Bir qızıl, iki gümüş medal qazanıblar


Baxıldı : 153

Tarix : 2018-01-19 18:58:39


Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 21-ci beynəlxalq turnir keçirilib.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edib. Yarışda “Pəhləvan” idman Klubu yunan-Roma güləşi üzrə 2, sərbəst güləş üzrə 5 idmançı ilə təmsil olunub.

Yunan-Roma güləşçilərinin mübarizəsində “Pəhləvan” İdman Klubunun yetirməsi Elmir Əliyev (51 kq.) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.

Sərbəst güləş üzrə yarışlarda isə klubun təmsilçiləri iki gümüş medal qazanıblar. Fuad Mayılov ( 80 kq.) və Temraz İsmayılov ( 110 kq.) yalnız finalda məğlub olaraq ikinci yeri tutublar.

Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və hədiyyələrlə təltif ediliblər.

20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 21-ci açıq Respublika turnirində bir qrup idman mütəxəssisi Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən 4 nominasiya üzrə mükafatlandırılıblar. “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” adına sərbəst güləş üzrə Klubun məşqçi- müəllimi Ruslan Şəmilov layiq görülüb.

 Azər MUSTAFAYEV