Beynəlxalq tədbirdə Azərbaycan nümunəsi ÜHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir


Baxıldı : 71

Tarix : 2019-11-25 05:46:46


Noyabrın 19-da Moskvada Əmək Sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. Konfederasiyanın prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovun sədrliyi ilə baş tutan tədbirdə üzv təşkilatların ödədikləri üzvlük haqlarının məbləği, vaxtı və qaydası, ÜHİK-in gəlir və xərclərinin smetası haqqında məsələlərə baxıldı. Konfederasiyanın Baş katibinin müavini Natalya Podşibyakina “Regionun müstəqil dövlətlərinin həmkarlar ittifaqlarının müəssisələrin, təşkilatların müflisləşməsi zamanı işçilərin əməkhaqlarının qorunması işində tutduğu mövqe” mövzusunda çıxış etdi. Dedi ki, bir çox hallarda müəssisələr müflisləşəndə əməkhaqları ya tam, ya da qismən ödənilmir. Bundan əlavə, iflas ancaq müəssisə ləğv olunduqda tətbiq edilir.

 

Müəssisələrdə mövcud olan ehtiyat fondları da belə vaxtlarda, necə deyərlər, işə yaramır. Belə qeyri-müəyyən və riskli şəraitdə əhalinin məşğulluğunu təmin etmək üçün müəssisələrin tam ləğvi yox, yenidən qurulması əhəmiyyətlidir. Digər çıxış yolu milli səviyyədə zəmanət almış əməkhaqqı fondlarının yaradılmasıdır.

İcraiyyə Komitəsi tövsiyə etdi ki, üzv təşkilatlar Beynəlxalq Əmək Təşkilatının “Müəssisələrin müflisləşdiyi hallarda işçilərin tələblərinin qorunması haqqında” (1992-ci il, №173) Konvensiyasının ratifikasiyasına nail olsunlar.

“Minimum yaşayış səviyyəsindən aşağı olmayan minimum əməkhaqqı” həmrəylik kampaniyasının gedişi barədə məlumatı da tədbir iştirakçılarına N.Podşibyakina çatdırdı. Bu mövzu ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev geniş məruzə etdi.

Dedi ki, Azərbaycan son illər istər siyasi, istər iqtisadi, istərsə də sosial cəhətdən daha da möhkəmlənmişdir. Dövlət rəhbərinin ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilmiş sosial siyasətinin səmərəliliyi xeyli yüksəlmişdir. Respublikamızda aparılan ciddi iqtisadi islahatlar, şəffaflığın təminatına dair görülən işlər gəlirlərin əhəmiyyətli dərəcədə artmasına, ölkənin iqtisadi göstəricilərinin və maliyyə imkanlarının yüksəlməsinə geniş imkanlar açdı. Neft gəlirlərinin düzgün bölgüsü iqtisadiyyatın qeyri-neft  sektorunun inkişafına, neftdən asılı olmayan yeni inkişaf dövrünə sürətlə keçidə şərait yaratdı. Son 8 ayda respublika Prezidenti tərəfindən  vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə,  xüsusilə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə əlil olmuş  şəxslər, şəhid ailələri, məcburi qaçqın və köçkünlər və yaşlı insanlar üçün nəzərdə tutulmuş pensiya və müavinətlərin ciddi şəkildə artırılmasına xidmət edən fərman və sərəncamlar imzalanmışdır.

İşçilərin rifah halının və sosial müdafiəsinin yüksəldilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi ümumi göstəricilərin artımında öz əksini tapmışdır. 2018-ci ildə əhalinin gəlirləri 9,2 faiz artmışdır.

Səttar müəllim tədbir iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin ilin əvvəllərində təqdim etdiyi iki böyük sosial islahatlar paketi barədə də məlumat verdi. Dedi ki, Prezidentin sərəncamı ilə 2019-cu il martın 1-dən minimum əməkhaqqı 40 faiz qaldırılaraq 180 manat olan (106 dollar) yaşayış minimumu səviyyəsinə çatdırılmışdır. Bu məqsədlər üçün ölkə büdcəsinin xərcləri 300 milyon manatdan çox olmuşdur ki, bu da 600 min insanı əhatə etmiş və ölkədə orta aylıq əməkhaqqının artmasına gətirib çıxarmışdır. İkinci paket isə sentyabrın 1-dən minimum əməkhaqqının 250 manatadək (147 dollar) artırılmasını nəzərdə tuturdu. Bu da yaşayış minimumundan 38,9 faiz artıqdır.

