Birgə mübarizə ilə zəfər qazanacaqlar


Baxıldı : 31

Tarix : 2018-10-06 04:52:37


UNİ  Qlobal İttifaqı  Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (BNİF) dəstəyi ilə hava nəqliyyatında çalışanların problemlərini gündəmə gətirmək üçün Qlobal aksiya başladır.  Aksiyaya gündəlik 4 milyona yaxın sərnişinə xidmət göstərən   ABŞ-ın “LAX”, Parisdəki “Şarl de Qoll”, Amsterdamdakı “Schipol”, Seuldakı! “İnşeon” və Frankfurdakı “Fluqhafen” hava limanlarının işçiləri qatılırlar. Etirazçılar ədalətli maaş sisteminin tətbiqini, həmkarlar ittifaqı təşkilatına üzvlüklə bağlı hüquqlarının qorunmasını, təhlükəsiz əmək şəraitinin yaradılmasını tələb edirlər. Qeyd edək ki, bir müddət əvvəl Belçika, Almaniya, İtaliya, Hollandiya, Portuqaliya və İspaniyadakı “Ryan Air” hava nəqliyyatı şirkətinin çalışanları sektorun dünyada ən böyük  etiraz aksiyasını təşkil edərək tələblərinin tətbiqinə nail oldular. Hazırda isə bu qələbəni bütün hava nəqliyyatı sektorunda əldə etmək və işçilərin həyat və iş şəraitinin yaxşılaşdırılması istiqamətində planlar hazırlanır. Tətil və aksiyaya əsasən,  baqaj, təhlükəsizlik, təmizlik bölməsinin işçiləri və müddətli müqavilə ilə çalışanlar qatılırlar.

UNİ Qloal İttifaqının Baş katibi  Kristi Hofmann məsələ ilə bağlı bildirib ki, hazırda haqlarını tələb edən hava nəqliyyatı işçiləri sərnişinlərin səyahətinin təşkilində vacib rola malikdir: “Onlar hüquqlarının təminatı, maaşlarının artırılması və işlərinə  hörmətlə yanaşılması tələbi ilə bir araya gəlirlər. Statistik göstəricilərə əsasən, 2018-ci ildə hava nəqliyyatı şirkətlərinin ümumi qazancı 38,4 milyard dollar olacaq. Bunun qarşılığında çalışanlara daha az əməkhaqqı təyin edilməsi  ədalətli deyil. İşçilər tələblərinə yalnız birlikdə hərəkət edərək nail olacaqlar. Ötən həftə ABŞ-ın bir neçə şəhərindəki hava limanı çalışanları birlikdə tətil keçirərək minimum əməkhaqqının artırılmasına nail oldular”.

Hava limanı işçilərindən vəziyyətlə bağlı götürülən müsahibələrdən aydın olur ki, ABŞ-dakı çalışanların  yarısı məvacibin azlığı, 30 faizi isə tibbi xidmət və sığorta problemi ilə üzləşir.

BNİF-in Baş katibi Stefan Kotton bildirib ki, 150 ölkədə 20 milyon işçini təmsil edən  və 700 həmkarlar ittifaqı təşkilatı olan Qlobal Hava Nəqliyyatı sektorunda şirkətlər məvaciblərin azaldılması, əmək şəraitinin aşağı salınması və iş yükünün artırılması yönündə sanki bir yarışa başlayıblar. Ancaq üzvlərimiz bu haqsızlığa qarşı birgə mübarizə apararaq zəfər qazanacaqlar.