Beynəlxalq hüquqi  müstəvidə etdikləri  cinayətə görə  cavab verəcəklər


Baxıldı : 116

Tarix : 2020-11-14 07:47:06


 

Torpaqlarımızın azadlığı uğrunda gedən haqlı müharibəmiz  Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Ordumuzun və xalqımızın birliyi, dəyanəti, iradəsi sayəsində Qələbə ilə başa çatdı. Azərbaycan xalqı indi sevinc, fərəh, qürur dolu günlər  yaşayır. Hamımıza bəlli idi ki, Ermənistan  30 ilə yaxın işğalçılıq siyasəti yürütməklə bərabər, Azərbaycanın təbii ehtiyatlarını, resurslarını da mənimsəyirdi. Rəsmi mənbələrə görə, işğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud idi. Ermənilərin əsas hədəfi isə, təbii ki, qızıl yataqları olmuşdu. Bu məqsədlə də Kəlbəcərin Ermənistanla sərhəd bölgələrində zəngin qızıl yataqlarını qanunsuz istismar ediblər və  bu proses ordumuzun 27 sentyabr 2020-ci il əks-hücum əməliyyatlarına qədər davam edib.
Əfsuslar olsun ki,  Azərbaycanın zəngin qızıl ehtiyatlarını qeyri-qanuni istismar edən düşmən hasil edilən ehtiyatları dünya bazarlarına Ermənistan istehsalı kimi çıxarırdı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal olunmuş ərazilərimizdə sənədləşdirilmiş, təsdiq olunmuş sənaye ehtiyatları ilə zəngin 3 qızıl yatağı var. Bunlar Zəngilan rayonundakı Vejneli, Ağdərə rayonunda Qızılbulaq və Kəlbəcər rayonundaki Zod yataqlarıdır.
Nazirliyin məlumatına görə, son illər Dağlıq Qarabağda və işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi məqsədilə 30-dan çox şirkət yaradılıb .
Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının (Drmbon) kəşfiyyat və istismarı məqsədilə 2002-ci il avqust ayında ermənilərin “Valeks qrup” (“VALLEX Group “)” şirkəti tərəfindən “Base Metals” adlı şirkət yaradılıb. Belə ki, bu illər ərzində işğal olunmuş Dağlıq Qarabağda ən uğurlu müəssisə, ən böyük istehsalçı və vergi ödəyicisi olan Drmbon dağ-mədən zavodudur.
İlkin mərhələdə ildə 150 min ton filiz emal edilməsi nəzərdə tutulsa da, 2009-2011-ci illərdə şirkət ildə 400 min ton filiz emal edib. Bu yatağın hasilatı ilə vəhşicəsinə davranış ona gətirib çıxarıb ki, qısa müddətdə (10 il ) filiz hasilatının həcmi ayda 30 min tondan 10,6 min tona qədər azalıb. Həmçinin Drmbonda kəşf olunmuş 3,2 milyon ton filizdən bu gün hasilat üçün cəmi 0,4 milyon ton qalır ki, o da yeraltı yatağın aşağı horizontlarında yerləşir. Üstəlik, yalnız filiz istehsalının həcmi deyil, hətta onun tərkibindəki mis 30 faiz, qızıl isə 2- 3 dəfə azalıb.
Hazırda isə Ağdərədə tutumu ildə 1,75 milyon tondan 3,5 milyon tona qədər filiz istehsal edən mədən emal zavodunun tikintisi aparılırdı. Bu isə öz növbəsində artıq 100 milyon dollar dəyərində 14-15 min ton səviyyəsində illik mis istehsalı deməkdir. Bu da Drmbon dağ-mədən zavodunda ən yüksək məhsul istehsal edilən illərdəkinə nisbətən 2-2,5 dəfə çoxdur. Ağdərə yatağının istismarina “DQR”də yüksək ümidlər bağlamışdı. Ermənistan Ağdərə yatağını sosial-iqtisadi inkişaf və xüsusilə məşğulluq problemini həll edən ən vacib amillərdən biri kimi nəzərdə tutmuşdu.
