Beynəlxalq hüquq bizə imkan verir ki, ərazimizi işğaldan azad edək


Baxıldı : 88

Tarix : 2020-10-10 12:12:12


Artıq on gündən çoxdur ki, Qarabağ ərazisində şiddətli döyüşlər gedir. Bu döyüşlərdə Şanlı Ordumuz misilsiz qəhrəmanlıq göstərir. Prezident İlham Əliyevin oktyabrın 4-də xalqa müraciətində dediyi kimi, biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik. Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Bundan başqa, dövlətimizin başçısı bir sıra xarici kütləvi informasiya vasitələrinə müsahibələrində Azərbaycan dövlətinin və xalqının prinsipial mövqeyini qətiyyətlə ifadə edib.
30 ilə yaxındır ki, heç bir nəticə verməyən danışıqlar prosesi gedir. Ermənistan müntəzəm olaraq müxtəlif təxribatlar vasitəsilə danışıqlar prosesini pozub. Sentyabrın 27-də yenidən təxribat törətməklə Azərbaycanın səbir kasasını doldurdu. Ordumuz əks-hücuma keçərək ilk həmlədən düşmənin müdafiə xəttini yardı, neçə-neçə yaşayış məntəqəsini işğaldan azad etdi. Qarabağda zəfər yürüşü get-gedə daha yüksək vüsət alır.
Cəbhədə gedən döyüşlər və bu haqq müharibəmizə beynəlxalq təşkilatların, dövlətlərin münasibəti barədə ekspertlərin fikrini öyrəndik.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov müxbirimizə bildirdi ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırığa əsasən, silahlı qüvvələrimiz uğurlu döyüş əməliyyatı aparır. Döyüş bölgəsindən məlumatlar, nəticələr cəmiyyətə mütəmadi olaraq çatdırılır. Azərbaycan Ordusunun uğurlu döyüşləri nəticəsində bir sıra torpaqlarımız işğaldan azad olunmaqdadır. Azad olunan yaşayış məntəqələri və strateji yüksəkliklər sırasında Talış və Suqovuşan kəndlərini xüsusi qeyd etmək istərdim. Ordumuz  düşmənin çox sayda hərbi texnikasını, silah-sursat ələ keçirib.  Komanda idarəetmə məntəqələri darmadağın edilib və tutulub.
Hərbçilərimizin şücaətinə inandığımıza və əmin olduğumuza görə hər gün, hər saat daha bir neçə yaşayış məntəqəsinin, yüksəkliyin geri alınması xəbərini səbirsizliklə gözləyirik.
Polkovnik qeyd edib ki, ölkə başçısının xüsusi diqqəti sayəsində ordumuz ən müasir silahlarla, texnika ilə təchiz olunub: “Azərbaycan Ordusunun bu qədər üstün olacağını düşmən heç təsəvvürünə belə gətirməzdi. Ordumuz həmişə düşmən tərəfindən törədilən təxribatların qarşısını alıb.  Onlara qarşı müəyyən cavab tədbirləri görüb. Ermənilər düşünmürdülər ki, silahlı qüvvələrimiz əks-hücuma keçəcək. Torpaqlarımızın azad edilməsinə, antiterror əməliyyatına başlayacaq. Bu onlar üçün gözlənilməz oldu. Digər tərəfdən, ermənilər öz havadarlarına arxayın idilər ki,  Azərbaycan Ordusunun irəliləməsini 2016-cı il aprel döyüşləri zamanı olduğu kimi saxlayacaqlar. Bu isə baş vermədi”. 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycanın öz ərazisini işğalçılardan azad etməsi heç bir dövləti narahat etməməlidir. Paşinyanın 4-5 dəfə zəng etməsinə, yalvarmasına baxmayaraq, Rusiya müharibəyə qarışmır. Müdaxilə etməyə heç əsası da yoxdur. Çünki döyüşlər Ermənistan ərazisinə keçməyib. Azərbaycan öz torpaqlarında müharibə aparır və Rusiya da bunu anlayır. Azərbaycana haqlı mübarizəsində dəstək verən ölkələrin sayı isə artır. Kimlərinsə Azərbaycanı ittiham etməyə heç bir haqqı və hüquqi əsası yoxdur. Hazırkı vəziyyətin yaranmasında əsas günahkar Ermənistan və bu məsələyə biganə yanaşan, daim təcavüzkarın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi dairələrdir. Ermənistana Kipr Respublikasının (yunan) və Fransanın prezidentləri açıq dəstək,  qərəzli açıqlamalar verirlər. Fransa prezidenti anlamalıdır ki, bu cür açıqlamaları ilə otuz ildir formalaşmaqda olan Fransa-Azərbaycan münasibətlərinə xələl gətirdi. Deyərdim ki, hətta çox böyük zərbələr vurdu. Digər Avropa ölkəsi olan Böyük Britaniya isə proseslərə qarışmadı, kənarda dayandı. Böyük Britaniyanın ölkəmizdə iqtisadi maraqları var. Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezident seçkilərinə az qalıb. Ona görə də burada hamının başı seçki prosesinə qarışıb. ABŞ-da böyük erməni lobbisi var. Onlar nəzarət etdikləri konqresmenlərə təzyiq göstərirlər ki, Azərbaycan əleyhinə qətnamə qəbul olunsun. Belə hal əvvəllər yaşanıb. Azərbaycan əleyhinə ədalətsiz 907-ci düzəliş qəbul olunub. Sonra ABŞ hökuməti gördü ki, bu onun milli və təhlükəsizlik maraqlarına cavab vermir, onu dondurdu. Dövlət Departamenti və Ağ Ev Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Düzdür, Konqresdə müəyyən qədər fikir ayrılığı var. Amma bu da Azərbaycana qarşı tam mənada yönələn deyil. Önəmli olan isə bizə kütləvi təzyiq yoxdur. Münbit beynəlxalq atmosfer var ki, öz işimizi davam etdirək. Təzyiq olanda isə bizim Türkiyə kimi strateji müttəfiqimiz var. Biz Türkiyənin dəstəyi ilə bütün təzyiqləri neytrallaşdırmağı bacarırıq. 
Beynəlxalq təşkilatlar Azərbaycanı atəşi dayandırmağa, sülhə, dialoqa çağırırlar. BMT-nin 4 qətnaməsini xatırlatmırlar, işğalçı qoşunların dərhal ərazimizdən çıxarılmasını tələb etmirlər. Təəssüf ki, belə bəyanatları hələ də dilə gətirmirlər. Amma beynəlxalq hüquq bizim tərəfimizdədir. Və bu bizə əsas verir ki, ərazimizi işğalçılardan təmizləyək.
Azər MUSTAFAYEV