Beynəlxalq turnirdən mühüm nəticə


Baxıldı : 106

Tarix : 2017-04-21 23:24:36


Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçirilib.

Turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparıblar.

Bu yarışda "Zenit" İdman Cəmiyyətinin güləşçiləri uğurla çıxış ediblər. Onların qazandıqları medalların sayı daha çox olub.

Yunan-Roma güləşi üzrə gənclər arasında baş tutan yarışın nəticəsinə görə, cəmiyyətin iki yetirməsi, Rəşad Abdulov (50 kq.) və Namaz Rüstəmov (66 kq.) fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Elşad Məmmədov (55 kq.) və Nofəl Babayev (66 kq.) isə üçüncü olublar.

Qeyd edək ki, komanda hesabında Azərbaycan birinci, Qazaxıstan ikinci, Gürcüstan yığması isə üçüncü yeri tutub.

Sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən qarşılaşmada 114 pəhləvan yarışıb.

"Zenit" İC-nin yetirmələri İzzət Cəfərov (42 kq.), Rəcəb Nuriyev (63 kq.), Nəsib İsayev ( 69 kq.) bürünc medal qazanıblar.

Turnirin sonuncu günündə gənclər arasında sərbəst güləş üzrə yarışlarda 87 pəhləvan ən güclüləri müəyyən etməyə çalışıb. Qızıl medalları yığmamıza qazandıran idmançılardan biri də cəmiyyətin yetirməsi Əfqan Xaşalov (55 kq.) olub. Digər idmançımız Sübhan Muradov (60 kq.) isə üçüncü yeri tutub.

Xatırladaq ki, bu yarışın nəticəsinə görə komanda hesabında Azərbaycan birinci, Gürcüstan ikinci, Özbəkistan komandası isə üçüncü yeri tutub.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub. 

***

“Pəhləvan" Respublika İdman Klubunun iki yetirməsi Bakı şəhərində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnirdə qızıl və bürünc medal qazanıb.

İdman Klubunun üzvü Cavid Feyziyev ( 120 kq.) gənclər arasında yunan-Roma güləşi üzrə yarışlarda bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. İdmançını turnirə respublikanın əməkdar məşqçisi Akif Əliyev hazırlayıb.

Gənclər arasında sərbəst güləş növündə mübarizəyə qoşulan klubun digər yetirməsi Cavid Sadıqov ( 84 kq.) isə bürünc medala sahib olub. Cavid yarışa hazırlığı məşqçi-müəllim Mehman Nəcəfovun rəhbərliyi altında keçib.

Azər Mustafayev