Bu il pensiyaların minimum aylıq məbləği 70 faizdən çox artaraq 200 manat (118 dollar) olmuş, müavinətlər 2 dəfə, orta aylıq əməkhaqqı 35 faiz artmışdır. Nəticədə respublika üzrə orta aylıq əməkhaqqı 723 manat (425 ABŞ dolları) olmuşdur. Gizli iqtisadiyyatla aparılan ciddi mübarizə 100 mindən çox iş yerinin aşkar olunmasına şərait yaratdı. Əlbəttə, əməkhaqqının 35 faiz artması və orta aylıq əməkhaqqının 723 manata çatdırılması ölkə rəhbərliyinin sosial siyasətinin bariz nümunəsidir.

Qeyd etməliyəm ki, bütövlükdə bu islahatlar 4 milyon 200 min adamı əhatə edir. Eləcə də nəzərinizə çatdırım ki, minimum əməkhaqqı yaşayış minimumundan çoxdur. Ölkə üzrə minimum əməkhaqqının, demək olar ki, 2 dəfə artmasına həmkarlar ittifaqlarının uzunmüddətli, məqsədyönlü  işi də öz təsirini göstərdi. Məlumdur ki, bəzi dövlət proqramlarına minimum əməkhaqqının artırılmasına dair öhdəliklərin daxil edilməsi bizim təkidli işimizin nəticəsidir.

Həmkarlar ittifaqları ölkə rəhbəri tərəfindən qəbul edilən qərarları BƏT-in 131-ci Konvensiyasında və Avropa Sosial Xartiyasında müəyyən edlilmiş minimum əməkhaqqı üzrə dövlətin öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir. Belə ki, bu qərarlar qəbul edilənədək ölkə üzrə minimum əməkhaqqı orta aylıq əməkhaqqının 30 faizini təşkil edirdisə, hazırda bu rəqəm 43 faizə çatdırılmışdır.

Azərbaycan  son artımdan sonra alıcılıq qabiliyyəti paritetinə görə minimum əməkhaqqı üzrə MDB ölkələri məkanında və Cənubi Qafqazda birinci yerdədir.

Eləcə də qeyd etməliyəm ki, fiziki şəxslərin problemli kreditləri ilə bağlı tədbirlər haqqında fevral  ayında imzalanmış sərəncam ölkə vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə kömək oldu. Dünya səviyyəsində neftin qiymətinin 3-4 dəfə aşağı  düşməsi nəticəsində dövlət maddi itkilər verən şəxslərin problemli kreditlər məsələsinin həll edilməsinə dəstək göstərərək, xarici valyuta ilə kredit alan fiziki şəxslərin maliyyə itkilərini ödəmək məqsədilə  onların kreditlərinin dövlət tərəfindən ödənilməsi haqqında qərar qəbul etmiş, kreditini ödəyənlərə isə 5 min dollara kimi (manat ekvivalentində) kompensasiya vermişdir.

İşçilərin sosial-iqtisadi maraqlarının müdafiəsinə, yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, eləcə də ədalətin bərpa edilməsinə dair əsas tələblərlə yanaşı, ölkə rəhbərinin prinsipial fərmanları ilə vətəndaşların əmanətləri üzrə problemlər də aradan qaldırılmışdır. Bu il oktyabrın 15-dən ölkə rəhbərliyinin qərarı ilə əhalinin müflisləşmiş banklarda 10 min ABŞ dollarınadək sığorta olunmamış əmanətləri Əmanətlərin Sığorta Fondu tərəfindən qaytarılacaqdır. Bu prosedur 50 mindən çox adamı əhatə edəcəkdir.

