Birdəfəyə verilən sosial müavinətlər hansılardır?


Baxıldı : 40

Tarix : 2019-10-28 04:58:09


Birdəfəyə verilən sosial müavinətlər hansılardır?

 

Səma ƏLİYEVA,

Bakı şəhəri.

 

- “Sosial müavinətlər haqqında” qanunun 4-cü maddəsində əsasən, sosial müavinətlər aylıq və birdəfəlik olmaqla iki növə ayrılır. Birdəfəlik müavinətlər aşağıdakılardır:

- radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;

- uşağın anadan olmasına görə müavinət;

- dəfn üçün müavinət.

 

Stajçı kimi döv

lət qulluğunda çalışanlara daimi dövlət qulluğuna qəbul edilmiş şəxslərdən fərqli olaraq mükafatlar verilmir. Belə bir qayda düzgündürmü?

Leyla MƏMMƏDLİ,

Bakı şəhəri.

 

- “Dövlət qulluğu haqqında” qanunun 24-cü maddəsinə əsasən, dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir.

Dövlət qulluqçularına mükafatlar kollektiv mükafatlar və fərdi mükafatlar olmaqla iki növdə verilir. Belə mükafatların verilməsi Prezidentin 24 avqust 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə” ilə tənzimlənir.

Sualınızdan məlum olur ki, verilən mükafatlar kollektiv mükafatlardır. Belə mükafatların kimlərə verilə biləcəyi qeyd etdiyimiz Əsasnamədə öz əksini tapıb. Əsasnaməyə əsasən, kollektiv mükafatlar staj müddəti 1 ilə çatmayanlara şamil olunmur. Staj müddəti dövrü qurtardıqdan sonra stajçının 6 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsi məqsədəuyğun sayılırsa və stajçı əmək müqaviləsi bağlanmaqla 6 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilirsə, artıq o, dövlət qulluqçusu sayılır və belə mükafatlar ona da şamil olunur. 

 

Əmək funksiyasının icrasından azad edilməmişəm, lakin iş yerində həmkarlar ittifaqı ilk təşkilatının tərkibinə seçilmişəm. Əmək funksiyasının icrasından azad edilməyib həmkarlar ittifaqı orqanlarına seçilmiş mənim kimi işçilər üçün Əmək Məcəlləsində hər hansı bir təminatlar nəzərdə tutulubmu?

Şərqiyyə SƏMƏDOVA,

Siyəzən rayonu.

 

- Sizi maraqlandıran təminatlar Əmək Məcələləsində yox, “Həmkarlar ittifaqları haqqında” qanunda birbaşa göstərilmişdir:

Həmkarlar ittifaqı orqanlarının öz əmək funksiyasının icrasından azad edilməyən üzvləri həmkarlar ittifaqlarının seçkili orqanlarında, təşkil etdiyi tədris kurslarında, seminarlarda iştirak etdiyi müddət üçün həmkarlar ittifaqının vəsaiti hesabına orta əməkhaqqı məbləğində haqq ödəməklə işəgötürənin razılığı ilə istehsal işindən azad edilirlər.

Həmkarlar ittifaqı ilk təşkilatlarının tərkibinə seçilmiş və öz istehsal işindən azad edilməmiş həmkarlar ittifaqı üzvlərinə həmkarlar ittifaqı fəaliyyətini həyata keçirmək üçün müddəti və şərtləri kollektiv müqavilələrdə (sazişlərdə) göstərilən asudə vaxt verilir  (“Həmkarlar ittifaqları haqqında” qanun, maddə 21).

 

Uşağın 3 yaşı tamam olanadək haqqı qismən ödənilən sosial məzuniyyətdə idim. 5 aydır ki, işə qayıtmışam. İdarənin rəhbəri tərəfindən bildirilib ki, işçilər attestasiya olunacaqlar. Mənə bu halda güzəşt nəzərdə tutula bilərmi?

Könül MƏMMƏDOVA,

Bakı şəhəri.

 

- Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiya olunmayan işçilər müəyyən edilmişdir. Sosial məzuniyyətdən sonra müvafiq vəzifədə işləməyiniz bir ildən azdırsa, qeyd olunan maddənin tələbinə əsasən, siz də attestasiya olunmayan işçilər sırasındasınız. Qanunvericiliyin tələbinə əsasən, hamilə qadınlar və uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) attestasiya olunmurlar (ƏM, maddə 66).

 

2 aya yaxın çalışan bir işçiyə əmək kitabçası açılmadığına görə idarə 700 AZN cərimə edildi. Amma qeyd eləmək də istərdim ki, işçi ilə əmək müqaviləsi bağlanılıb, əmək müqaviləsinin elektron bildiriş forması sistemdə otuzdurulub, həmçinin əmrləşdirilib. Əgər həqiqətən də əmək  kitabçası açmamağa görə cərimə düşürsə bunun məbləği doğrudan da 700 AZN dir? Bu harada əks olunub.

Məryəm VƏLİYEVA,

Bakı şəhəri.

 

- Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır. ƏM-in 15-ci maddəsinə əsasən, bu orqan öz səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyini pozan təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, eyni zamanda İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş hallarda və qaydada həmin şəxsləri inzibati məsuliyyətə cəlb etmək hüququna malikdir.

Nəzərinizə çatdırırıq ki, bu orqanın səlahiyyətləri, hüquqları, fəaliyyət qaydaları və vəzifələri müvafiq əsasnamə ilə tənzim edilir.

Rəhbərlik etdiyiniz təşkilatda işçiyə əmək kitabçasının açılmadığına görə cərimə müəyyən edərkən də qanunvericiliyin tələblərinə uyğun hərəkət etmişlər.

Sualınızda qeyd edirsiniz ki,işçi ilə əmək müqaviləsi bağlayarkən bu müqavilənin bildiriş formasını elektron informasiya sistemində qeydiyyata aldırmısınız, yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmiş, sonra işçi ilə əmək münasibətləri yaratmısınız.

İşçi ilə əmək müqaviləsi bağlanarkən, ƏM-in 48-ci maddəsinin tələblərinə uyğun olaraq işçi müəyyən sənədləri təqdim etməlidir ki, bu sənədlər də elə həmin maddədə qeyd olunur: - “Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir” (ƏM, maddə 48.1-ci hissə). İlk dəfə əmək müqaviləsi bağlanarkən əmək kitabçası tələb edilmir.

“İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 1.2. maddəsinə uyğun olaraq əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır.

İşçi ilə əmək münasibətlərini əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra yaratmaqla əmək qanunvericiliyinin tələblərinə əməl etsəniz də, 2 aya yaxın çalışan işçidən əmək kitabçası tələb etmədiyinizə görə (işçinin birinci iş yeridirsə, əmək kitabçası açmadığınıza görə) əmək qanunvericiliyinin tələblərini pozmusunuz. Bu səbəbdən vəzifəli şəxsin cərimə edilməsi qanunun tələblərinə uyğundur. Belə ki, İXM-in 192-ci maddəsi “Əmək qanunvericiliyinin pozulması” adlanır. 192.7. maddədə deyilir:

- işəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə - vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir”.

Göründüyü kimi, İXM-də cərimənin kimə yönəldilməsi və miqdarı tam açıqlanmışdır. Odur ki, təqsirkar vəzifəli şəxsin qeyd olunan səbəb üzündən 700 manat miqdarında cərimə edilməsində heç bir qanun pozuntusu yoxdur.

Sonda nəzərinizə çatdırırıq ki, ƏM-ə əsasən, DƏMX-nin əməkdaşlarının ƏM və Əmək qanunvericiliyinə aid digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir (ƏM, maddə 15).