Bir  müəssisədə mühəndis işləyirəm


Baxıldı : 272

Tarix : 2018-03-09 23:24:14


1976-1978-ci illərdə məhkəmədə iclas katibi və bundan sonra isə 33 il, 01 ay, 04 gün Azərbaycan Respublikasının daxili işlər orqanlarında zabit rütbəsində işləmişəm. 01 mart 2014-cü il tarixdən təqaüdə çıxmışam. 01 avqust 2014-cü il tarixdən Qəbələ Rayon İcra Hakimiyyətində böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsinə təyin olunmuşam və hazırda işləyirəm. Əmək pensiyalarına olan artım mənim də pensiyama təsir edəcəkmi? Məhkəmə və daxili işlər orqanlarında işlədiyim müddət dövlət qulluğu stajı hesab edilirmi? Mənim aylıq vəzifə maaşıma əlavə haqq (faizlə) neçə ildən yuxarı hesablanmalıdır?

 

Şükür TAHİROV,

Qəbələ şəhəri.

 

- Daxili işlər orqanları dövlət qulluğunun xüsusi bir formasıdır. Xidmətdə olmanın yaş həddinə görə pensiya alan şəxslər həm bu pensiyanı alıb, həm də başqa sahələrdə işləyib əməkhaqqı ala bilərlər. Necə ki, Siz bu gün Qəbələ Rayon İcra Hakimiyyətində çalışıb əməkhaqqı alırsınız.

Lakin pensiya alınması məsələsində müəyyən fərqlər var. Belə ki, dövlət qulluqçusu kimi və ya xüsusi rütbəli şəxs kimi pensiya alanların pensiyalarına artımlar əmək pensiyalarına artım olanda hesablanmır. Bu qəbildən olan   pensiyaçıların  pensiyaları ancaq həmin xidmət sahəsində bu vəzifə üzrə əməkhaqları artanda artır.

Siz polis əməkdaşı kimi pensiya alırsınız. Çalışdığınız sahə də dövlət qulluğu sahəsidir. Lakin daxili işlər orqanlarında çalışanların əməkhaqqı nə vaxt və nə qədər artarsa, Sizin əmək pensiyanız da buna uyğun olaraq yenidən hesablanacaqdır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.14. bəndinə əsasən məhkəmə iclasının katibi vəzifəsi İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda dövlət qulluğu vəzifələrinin adlarına uyğunlaşdırılmışdır. Odur ki, 1976-1978-ci illərdə məhkəmədə iclas katibi işlədiyiniz illər də dövlət qulluğu vəzifəsi sayılır və həmin müddət Qəbələ Rayon İcra Hakimiyyətində dövlət qulluğu keçdiyiniz dövrlə birlikdə dövlət qulluğunda qulluq stajına hesablanır.

“Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na görə 1 ildən 5 ilədək qulluq stajı olan dövlət qulluqçularına xidmətin 2-ci ilindən başlayaraq aylıq vəzifə maaşına əlavə haqq 5 faiz, 5 ildən 10-ilədək qulluq stajı olduqda isə 10 faiz hesablanır.

Sizin yazdıqlarınıza əsaslanaraq bildiririk ki, indiyədək Qəbələ Rayon İcra Hakimiyyətində qulluq stajınız 3 il 7 aydır. Məhkəmə iclas katibi kimi qulluq stajınız 1 il 5 aydan çoxdursa, onda sizə qulluq stajına görə haqq aylıq vəzifə maaşının 10 faizi miqdarında hesablanacaqdır.

 

 

Bir  müəssisədə mühəndis işləyirəm. Deyirlər ki, yeni qanunla işdən çıxanda bizə işsizlikdən sığorta ödənişi veriləcək. Bilmək istəyirəm, bu qanun hamıya aiddirmi, bir də işlədiyimiz bütün müddət staj hesab olunurmu?

Şamil ƏFƏNDIYEV,

Bakı şəhəri

 

- 30 iyun 2017-ci ildə Ölkə Prezidenti tərəfindən “İşsizlikdən sığorta haqqında” Qanun imzalanmış və həmin qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Qanunun 1.2. maddəsinə əsasən, qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.Qanun siyasi vəzifə tutan şəxslərə şamil edilmir.

