Birinci sinfə gedən uşaqların sayı açıqlanıb


Baxıldı : 47

Tarix : 2017-09-08 18:38:31


Azərbaycanda 2017-2018-ci tədris ilində birinci sinfə gedən uşaqların sayı 164 min 945 nəfər təşkil edir. Bu barədə  Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən həmçinin bildiriblər ki, bu göstərici ötən il 164 min 33 nəfər təşkil edib. 2016-2017-ci tədris ilində IX sinif məzunlarının sayı 110 min 638, XI sinif məzunlarının sayı 84 min 88 nəfər, axşam ümumtəhsil məktəblərində (qiyabi) oxuyan şagirdlərin sayı isə 723 nəfər olub.

Bu il 71 məktəb binası inşa edilib. Bunun 61-i modul tipli məktəblərdir. İlin sonunadək respublikanın 44 rayonunda 100 azkomplektli və qəza vəziyyətində olan kənd məktəbləri modul tipli məktəb binaları ilə əvəz ediləcək. Bundan başqa, 12 məktəb binası əsaslı təmir olunub, 460 məktəbdə cari təmir işləri görülüb, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. Həmçinin bir xüsusi məktəb, uşaq və gənclər üçün məktəb və idman-sağlamlıq kompleksi tikilib. Üç kampus və ali məktəb korpusu tikilib və əsaslı təmir olunub.

Paytaxtın ümumtəhsil məktəblərində 2017-2018-ci dərs ili üçün birinci sinfə şagird qəbulu davam edir. Avqustun 21-nə olan məlumata əsasən, elektron sistem vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərinin birinci sinfinə qəbul üçün yerləşdirilən sorğular əsasında 42 min 274 uşağın sənədi məktəbə təqdim edilib.

Qeyd edək ki, təhsil naziri ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı" mövzusuna həsr olunacaq.

AZƏR