Birgə mübarizə təqdirəlayiq haldır


Baxıldı : 59

Tarix : 2017-07-22 00:13:24


Banqladeşdə tikiş sənayesi işçiləri ötən ilin dekabrında minimum əməkhaqqının artırılması tələbi ilə mitinqlər təşkil etmiş, bunun nəticəsində bir çoxunun əmək müqaviləsi ləğv  olunmuş və əksəriyyəti haqqında məhkəmə işi açılmışdı.

İndustriALL Qlobal İttifaqı çalışanların öz vəzifələrinə bərpası üçün yerli həmkarlar ittifaqı təşkilatları ilə birgə bir sıra görüşlər keçirib. Bu yöndə ən uğurlu addım İsveç geyim şirkəti olan H&M ilə Qlobal Çərçivə Müqaviləsinin imzalanmasıdır. Banqladeşin Ashulia bölgəsində şirkətə məxsus geyim fabriklərində müqavilənin şərtləri də açıqlanıb. Burada  6 tədarükçü şirkətin işçilər haqqında şikayətinin geri çəkməsi və haqsız yerə qovulanların bərpa olunması tələbi əksini tapıb.

Həmkarlar ittifaqlarının nümayəndələri, H&M şirkəti və tədarükçü qurumlarla birgə keçirilən toplantıda çalışanlarla işəgötürənlər arasında  olan  məhkəmə davalarının prosedurlara uyğun şəkildə ləğv olunması yönündə qərar qəbul edilib. İşdən çıxarılan 1074 nəfərdən  984-nə təzminat verilməsi, həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə imkan yaradılması və sair problemlər müzakirə olunub.

İndustriALL-ın tekstil üzrə müdiri Kristina Hajaqos məsələ ilə bağlı bildirib ki, dekabr tətilindən sonra minə yaxın işçinin hüququnun pozulması zamanı həmkarlar ittifaqı təşkilatlarının bizimlə ittifaqa girərək mübarizə aparması təqdirəlayiq haldır: "Aparılan danışıqlar və qazanılan uğurlar birgə fəaliyyətin bəhrəsidir. Bizə dəstək verdikləri üçün yerli həmkarlar ittifaqı təşkilatlarına qurumumuz adından təşəkkürümü bildirirəm".

Cavid SƏFƏROV