Bir qızıl, iki gümüş və dörd bürünc medal qazanıblar


Baxıldı : 137

Tarix : 2020-01-10 15:03:17


“Atilla” İdman Klubunun yetirmələri Bakı İdman Sarayında keçirilən cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatında bir qızıl, iki gümüş və dörd bürünc medal qazanıblar. 

Kişilərin yarışında finala qədər irəliləyən Turan Bayramov ( 60 kq.) yalnız həlledici mərhələdə məğlub olaraq gümüş medal əldə edib. 73 kiloqram çəkidə mübarizə aparan Paşa Əliyev bürünc medala sahib olub.

Qadın cüdoçuların mübarizəsində Ramilə Əliyeva 48 kiloqram çəkidə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ali pilləsinə qalxıb. Onunla eyni çəkidə yarışan Şəfəq Həmidova üçüncü yerdə qərarlaşıb. 57 kiloqram çəkidə mübarizə aparan Nəzakət Əzizova gümüş, Günel Bəkirzadə bürünc medallara layiq görülüblər. 63 kq. çəki dərəcəsində yarışan Südabə Ağayeva da bürünc medal qazanıb.

Ölkə çempionatının qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin medal və diplomları, pul mükafatları təqdim olunub. Medalların əyarına görə “Neftçi İdman Klubu” 1-ci yeri tutub. Sonrakı yerlərə “Judo 2012” və “Atilla” idman klubları layiq görülüblər. Yarışda paytaxtı və bölgələri təmsil edən 40 komandanın heyətində 331 (272 kişi, 59 qadın) cüdoçu mübarizə aparıb.