“Biz istəyirik ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla, sürətlə inkişaf etsin”


Baxıldı : 270

Tarix : 2018-07-20 17:38:37


İyulun 18-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə səfər edib. Bu, İtaliya dövlət başçısının respublikamıza ilk səfəri idi. Səfər çox uğurlu olub, bir çox məsələlər müzakirə edilib və iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlıq müqavilələri imzalanıb.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İtaliya biznes forumunda iki ölkə arasında olan əlaqələri yüksək qiymətləndirib: “Əlbəttə ki, bizə çox gözəl, etibarlı, sınanmış tərəfdaşlar lazımdır. İtaliya şirkətləri bu tərəfdaşlardandır. Çünki uzun illər Azərbaycan ilə bağlıdırlar, çox gözəl reputasiyaya və ən yüksək texnoloji imkanlara malikdirlər.

Ona görə iqtisadi sahədəki gələcək əməkdaşlıq, hesab edirəm ki, bir neçə istiqamət üzrə getməlidir. Biz İtaliya şirkətlərini Azərbaycana dəvət edirik, həm prezidentlər səviyyəsində, həm hökumət qurumları səviyyəsində. Hesab edirəm ki, bizim sənaye inkişafımızla bağlı olan gələcək layihələrdə İtaliya şirkətləri fəal iştirak edəcəklər. Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar. Bunun üçün yaxşı imkanlar var.

Bu əməkdaşlığın iki ölkə arasında olan əlaqələrin güclənməsinə necə təsir edəcəyi ilə bağlı qəzetimizin müxbiri millət vəkilləri və politoloqun rəyini sizə təqdim edir. 

Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, İtaliya həm iqtisadi, siyasi üstünlüklərə malikdir, həm də Avropa siyasətinin istiqamətlərini müəyyənləşdirə biləcək aparıcı dövlətdir: “Azərbaycan Avropa İttifaqı  ilə əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyduğu vaxtda, təşkilatın üzvü olan İtaliya ilə münasibətlərimizin ikitərəfli inkişafı da olduqca vacib hadisədir. İtaliya eyni zamanda iqtisadi, modern texnologiyalar, yüksək sənaye baxımından da Avropanın lokomotivi, inkişaf etmiş ölkələrdən biridir. Ona görə Azərbaycan-İtaliya arasında əməkdaşlıq həm iqtisadi, həm də siyasi kontekstdə ölkəmizin maraqları baxımdan mühüm məsələdir. İtaliyanın müasir, modern texnologiyalara malik olması, qeyri-neft sektorunun müxtəlif istiqamətlərinin yaradılması bu təcrübənin Azərbaycanda tətbiqinə də imkan yaradır. Bu baxımdan Sumqayıtda açılan zavod nümunə ola bilər. Azərbaycan kimya və kimya sənayesi məhsulları ilə zəngin ölkədir. Bu məhsulların yeni texnologiyalar əsasında realizə olunması, ixracat potensialı yüksək olan zavodun istehsal etdiyi məhsulların dünya bazarına çıxarılması həm ölkəmizdə məşğulluğun artmasına, həm də iqtisadiyyatın inkişafına müsbət təsir göstərir”.

“Azərbaycan-İtaliya münasibətləri son illərdə də sürətlə inkişaf edir. Bildiyiniz kimi, İtaliya dövləti ATƏT-ə sədrlik edir. Azərbaycan-İtaliya münasibətləri həm iqtisadi, həm də siyasi cəhətdən hər iki tərəf üçün önəmli əhəmiyyət kəsb edir”. Bu sözləri  millət vəkili Tahir Mirkişili deyib.

O bildirib ki, TAP kəmərinin sonuncu təyinat nöqtəsinin İtaliya ərazisi olduğunu nəzərə alsaq, təbii, bu zaman İtaliya ərazisindən Avropanın bir çox ölkələrinə qazın, eyni zamanda nəql olunan neftin paylanılması həm İtaliyanın rolunu kifayət qədər artırır, həm də Azərbaycanla münasibətini daha da inkişaf etdirir. Həmçinin bu layihə İtaliyanın özü üçün böyük gəlir əldə etmək və yeni iş yerləri açmaq imkanı yaradır. Düşünürəm ki, bu baxımdan hər iki dövlətin münasibətləri konstruktiv, eyni zamanda praqmatik iqtisadi və siyasi əsaslara söykənir. Azərbaycan və İtaliya prezidentlərinin görüşündə də bu məsələlər səsləndirilib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, İtaliya ilə əməkdaşlıq Azərbaycan üçün bir neçə baxımdan vacibdir:

“Birincisi, İtaliya hazırda ATƏT-ə sədrlik edir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. İtaliya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna görə də rəsmi Bakı ümid edir ki, İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaq.

Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarının bu açıqlamasına cavab olaraq “əminik ki, İtaliya Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq” ifadəsini səsləndirdi.

İkincisi, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə inteqrasiyasına dəstək verir. İtaliya Brüssellə Bakı arasında strateji tərəfdaşlıq sazişinin qısa müddətdə imzalanmasına çalışır.

Üçüncüsü, Avropa İttifaqı dövlətləri arasında Azərbaycanın əsas ticarət tərəfdaşı məhz İtaliyadır. İtaliyanın bir neçə şirkəti Azərbaycanda fəaliyyət göstərir, fabrik və zavodların tikintisində yaxından iştirak edir. Azərbaycan sənayesi İtaliyanın texnologiyalarına ehtiyac duyur.

Dördüncüsü, TAP boru xətti tikildikdən sonra Avropa dövlətləri arasında məhz İtaliya Azərbaycan qazının əsas alıcılarından birinə çevriləcək. İndinin özündə də Avropa İttifaqı dövlətləri arasında Azərbaycan neftini ən çox alan ölkə İtaliyadır. İtaliya Prezidenti Bakıdakı açıqlamasında Xəzər dənizinin qazının Avropa üçün çox önəmli olduğunu bildirdi.

Beşincisi, İtaliya Prezidenti Bakıda başqa maraqlı fikir də söylədi: “Biz müdafiə sahəsində şirkətlərimizin əməkdaşlığı barədə danışdıq. Çünki biz inanırıq ki, İtaliyanın bu sahədə əldə etdiyi texnologiyalar Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verə bilər”.