“Beynəlxalq əmək normalarının ratifikasiyası və tətbiqi”


Baxıldı : 76

Tarix : 2019-06-24 06:34:42


May ayının 27-dən 31-dək İtaliyanın Turin şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Tədris Mərkəzində “Beynəlxalq əmək normalarının ratifikasiyası və tətbiqi” mövsunda təlim kursu keçirildi.

Kursda BƏT-in səlahiyyətli nümayəndələri tərəfindən  “Hərtərəfli sosial müdafiə, sosial ədalət və dayanıqlı inkişaf”, “Daha yaxşı gələcək üçün çalışmaq”, “Əmək sahəsində zorakılığa son qoyulması”, “Əməkhaqqı tendensiyasının analizi” mövzularında master-klaslar təşkil olundu.

BƏT-in Beynəlxalq əmək normaları üzrə mütəxəssisi Emmanuel San-Pyer Qilbo “Sosial müdafiənin  minimum həddi haqqında” 202 saylı Tövsiyəni ətraflı şərh etdi.  Onun sözlərinə görə, iqlim dəyişməsi, əhalinin yaşlanması, qeyri-stabil gəlirlərə dair kompleks sosial sistemin yaradılması vacibdir.

O, həmçinin Əməyin gələcək sferası məsələləri üzrə Qlobal Komissiyanın fəaliyyətindən danışdı. Dedi ki, 27 üzvdən ibarət olan Komissiyada müxtəlif məsələlər müzakirə olunur, ictimai müqavilələr hazırlanır.  

“Əmək sahəsində zorakılığa son qoyulması” mövzusunda çıxış edən BƏT-in mütəxəssisi Erik Karlson bildirdi ki, hələ də bir sıra ölkələrdə iş yerlərində zorakılığa tez-tez rast gəlinir.  

Tədbir qruplarda müzakirələrlə davam etdirildi. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Hüquq şöbəsinin əməkdaşı Şərqiyyə Mirzəyevanın və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı QSC İşçiləri “Limançı” HİK-in sədri Amid Əliyevin də iştirak etdikləri təlim kursu test suallarına cavablarla başa çatdı.  İştirakçılara sertifikatlar təqdim olundu.

ƏSLİ