Bilik və bacarıqlarının yoxlanılması təkmilləşdirilir


Baxıldı : 32

Tarix : 2018-06-13 23:13:10


Bir sıra dünya ölkələrində olduğu kimi, Azərbaycanda da müəllimlərin bilik və bacarıqlarının yoxlanılması, əməkhaqlarında diferensiallaşdırma sisteminin tətbiqi  və sair bu kimi məsələlərin həlli üçün yoxlamalar dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir. Bununla bağlı bu günlərdə ölkənin dövlət ümumtəhsil müəssisələrində  attestasiya ləğv olunub. Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilib. Yeni bəndə əsasən, “Azərbaycan Respublikasında dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar. Attestasiyanın yerinə isə sertifikasiya tətbiq ediləcək.

Attestasiyanın ləğvi təhsil sisteminə təsir göstərəcəkmi? Sertifikasiyanın hansı müsbət və mənfi tərəfləri var?

Suallarımızı cavablandıran təhsil eksperti Kamran Əsədov orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyasının birinci və axırıncı dəfə  1994-cü ildə tətbiq edildiyini qeyd etdi: “Halbuki Əmək Məcəlləsində qeyd olunur ki, bu sahədə çalışan işçilərin maksimum 5 ildən bir bilik və bacarıqlarının yoxlanılması labüddür. Bunun üçün zaman-zaman müvafiq addımlar atılsa da, müəllimlərin sənədlərindəki problemlər yoxlamaların keçirilməsinə ciddi şəkildə maneə oldu.

Yalnız 2014-cü ildə müəllimlərin diaqnostik imtahanları keçirilməyə başlandı. 2017-ci ilə qədər davam edən prosesdə 142 mindən çox müəllim iştirak etdi ki, onların 45 faizə  qədərinin nəticəsi qənaətbəxş deyildi. Diaqnostik imtahanda saxta diplomlu müəllimlər iştirak edə bilməsə də, onların hələ də müəllim kimi fəaliyyət göstərənləri var. Ona görə də yeni bir yoxlama mexanizminə keçmək lazım idi. Sertifikasiyada isə bu olmayacaq. Çünki müəllimin sertifikat alması üçün ilk növbədə onun  diplomu, bilik və bacarığı standartlara cavab verməlidi. 

Sertifikasiyanın  attestasiyadan üstünlüyü ondadır ki, attestasiyadan keçən müəllimin əməkhaqqında heç bir fərq olmurdu, müəllimlərə əməkhaqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilirdi. Sertifikasiyadan keçən müəllimə artıq təkcə təhsilinə və stajına görə deyil, göstərdiyi qabiliyyətə uyğun olaraq əməkhaqqı veriləcək. Diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər də sertifikasiyada iştirak edə biləcəklər”.

K.Əsədov onu da qeyd etdi ki, bu proses ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə, tədrisin keyfiyyətinin qaldırılması üçün minimal səviyyədə bir standartın tətbiq edilməsinə imkan verəcək: “ Nəzərə alsaq ki, Təhsil Nazirliyinin işçi heyəti o qədər də geniş deyil, yəni 4472 orta ümumtəhsil məktəbdə çalışan 151 min müəllimin nazirlik tərəfindən sertifikasiyadan keçirilməsi fiziki olaraq mümkün deyil.  Buna görə ilk növbədə sertifikasiya könüllü olacaq, amma bir müddətdən sonra onun da müəyyən formada məcburi olması tətbiq ediləcək. Mənim fikrimcə, bu səbəbə görə daha bir addım da atılmalıdır, bu imtahanlar neytral qurum tərəfindən həyata keçirilməlidir. Belə halda daha şəffaf, heç bir güzəştsiz nəticə əldə olunacaq.

Əsli ƏHMƏDOVA