Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub


Baxıldı : 137

Tarix : 2019-07-08 07:11:44


İyunun 29-da Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı,  Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin  dəstəyi ilə keçirilən “Gənc xilasedici” VII Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinə yekun vurulub.

Heydər Əliyev Konqres Mərkəzində təşkil olunmuş mükafatlandırma mərasimində Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş olunub. Sonra bədii hissə ilə davam edən tədbirdə qaliblərə kubok, diplom, Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri isə Gürcüstan komandaları tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbin komandası, ikinci yerə Şamaxı, üçüncü yerə isə Ucar rayonunun komandaları layiq görülüb. Həmçinin Bakı şəhəri 2 nömrəli sağlamlıq imkanları məhdud uşaqlar internat məktəbinin komandası da təltif olunub.