Beynəlxalq standartlara cavab verən sahələrə dəstək artırılmalıdır


Baxıldı : 226

Tarix : 2017-04-21 23:41:01


Ölkədə ayrı-ayrı məhsullar üzrə iqtisadi artım təmin olunsa da, əksər hallarda məhsul istehsalçıları satışdan daxil olan vəsaitlə xərclərini ödəyə bilmir, təsərrüfat fəaliyyətini zərərlə və ya fəaliyyəti genişləndirmək üçün tələb olunandan daha az mənfəətlə başa vururlar. Nəticədə nəinki məhsul istehsalı həcmini artırmaqda, hətta sahibkarlıq fəaliyyətlərini genişləndirməkdə maraqlı olmurlar.

Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində ölkə başçısı sahibkarlığın inkişafı ilə bağlı bir sıra məqamlara toxunub: “Növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir. Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələcəkdə ödəniləcək kreditlər də ixracyönümlü müəssisələrin yaranmasına təkan verməlidir. Çünki ixracyönümlü məhsullar, eyni zamanda daxili bazarlarda da asanlıqla öz yerini tapacaq".

Sözügedən məsələ ilə bağlı Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirdi ki, son illərdə sahibkarlığın inkişafı üçün çox ciddi addımlar atılsa da, müəyyən maliyyə problemləri hələ də qalmaqdadır. Orta və kiçik sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi daxili və xarici bazarda rəqabətqabiliyyətliliyin təmin olunmasına zəmanət verəcək. Bunun üçün istehsal müəssisələri xaricə idxal olunacaq məhsullar istehsal edə bilərlər. Məsələn, artıq Azərbaycan bir sıra tikinti materiallarının istehsalı üzrə xarici bazarlara çıxa bilər.

Hələ ötən ildən ixracatçılar üçün müəyyən güzəştlər, təşviqedici qaydalar nəzərdə tutulub. Onlardan istifadə olunmalıdır. Məhsul xarici bazarlara çıxarılmaqla yanaşı, daxili tələbatı da ödəməlidir. 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyev isə dedi ki, sahibkarlara güzəştli kreditlərin verilməsindən əlavə, onlara alternativ variantlarla dəstək olunması vacibdir: “Qeyd etmək istəyirəm ki, sahibkarlıq subyektlərinin problemləri araşdırılmalıdır. Hansı sahibkarlıq subyektləri həqiqətən də innovativ ideyalar əsasında, sözün əsl mənasında, müasir beynəlxalq standartlara cavab verəcəksə, o sahəyə dəstək artırılmalıdır. Məsələn, şəriklik prinsipləri, dövlət tərəfindən zəmanətli kreditlərin verilməsi, maliyyə bazarlarında alətlərin, növlərin saylarının artırılması vacibdir. Bunlara həmçinin  kadr potensialı, xammal, avadanlıq və digər məsələlər də daxildir. Ancaq bunların içində başlıca yerdə kapital durur. İndiki şəraitdə sahibkarların sərfəli şərtlərlə verilən kreditlərə çox ehtiyacı var. Ona görə ki, bankların verdiyi kreditlərin faiz dərəcələri yük-səkdir. Digər tərəfdən, bankların çoxu iqtisadiyyatın bir sıra sahələri üzrə kredit ayırmaqda maraqlı olmur. Məsələn, kənd təsərrüfatı sahəsinə kredit verməkdə elə də maraqlı olmurlar. Bu da fermerlərin işini çətinləşdirir. Belə olan halda,  vəsaitlərin genişlənməsi, maliyyə bazarına çıxış imkanlarının artırılması zərurəti ortaya çıxır. Sahibkarların ucuz maliyyə resursları əldə etməsi iqtisadiyyata sərmayə qoyuluşu baxımından mühüm əhəmiyyət kəsb edir".

R.Atakişiyev onu da qeyd etdi ki, xarici bazarlara çay, bal, ət məhsulları geniş şəkildə idxal oluna bilər. Ona görə də bu sahələr daha dərindən öyrənilməlidir. Dövlət tərəfindən verilən vəsaitlərin içərisində  say etibarilə kiçik sahibkarlıq subyektləri üstünlük  təşkil etsə də, maliyyə  etibarilə bu, aşağıdır. Kiçik və orta sahibkarlığın təşkil olunması həm məhsul çeşidlərinin artımı, həm də ki, daxili bazarın yerli məhsullarla təminatı baxımından böyük əhəmiyyət kəsb edir. Bu, innovativ ideyaların meydana çıxmasına, səhmdar cəmiyyətlərin sayının artmasına səbəb olacaq.

Əsli ƏHMƏDOVA