlar haqqında Paktın 10-cu maddəsində birbaşa vurğulanır ki, azadlıqdan məhrum edilən bütün şəxslər insani rəftar və insan şəxsiyyətinə xas olan ləyaqətlərə hörmət hüququna malikdir. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Paktın 13-cü maddəsində də xüsusi olaraq qeyd edilir ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyır. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Azərbaycan Respublikası 21 iyul 1992-ci ildə bu paktların hər ikisinə qoşulmuşdur. Hər iki pakt öz hüquqi qüvvəsinə görə beynəlxalq müqavilədir və bizim ölkə üçün müəyyən öhdəliklər yaradır. Bu paktlara müvafiq olaraq Azərbaycan Respublikası bu sənədlərdə əksini tapmış hüquq və əsas azadlıqların öz milli qanunvericiliyində əks olunmasına dair öhdəlik götürmüşdür. Bu baxımdan əlavə edilən birinci hissənin məzmunu Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərinə uyğundur və insan ləyaqətinin qorunması və ona hörmətlə yanaşılmasının hüquqi təminatı kimi çıxış edir. Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyasında hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olduğu, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunduğu təsbit edilmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Müvafiq normalar inzibati, mülki, cinayət qanunvericiliyində də öz əksini tapmışdır. Təklif edilən müddəanın insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi elan edilməsi ölkəmizdə insan hüquqlarının qorunması və onların təmin edilməsinə dair müstəqillik illərində aparılan dövlət siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.24-cü maddəyə əlavə edilmiş \ Hüquqlardan sui-istifadəyə yol verilmir\ sözləri isə hüquq və azadlıqların hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə etməsini özündə ehtiva edir. Başqa sözlə, demokratiya təkcə hüquq deyil, həm də vəzifədir və bu vəzifədən sui-istifadə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Heç kimin hüququ özgənin hüququnun reallaşmasına mane olmamalıdır.Azərbaycan Respublikası Konstitusiyasının ən mühüm maddələrindən biri olan 25-ci maddənin III hissəsinin birinci cümləsində milliyyətindən\ sözünün etnik mənsubiyyətindən\ sözləri, ikinci cümləsində milli\ sözünün etnik\ sözü ilə əvəz edilməsi təklif olunur.İlk baxışda belə dəyişmənin texniki xarakter daşıdığı güman edilə bilər. Lakin bu əvəzləmə beynəlxalq hüquqi aktlarda nəzərdə tutulan bir sıra normaların Azərbaycan Respublikası Konstitusiyasına transformasiyası kimi başa düşülməlidir. 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2-ci maddəsində qeyd olunur ki, Hər bir insan irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, silk mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır\ . Bu Bəyannamənin digər bir maddəsində (16-cı maddəsində) isə nəzərdə tutulur ki, Yetkinlik yaşına çatmış kişilər və qadınlar, irqi, milli və ya dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikah bağlamaq və ailə qurmaq hüququna malikdirlər\ .BMT Baş Məclisi tərəfindən 18 dekabr 1992-ci ildə qəbul olunmuş Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında\ Bəyannamədə də həm \ milli azlıq\ , həm də \ etnik azlıq\ terminlərindən istifadə olunur.Daha sonra qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdə və aktlarda \ etnik\ , \ etnik mənsubiyyət\ terminlərindən istifadə edilir. Məsələn, 1 fevral 1995-ci il tarixli Avropa Şurası tərəfindən qəbul olunmuş \ Milli azlıqların qorunması haqqında çərçivə konvensiyasının\ preambulasında artıq \ milli\ ifadəsindən yox, \ etnik\ ifadəsindən istifadə olunur (konvensiyanın 6-cı və 17-ci maddələri).Bu baxımdan etnik, etnik mənsubiyyət sözlərinin daha geniş anlayış olan millət, milli mənsubiyyət anlayışlarını əvəz etməsi çoxmillətli Azərbaycan xalqının azərbaycançılıq ideyası ətrafında birləşməsinin hüquqi əsası kimi çıxış edə bilər. Məsələ bundadır ki, hər bir millətin əsasında, kökündə bu və ya digər etnos və ya etnoslar qrupu dayanmaqdadır, amma heç də bütün etnoslar millət anlamında işlənmir və anlaşılmır. Millət anlayışı yalnız öz dövlət qurumuna malik xalqlar, etnos, əhali haqqında işlənirsə, etnos dedikdə dövlətlərin əksəriyyətinin əhalisi sırasından sayca daha az, ölkədə və onun hüdudlarından kənarda öz dövlət qurumuna malik olmayan ümumi mədəniyyətə malik əhali qrupları nəzərdə tutulur. Azərbaycan Respublikasının hüdudlarında onlarla azsaylı xalqların - etnosların nümayəndələri yaşayırlar və onlar Azərbaycanı öz tarixi vətənləri hesab edir, burada heç bir zaman ayrı-seçkilik təzahürlərinə məruz qalmırlar. Ölkənin titul əhalisi - öz adını dövlətə vermiş azərbaycanlılarla bərabər bu insanların hamısı vahid azərbaycançılıq ideyası ətrafında birləşir, vahid Azərbaycan xalqını yaradır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsinə görə, Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Göründüyü kimi, burada nəinki hər hansı bir əlamətə görə ayrı-seçkilik qoyulmur, hətta Konstitusiyanın \ Xalqın vahidliyi\ adlanan 5-ci maddəsinə görə, Azərbaycan xalqı vahiddir. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir. Edilən təklif həm də Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və paktlara da uyğundur və onların məzmunundan irəli gəlir.Rauf QARAYEV,Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurasının üzvü, hüquq üzrə fəlsəfə doktoru