Bilik günü qeyd olundu


Baxıldı : 64

Tarix : 2017-09-16 00:56:23


Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 15 Sentyabr Bilik Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbiri Mərkəzin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Həsən Bayramov açaraq yeni tədris ili münasibətilə bütün müdavimləri və mühəndis-pedaqoji kollektivi təbrik etdi. Ölkədə peşə ixtisas təhsilinin inkişafına son illərdə dövlətin göstərdiyi qayğıdan bəhs edərək Dəmir Yolu və Metropoliten üzrə kadr hazırlığına xüsusi önəm verildiyini söylədi.

Dedi ki, bu il Peşə Təhsili Mərkəzinə 16 ən yeni ixtisas üzrə "Asan xidmət" vasitəsilə 500-dən çox şagird qəbul edilib. Onlar "Bakı Metropoliteni" QSC və "Azərbaycan Dəmir Yolları" QSC-nin depolarında ixtisas təcrübəsi keçəcəklər. Hər iki müəssisənin təcrübəli mütəxəssisləri müdavimlərin peşə hazırlığı ilə məşğul olacaqlar.

Sonra tədbirdə Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, professor Miri Həsənov, müdavimlərdən Elçin Əliyev, Əməkdar müəllim Esmira Rəhimova çıxış etdilər. Azərbaycanda peşə təhsilinə böyük ehtiyac olduğunu bildirdilər. Gənc müəllimə Gülnarə Yolçuyeva çıxış edərək Mərkəzdə tədrisin müasir tələblər səviyyəsində aparıldığını xüsusi vurğuladı. Dedi ki, mən bu tədris ocağını bitirmişəm. Azərbaycan Texniki Universitetində ali təhsil almışam. Ən böyük arzularımdan biri bu mərkəzdə keçmiş müəllimlərimlə birlikdə dərs demək idi. Bu ildən bu arzuma da qovuşdum.

Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi də çıxış edərək təmsilçisi olduğu qurumun rəhbərliyinin ürək sözlərini tədbir iştirakçılarına çatdırdı.

Sonra Mərkəzin direktoru müdavimləri ilk dərsə - Cocuq Mərcanlıya Böyük Qayıdışa həsr olunmuş bilik dərslərinə dəvət etdi.

Aybəniz MƏMMƏDOVA,

Mərkəzin direktor müavini