Beynəlxalq Təşkilatın İcraiyyə Komitəsinin tərkibinə seçildi


Baxıldı : 94

Tarix : 2019-07-01 06:28:09


İyunun 4-də İrlandiyanın Dublin şəhərində “Royal Dublin Society” konsert salonunda Avropa İctimai Xidmətlər Federasiyasının (EPSU) X qurultayının açılış mərasimi olmuşdur. Dörd gün davam edən qurultaya dünyanın müxtəlif ölkələrindən 550 nəfərdən çox nümayəndə və qonaq qatılmışdı.

Tədbirdə ədalətli gələcəyin qurulması mövzusunda hazırlanmış proqram müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdi.

Özəlləşməyə qarşı mübarizə, həmrəyliyin möhkəmləndirilməsi və həmkarlar ittifaqlarının təsir gücünün artırılması üçün daha sıx əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuşdur.

Qurultayı açıq elan edən İrlandiya Respublikasının Prezidenti Maykl D.Hiqqins həmkarlar ittifaqlarını iqlim dəyişikliyinin, gender bərabərliyi problemlərinin həllində və iqtisadiyyatın daha ədalətli formalaşmasında təşəbbüsü öz üzərlərinə götürərək liderlik etməyə çağırmışdır.

Dublin şəhərinin meri Nayıl Rinq, İrlandiyanın “Forsa” Həmkarlar İttifaqlarının sədri Kevin Kallinan, Beynəlxalq İctimai Xidmətlər Həmkarlar İttifaqları Birliyinin  prezidenti Roza Pavianellinin də çıxış edərək gündəliyə çıxarılmış məsələlərə münasibət bildirmişlər.

Sonra təşkilati məsələyə baxılmışdır. Yan Villem Qudrian yenidən EPSU-nun Baş katibi, Norveçin “Fagforbundet” Həmkarlar İttifaqı Birliyinin Prezidenti Mette Nord isə EPSU-nun Prezidenti seçilmişlər.

Yekunda növbəti 5 il üçün EPSU-ya daxil olan komitələrin tərkibi formalaşmış və Azərbaycandan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova EPSU-nun İcraiyyə Komitəsinin tərkibinə seçilmişdir.

Qurultayda Azərbaycan Respublikasından  Səhiyyə, Dövlət, Sahibkarlıq, Kommunal, Su, Metro işçiləri həmkarlar ittifaqlarıın numayəndələri də iştirak etmişlər.