Bundan əlavə, respublika rəhbərliyinin digər qərarları ilə 2015-ci ildə  baş verən iki devalvasiyadan zərərçəkmiş banklardan valyuta ilə kredit götürənlərin əmanətlərinin alınmasına yardım edilmişdir. Nəticədə 850-900 min kreditora dəyən zərər dövlət tərəfindən (milyard manata yaxın) ödənmişdir.

Məlumat üçün bildirim ki, Ümumdünya Bankının, digər nüfuzlu dünya strukturları və hökumətlərinin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatı bu ili 3 faiz artımla başa vuracaq.

Azərbaycan həmkarlar ittifaqları sosial siyasətin həyata keçirilməsi və stabil demokratik cəmiyyətin qurulması üçün əsas əhəmiyyət kəsb edən sosial dialoqun təşəbbüskarıdır. Ümumi əhvali-ruhiyyəni öyrənərək ümumiləşdirən həmkarlar ittifaqları dövlət tərəfindən aparılan sosial, iqtisadi siyasətə cəmiyyətin reaksiyasını aşkara çıxarır və onun vaxtında təshih edilməsinə yardım edir.

Həmkarlar ittifaqlarının fəal iştirakı ilə əhalinin məşğulluğuna dair milli qanunvericiliyin bəzi əsasnamələri yenilənmiş, Əmək və İnzibati Xətalar məcəllələrinə, eləcə də digər qanunvericilik aktlarına düzəlişlər edilmiş, “Məşğulluq haqqında” yenilənmiş qanun qəbul edilmişdir.

Respublikanın həmkarlar ittifaqlarının Milli Məclisin ratifikasiya etdiyi BƏT-in 131 saylı Konvensiyasının icrasında təkidli işi hökumət tərəfindən dəstəklənmiş, Sosial və İqtisadi  Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclasında müzakirə olunmuş, ölkə qanunvericiliyinə daxil edilməsi üçün nəzərdə tutulan zəruri dəyişikliklərə dair təkliflər Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmişdir.

Qeyd etmək istərdim ki, Azərbaycan həmkarlar ittifaqlarının öz məqsədlərinə çatmaq üçün ən prioritet istiqamətlərindən biri layiqli əməkhaqqı uğrunda mübarizədir. Məqsədyönlü dövlət siyasəti və sosial tərəfdaşların qarşılıqlı əməkdaşlığı nəticəsində bu sahədə əhəmiyyətli nəticələr əldə edilmişdir.

Biz, həmkarlar ittifaqı olaraq, ölkənin dayanıqlı inkşafını “2030-cu ilədək  Dayanıqlı İnkişafın Məqsədləri” Dövlət Proqramının həyata keçirilməsində görürük. Bu proqramda işçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, işsizliklə mübarizə, gender bərabərliyinin həllinə yönəlmiş məsələlər əksini tapmışdır.

S.Möhbalıyev çıxışının sonunda dedi, Azərbaycan həmkarlar ittifaqları ölkənin  sosial-iqtisadi siyasətini gələcəkdə də dəstəkləyəcək və sosial-iqtisadi hüquqların müdafiəsi, əməyin minimal  haqqının ödənilməsi, real əməkhaqqının əhəmiyyətli dərəcədə yüksəldilməsi, milli qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması, əməkhaqqının vaxtında ödənilməsi, idarə və təşkilatlar daxilində, eləcə də bütövlükdə sahələr üzrə gender əlamətlərinə görə əməkhaqqında differensasiyanın aradan qaldırılması üzrə işi davam etdirmək niyyətindədir.

İclasda Federasiyanın Baş katibinin müavini Valeriy Yurevin “Region ölkələrində işçilərin əmək şəraitinin, əməyinin mühafizəsinin vəziyyəti və onların yaxşılaşdırılması tədbirləri haqqında” məruzəsi də dinlənildi.

Sonda region ölkələrində keçirilən “”Ümumdünya Layiqli Əmək uğrunda Fəaliyyət Günü” aksiyasında üzv təşkilatların iştirakı haqqında” qərar qəbul olundu.