Bir cinayət işi üzrə hal şahidi kimi  ifadə vermək üçün istintaq orqanına çağırılmışam


Baxıldı : 21

Tarix : 2018-09-29 02:12:21


Bir cinayət işi üzrə hal şahidi kimi  ifadə vermək üçün istintaq orqanına çağırılmışam. Bilmək istəyirəm, istintaqa getdiyim müddət üzrlü hesab ediləcəkmi və mənim əməkhaqqımdan işdə olmadığım müddət üçün pul tutulacaqmı? İşdə  buna görə problemim olmaz ki?

 

Ləman HÜSEYNZADƏ,

Sumqayıt şəhəri.

 

-Əmək Məcəlləsinin 179-cu maddəsi ilə işçilərin iş yerinin və orta əməkhaqqının saxlandığı hallar müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Maddənin 2-ci hissəsində işçinin iş yeri və orta əməkhaqqı saxlanılan hallar sadalanmışdır.

İşçinin şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırılması da iş yeri və orta əməkhaqqı saxlanılan hallara aid edilmişdir. Əvvəlcədən işdə bilavasitə rəhbərinizi (şöbə, sex müdirini) xəbərdar edib və sonra üzərində istintaq orqanında olmağınızı təsdiq edən qeyd aparılmış çağırış vərəqəsini təqdim etsəniz, sizin iş yerində heç bir probleminiz olmaz.

 

İşləməklə yanaşı doktoranturada oxuyuram.Yaxın zamanlarda fəlsəfə doktoru olmaq üçün müdafiə etməliyəm. Bilmək istəyirəm, mənə ödənişli, ya ödənişsiz hər hansı bir məzuniyyət düşürmü?

 

Sevil HƏSƏNOVA,

Bakı şəhəri.   

 

-Əmək Məcəlləsinin 122-ci maddəsində yaradıcılıq məzuniyyətləri və onların müddətlərindən bəhs edilir. Həmin maddəyə əsasən, işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.

İşləməklə yanaşı doktoranturada təhsil alan (o cümlədən doktoranturaya daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətindən işçi, müvafiq elmi şuranın qərarına uyğun olaraq, ona verilən arayış əsasında istifadə edir.

Onu da qeyd etmək lazımdır ki, yaradıcılıq məzuniyyəti müddətində ödənilən əməkhaqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əməkhaqqından hesablanır.

Doktoranturada  təhsil alan işçilərə, yuxarıda qeyd edilən ödənişli məzuniyyətlərdən başqa, onların yazılı ərizəsi əsasında hər iş ilində 1 təqvim ayınadək ödənişsiz məzuniyyət də verilir.

 

4 ildir ki, bir müəssisədə işləyirəm. İndi həmin müəssisədə ixtisar aparılır. Mənə də xəbərdarlıq edilib, 4 həftə ərzində özümə iş tapmalıyam. Deyirlər ki, 4 həftə müddətində hər həftə bir gün işə gəlməyib, özünə iş axtara bilərsən. Amma mən maraqlanmışam, deyirlər 2 ay qabaqcadan xəbərdarlıq edilməlidir. Bu, düzdürmü?

 

Səfa XƏLİLOVA,

Bakı şəhəri.

 

-Əmək Məcəlləsinə  31 may 2017-ci ildə dəyişiklik edildi. Bu dəyişikliklə  işçilərin sayı azaldığı və ya ştatları ixtisar olunduğu zaman işçilərə tətbiq edilən  həm rəsmi xəbərdarlıq müddəti, həm də ödənilən  işdənçıxarma müavinətinin məbləği  dəyişdirildi. Belə ki, Məcəllənin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi;

bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi;

beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi;

on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.

Qeyd edilən səbəbdən əmək müqaviləsi ləğv edildikdə işçiyə işəgötürən tərəfindən onunla  bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında;

bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Göstərilənlərə əsasən, iş yerində Sizə əmək qanunvericiliyinə uyğun olaraq düzgün xəbərdarlıq edilib.    

 

İqtisad Məhkəməsinə müraciət etmək istəyirəm. Məsləhətçi iddiamı qəbul etmir. Deyir ki, sizin müqavilədə pretenziya vermək nəzərdə tutulduğuna görə, siz bu qaydaya əməl edməklə, əvvəlcə  cavabdehə pretenziya göndərərək, 1 aydan sonra məhkəməyə iddia verə bilərsiniz. Bu, doğrudurmu? Bir də deyirlər ki, iqtisad məhkəmələrinə iddia ərizəsini elektron qaydada göndərmək olar.

 Vüsalə KƏRİMOVA,

Bakı şəhəri.

 

-Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, əgər qanunla müəyyən kateqoriya iqtisadi mübahisələr üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra İnzibati-İqtisadi Məhkəmənin həllinə verilə bilər.

30.09.2016-cı ildə  Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə edilmiş dəyişikliyə əsasən iqtisadi mübahisələr ilə bağlı iddia ərizələri, ərizələr, şikayətlər və digər sənədlər məhkəməyə yazılı formada və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş elektron sənəd formasında verilə bilər.