Biz qalib və qazanan tərəfik Narahat olmağa zərrə qədər də əsas yoxdur


Baxıldı : 81

Tarix : 2020-11-14 07:49:28


 

“Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imzaladıqları sülh bəyannaməsi həm düşmən ölkədə, həm də Azərbaycan müxalifətinin bəzi nümayəndələri tərəfindən nigarançılıqla qarşılandı. Bu da təbiidir”,- deyə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi. Qeyd etdi ki, əslində, xüsusilə müharibədən qalib ayrılmış Azərbaycan xalqı üçün nigarançılığa heç bir əsas yoxdur. Demək olar ki, bütün maddələr Qarabağın dövlətimizin tam yuristisiyasına keçməsinə təminat verir.
Məsələn, bəyanatın 4-cü bəndinə nəzər yetirək. Orada yazılır ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Qarabağda erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Maddədə “Ermənistan silahlı qüvvələri” deyil, “erməni silahlı qüvvələri” sözünün yazılması Qarabağda ayrı-ayrı könüllü batalyonlardan tutmuş, qondarma rejimin hərbçilərinə qədər çıxarılması açıq-aydın göstərilir.
6-cı bənddə yazılıb: “Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır”.
Fikir verin. Kəlbəcərin və Laçının “qondarma respublika” və ya “erməni hərbi birləşmələri” tərəfindən qaytarılması yox, məhz Ermənistan Respublikası tərəfindən qaytarılması  yazılıb.
Uzun illər idi, Ermənistan bildirirdi ki, onlar Azərbaycan torpaqlarını işğal etməyib, Dağlıq Qarabağ erməniləri özləri Azərbaycanın tərkibindən çıxıblar və  “xalqların öz müqəddəratını təyin etmə” prinsipi “Dağlıq Qarabağ respublikasına” şamil olunmalıdır.
Bu maddədə Ermənistanın yalanları ifşa edilir. Paşinyan müqaviləyə imza ataraq təsdiq edir ki, Azərbaycan torpaqlarını məhz Ermənistan işğal edib.
Bu bizim diplomatlarımıza hüquqi əsaslar verən mühüm  bənddir.
Elə həmin 6-cı bənddə yazılır ki, “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq, Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Xatırladıram ki, ilkin versiyada dəhlizə nəzarət hüququ ermənilərə verilirdi.
9-cu bənddə  Ermənistan Respublikası vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Təhlükəsizliyə zəmanət o deməkdir ki, əgər bu bəndə uyğun olaraq vətəndaşlara, nəqliyyatlara qarşı hər hansı hücum olarsa, bunun məsuliyyəti Ermənistan dövlətinin üzərinə düşür.
Xalqa qaranlıq qalan məsələlərdən biri sülhməramlılarla əlaqədardır. Sənəddə birbaşa rus, dolayısı yolla isə, türklərin sülhməramlı kimi bölgəyə yerləşdirilməsindən söhbət gedir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti olduqca məhdud saydadır . İlk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Bu cümlədə “tərəflərin hər ikisi  yox, məhz hər hansı biri” ifadəsi çox vacibdir.
Yəni Azərbaycan əgər 4 il 6 ay sonra sülhməramlıların bölgəni tərk etməsini istəyərsə, onlar Qarabağı tərk edəcəklər.
Digər vacib məsələ, sənəddə Türkiyənin varlığıdır. Uzun müddət idi ki, regionda hərbi balans Rusiyanın tərəfində idi. Bundan sonra isə regionda indiyə qədər Gümrüdə və Ermənistanın sərhədboyu ərazilərində olan rus hərbçiləri tək “darıxmayacaqlar”. Türk hərbçiləri də regionda olaraq balansı qoruyacaqlar. 
Türkiyəni bu prosesə qatmaqla Azərbaycan həmsədr dövlət kimi Fransanın regiondakı ermənipərəst ambisiyalarının üzərindən xətt çəkdi. Elə Fransanın müqaviləni pozmağa istiqamətlənmiş sərsəm bəyanatları da dediklərimin təsdiqidir.
Ən əsas məqam isə odur ki, Bəyanatda Qarabağın statusu məsələsinə toxunulmur. Bu isə o deməkdir ki, Ermənistanın və ermənilərin bu illər ərzində Qarabağ müstəqil olmalıdır və ya Ermənistana birləşdirilməlidir kimi tələblərinin üzərindən xətt çəkilir.
Göründüyü kimi, imzalanmış sülh müqaviləsində Ermənistanın heç bir istəyi yer almayıb. Azərbaycanın isə bütün tələbləri Paşinyan tərəfindən qəbul edilib. Budur kapitulyasiya!

Gülöyşə MƏMMƏDLİ