“Beynəlxalq arenada səmərəli əməkdaşlıq edir, prinsipial məsələlərdə eyni mövqedən çıxış edirik”


Baxıldı : 61

Tarix : 2017-09-16 01:07:03


Sentyabrın 14-də Tbilisidə Gürcüstan Həmkarlar İttifaqları Birliyinin (HİB) XIII qurultayı keçirilib.

Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Gürcüstan HİB-in sədri İrakli Petriaşvili qurultayda hesabat məruzəsi ilə çıxış edib, rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən danışıb. O deyib ki, hesabat dövründə Gürcüstan HİB beynəlxalq təşkilatlar, dünyanın qabaqcıl və aparıcı dövlətlərinin, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edib. Bu əməkdaşlığın bizə bəzi məsələlərin həllində çox böyük köməyi olub.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Beynəlxalq Əmək Təşkilatının rəhbərliyinin, Avropa və MDB ölkələri HİK sədrlərinin iştirak etdikləri qurultayda Gürcüstan HİB sədrinin hesabatı dinlənilib.

Sonra çıxışlar olub, bir qrup şəxsə fərqlənmə hədiyyələri təqdim edilib.

Daha sonra qurultay panel iclasları ilə davam edib.

Qeyd edək ki, qurultayda təşkilati məsələyə də baxılıb.

Qurultayın gedişində AHİK sədri Səttar Möhbalıyev BHİK-in baş katibi Şaran Barrou və digər nümayəndələrlə ikitərəfli görüşlər keçirib. Görüşlərdə AHİK ilə beynəlxalq təşkilatlar, eləcə də dövlətlərin həmkarlar ittifaqları mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

Qurultayın işində AHİK sədrinin müavini Aqil Dadaşov da iştirak edib.

Qurultayda İrakli Petriaşvili yenidən Gürcüstan Həmkarlar İttifaqları Birliyinin sədri seçilib.

 

"Azərbaycan və Gürcüstan həmkarlar ittifaqları mərkəzləri arasında çox sıx və səmərəli əməkdaşlıq var. Hər iki təşkilat beynəlxalq arenada da səmərəli əməkdaşlıq edir, prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər".

Bu sözləri AZƏRTAC-a açıqlamasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

"Bu gün Azərbaycanın, Gürcüstanın və Türkiyənin birgə iştirakı ilə regionda Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu kimi çox mühüm layihələr həyata keçirilir. Eyni zamanda TAP və TANAP kimi layihələrimiz var. Bu layihələr bizim iqtisadi inkişafımızda, regionda və dünyada nüfuzumuzun artmasında, mövqelərimizin möhkəmlənməsində mühüm rol oynayır. Bütün bu layihələrin reallaşmasında türk və gürcü vətəndaşlarla yanaşı, azərbaycanlılar da iştirak edirlər. Məqsədimiz harada yaşamalarından asılı olmayaraq azərbaycanlıların əmək hüquqlarını qorumaqdır. Bəzi qurumlarda yerli həmkarlar ittifaqı təşkilatlarının yaradılması barədə təkliflər də almışıq. Bununla əlaqədar Gürcüstan HİB ilə məsləhətləşmələr aparırıq, müxtəlif razılaşmalarımız var", - deyə S.Möhbalıyev əlavə edib.

Gürcüstan ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə olduğu kimi, həmkarlar ittifaqları arasında da uğurla inkişaf edir. Biz əməkçilərin hüquqlarının qorunması, beynəlxalq əməkdaşlıq, iqtisadi münasibətlərin tənzimlənməsi və digər sahələrdə uğurlu əməkdaşlıq edirik. Əməkdaşlığımız digər ölkələrlə müqayisədə daha geniş və səmərəlidir və deyərdim ki, bəzi dövlətlər üçün nümunədir".

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan HİB sədri İrakli Petriaşvili söyləyib.

"Azərbaycan bizim, sadəcə, qonşumuz deyil, həm də yaxın dostumuz və qardaşımızdır. Bu və digər amillər bizə həmkarlar ittifaqları mərkəzləri arasında da əməkdaşlığı genişləndirməyə imkan verib", - deyə İ.Petriaşvili qeyd edib.

 

Bəyalı RZAYEV