Bəzən bir anın sevinci bir günə bəs edir


Baxıldı : 29

Tarix : 2018-07-28 04:52:04


“İttifaq üzvlərimizin çalışdıqları sahə yetərincə risklidir. Burada təhlükəsizliyin əsas təminatçılarından biri, bəlkə də birincisi yüksək peşəkarlıqdır”. Sumqayıt Şəhər “Lift-Servis” Birliyi Həmkarlar İttifaqı Komitəsinin sədri Ramiz Mustafayev mənimlə söhbətə bu sözlərlə başladı. Dedi ki, bu tələbi nəzərə alaraq biz müəssisənin rəhbərliyi ilə birlikdə işçilərin peşəkarlığına xüsusi diqqət yetiririk. Bundan əlavə, işə qəbul olunan işçinin ilkin təlimatlandırılmasını, işçilərin qrafika uyğun təlimatlandırılmasını nəzarətdə saxlayırıq.

Ramiz müəllim bildirdi ki, Birliyin kollektivi təxminən 600 hündürmərtəbəli binanın liftlərinə xidmət göstərir. Özü də operativ və keyfiyyətlə.

Sədrin dediyinə görə, şükürlər olsun, son illərdə heç bir işçi istehsalat xəsarəti almayıb. Birliyimiz bir neçə il əvvəl hətta Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsinin qalibləri sırasında olub. Bizə AHİK-in Diplomu təqdim olunub, qiymətli hədiyyələr verilib.

R.Mustafayev onu da dedi ki, əlbəttə, ittifaq üzvlərinin əmək, sosial hüquqlarını müdafiə etmək həmkarlar ittifaqının başlıca vəzifəsidir. Amma bu sahədə çalışdığım 45 il müddətində gəldiyim qənaət budur ki, hər bir insan ətrafındakıların mənəvi dəstəyinə daha çox ehtiyac duyur. Odur ki, bütün ittifaq üzvlərinin doğum günlərinin siyahısını tutmuşuq. Komitəmizdə şəkilləri də var. Ad günü olan işçi səhər işə gələndə divarda asılmış lövhədə öz şəklini və ünvanına yazılmış təbrik sözlərini görür. Bilirsiniz, bu onun üçün nə deməkdir?! Həmin an aldığı xoş təəssürat, mənəvi zövq ona bütün gün bəs edir.

Komitə müdiriyyətlə sıx əməkdaşlıq qura bilib. Həm də ədalətli mövqeyinə görə müdiriyyətin inamını qazanıb. Rəhbərlik son iki il ərzində intizam qaydalarını pozduğuna görə 5 nəfər ittifaq üzvünün işdən çıxarılmasına razılıq verməsi barədə HİK-ə yazılı müraciət etmişdi. Komitədə, işəgötürənin də nümayəndəsinin iştirakı ilə, araşdırma aparıldı. Həmin işçilər dinlənildi. İşçilərin peşəkarlığı, təcrübəsi və səmimi etirafı nəzərə alınaraq onların əmək fəaliyyətini davam etdirməsi barədə yekun qərar verildi. Komitənin xahişi ilə müdiriyyət təşəbbüsünü geri götürdü. O işçilər HİK-in etimadını doğrultdular.

Ramiz müəllim deyir ki, üzvü olduğumuz Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə sıx əlaqədə işləyirik. Vaxtaşırı Respublika Komitəsinin məsul işçiləri təşkilatımıza gəlir, bizə metodiki, təşkilati köməklik göstərirlər. Komitəmizə AHİK-in, Respublika Komitəsinin qərar və tövsiyələrini göndərirlər. İmkanımızdan xaric problemlərlə rastlaşdıqda Respublika Komitəsi səviyyəsində həllinə nail oluruq.