“İşsizlikdən sığorta haqqında” Qanunda Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər sığortaolunan  adlanır.

Həmin qanunun 11-ci maddəsinə əsasən,  sığortaolunanın sığorta stajına aşağıdakı müddətlər daxildir:

- Qanun qüvvəyə minənədək sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət;

- Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddət.

 

 

Məhkəmə qaydasında boşanmışıq. 2 yaşında bir oğlum var. Məhkəmə uşaq üçün ayda 136 manat aliment təyin edib. Lakin uzun zamandır ki, atası tərəfindən aliment ödənilmir. Eşitmişəm ki, alimentin ödənilməməsi valideynlik hüququndan məhrum etmək üçün əsasdır. Bunun üçün nə etməliyəm?

Sevda ƏMİYEVA,

Lənkəran şəhəri.

 

- Respublikamızda ailə dövlətin xüsusi himayəsindədir. Atalıq, analıq və uşaqlıq hüquqları qanunla mühafizə edilir.

Məktubunuzda qeyd etdiyiniz məsələ Ailə Məcəlləsi və “Uşaq hüquqları haqqında” qanunda əks olunmuşdur. Qanunun 12-ci maddəsinə əsasən, valideynlərin və digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarının pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və cinayət məsuliyyətinə səbəb olur.

Uşağı valideynlərinin hər hansı birindən onların istəyi olmadan yalnız uşağın mənafeyinə uyğun olaraq müstəsna hallarda məhkəmə ayıra bilər. Öz valideynlik borcunu yerinə yetirməməyə görə ata və ya ananın qarşılaşa biləcəyi belə müstəsna hal isə Ailə Məcəlləsinin 64-cü maddəsində qeyd edilən “Valideynlik hüquqlarından məhrumetmə”dir. Maddədə valideynlik hüquqlarından məhrumetmənin hansı hallarda mümkün ola biləcəyi qeyd edilir ki, alimenti qəsdən ödəməmək də belə hallardan biridir. Valideynlik hüququndan məhrumetməyə yalnız qanunda göstərilən hallarda və məhkəmənin qərarı ilə yol verilir.

Valideynlik hüququndan məhrumetmə ailə münasibətlərində ən son ölçüdür. Bu, uşağın hüquq və mənafelərini başqa yolla qorumağın mümkün olmadığı hallarda tətbiq edilir.

Uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin edilmiş alimentin qəsdən ödənilməməsi valideynlik hüquqlarından məhrum etmək üçün əsas olduğuna görə, Siz bu haqda iddia ərizəsi ilə məhkəməyə müraciət etməlisiniz. Məhkəmə bütün halları araşdıraraq bu haqda qərar qəbul edəcəkdir.

Lakin nəzərinizə çatdırırıq ki, Ailə Məcəlləsinin 66-cı maddəsinə əsasən, valideynlik hüquqlarından məhrumetmə heç də valideyni uşağı saxlamaq, uşağın qayğısına qalmaq, uşağa baxmaq hüquqlarından azad etmir. Belə ki, valideynlik hüququndan məhrum edilmiş valideynlər həmin uşağa münasibətdə bütün qohumluq hüquqlarını itirsələr də, uşaqların saxlanılmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Müraciət etdiyiniz məhkəmə Sizi qane edəcək qərar qəbul edərsə də, yəni uşağın atası valideynlik hüquqlarından məhrum edilsə belə, yenə də qanuna əsasən uşağa aliment ödəməyə borcludur. Eyni zamanda həmin uşaq Ailə Məcəlləsində nəzərdə tutulan əmlak hüquqlarını, o cümlədən vərəsəlik hüquqlarını da özündə saxlayır (AM 66.4-cü maddə).

Bir məsələni də qeyd edək ki, sonradan valideynin uşağa münasibəti, həyat tərzi, əxlaqı və s. dəyişdikdə valideynlik hüquqları bərpa edilir. Bu məsələ də məhkəmə qaydasında həll edilir.