Bəzi dərsliklərin yenidən işlənməsi vacibdir


Baxıldı : 116

Tarix : 2017-03-31 22:57:17


Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Şöbəsinin müdiri Aydın Əhmədov ibtidai siniflərin "Azərbaycan dili" dərsliklərinə məzmun baxımından səlis olmayan şeirlərin, "Musiqi" və "Təsviri incəsənət" dərsliklərinə isə ağır terminlərin daxil edilməsinə münasibət bildirərkən dedi ki, ibtidai sinif dərsliklərindən şagirdlər üçün əhəmiyyətinə görə ikinci dərəcəli hesab olunan, eləcə də onlar üçün ağır sayılan terminlər çıxarılacaq.

O bildirib ki, məzmun baxımından səlis olmayan şeirlərin dərsliklərə daxil edilməsi halları var: "Şəkildə də, poetik və ya nəsr mətndə də belə hal ola bilər. Ümumiyyətlə, dünyada ideal dərslik yoxdur. Dərslik yazmaq və hamının tələbini ödəmək, hamını razı salmaq çox çətindir".

Dərsliklərə bəzi lazımsız terminlərin daxil edilməsi fikri ilə də razılaşan A.Əhmədov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən hazırlanan "Ümumtəhsil pilləsinin yeni dövlət standartları" layihəsində belə hallar tədricən aradan qaldırılır: "Yeni standartlarda biz onları çıxarmışıq. Çalışmışıq ki, standartları yüngülləşdirək. Proqramlar da yazılanda onlar hamısı nəzərə alınacaq. Ancaq belə başa düşmək lazım deyil ki, "Musiqi" dərsi mahnı oxumaq, "Təsviri incəsənət" dərsi şəkil çəkmək dərsidir. Xeyr, belə deyil. Bu fənlərin məqsədi tamam başqadır. "Musiqi" və "Təsviri incəsənət" fənlərinin məqsədi şagirdlərin estetik tərbiyəsini formalaşdırmaq, eyni zamanda şagirdlərin Azərbaycan mədəniyyəti, incəsənəti, bu sahənin tanınmış şəxsiyyətləri haqqında məlumat dairəsini genişləndirməkdir".

Təhsil üzrə ekspert Əjdər Ağayevin də bu sahədə fikirlərini öyrəndik. O, bəzi dərsliklərin yenidən işlənərək çap olunmasının vacib olduğunu dedi: “Sadalanan dərsliklərin arasında ən qüsurlusu, yenidən çap olunması vacib olanlardan biri də riyaziyyat dərslikləridir: Məsələn, 2-ci sinfin "Riyaziyyat" dərsliyi qüsurludur. Bu dərsliyə elə mövzular, misal və məsələlər salınıb ki, o yaşda uşaq həmin tapşırıqları nə fiziki, nə zehni  baxımdan cavablandıra bilər. Çünki dərsliyi yazan şəxs ömründə bircə dəfə ibtidai sinif şagirdinə dərs keçməyib. O yaşda uşağın psixi durumundan, təsəvvüründən xəbərsizdir".

Ekspert onu da qeyd etdi ki, əslində dərsliklər müsabiqə yolu ilə yazılmalıdır. Müsabiqədə birinci yer tutan tərəfindən hazırlanan dərslik əsas götürülməlidir.

Aliyə SƏMƏDOVA