“Base Metals” şirkəti paralel olaraq kəşfiyyat işləri həyata keçirir və tanınmamış “DQR” ərazisində 20-dən artıq qızıl yatağı tədqiq etmişdir. Qeyd etmək lazımdır ki, dağ-mədən sənayesi Dağlıq Qarabağ iqtisadiyyatında sənaye istehsalının 30 faizini, dövlət büdcəsinin gəlirlərinin 11 faizdən çoxunu təmin edirdi. 
Bəli, gördüyümüz kimi, ermənilərin Azərbaycanın qızıl yataqlarından istifadəsi ilə bağlı iqtisadiyyatımıza vurduqları ziyanın məbləği milyardlarla ölçülür. Torpaqlarımız işğaldan azad edildi və  yaxın gələcəkdə bu təbii ehtiyatlardan istifadə artıq öz iqtisadiyyatımıza yeni töhfə vermiş olacaq. Həmçinin ermənilərin hasil etdikləri qızıl yataqlarından öz məqsədləri üçün istifadə edən xarici şirkətlər beynəlxalq hüquqi müstəvidə etdikləri cinayətə görə cavab verəcəklər. 
Bunun üçün Azərbaycan tərəfi zəruri prosedurları necə həyata keçirəcək?  Milyardlarla dollarlıq zərəri hüquqi yollarla  kompensasiya etdirmək üçün nə etməliyik?
 “Burada beynəlxalq mexanizmlər tətbiq oluna bilər. Ümumiyyətlə, dünya təcrübəsində işğalçı dövlət işğal etdiyi ərazilərdə insan resurslarına, maddi nemətlərə, təbiətə ziyan vurursa, həmin ərazilər işğaldan azad olunanda mütləq sülh müqaviləsində təzminat məsələsi də qoyulur”. 
Bunu Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin üzvü və Vətəndaşların Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov dedi.
Bildirdi ki, məsələn, II Dünya müharibəsində faşist Almaniyası da təzminat ödəməli oldu və bəzi sahələrdə hələ də bu təzminatı ödəyir. 
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi var, amma burada tərəflər əvvəldən razılaşa, şikayət vermək üçün məhkəmənin kammentasiyasını tanıya, sonra nəsə hüquqi nəticəsi ola bilər. Avropa Məhkəməsinə də müraciət olunacaq, bu öz yerində. Amma orada dünyanın kifayət qədər tanınmış böyük şirkətləri var ki, bu şirkətlərə qarşı indi iddia qaldırmalıyıq. Dövlətin icazəsi olmadan onun ərazisində mədən hasilatı ilə məşğul olmaqla külli miqdarda zərər veriblər. Dünyada onları oğru şirkət kimi ifşa etmək lazımdır. 
Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki,son vaxtlar Ermənistanın ixracatında qızıl və faydalı qazıntıların payı artmışdı. Təbii ki, bu da Ermənistanın işğal altındakı ərazimizdən oğurlayaraq satdığı ehtiyatlar idi. Ermənistan Kəlbəcərdəki qızıl ehtiyatlarını hasil edərək dünya bazarlarına çıxarıb. İlkin qiymətləndirmələrə görə, dəymiş ziyan milyardlarla dolları keçən rəqəmlərlə ifadə olunur. Amma Ermənistanın işğalı dövründə orada monitorinqlər aparmaq mümkünsüz idi. Yəni nə qədər qızıl hasil edib, nə qədər çıxarıb və s. Bütün bunlar yaxın vaxtlarda müəyyənləşəcək. Amma ehtiyatlardan kütləvi şəkildə, barbarcasına istifadə olunub.  Qızıl ehtiyatlarından sistemli şəkildə istifadə mütləqdir:
“Qızılın istismarının xüsusi texnologiyası var, hansı ki, həmin texnologiya və hasiletmə ilə bağlı prosedurlara əməl edilməlidir. Müşahidələr göstərir ki, erməni tərəfi buna əməl etməyib. Qızıl çıxarılıb, hasil edilərək satılıb. Bunun özü də terrordur, cinayətdir. Qızıl yataqlarının gələcək perspektivlərilə bağlı problemlər yaradır”.

Əsli ƏHMƏDOVA