“Bizim dostluğumuz, qardaşlığımız daha da möhkəmlənəcək”


Baxıldı : 81

Tarix : 2018-09-08 03:15:30


Sentyabr ayının ilk həftəsində Prezident İlham Əliyevin Rusiya Federasiyasına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə iştirak etmək üçün Qırğızıstan Respublikasına səfəri həm əməkdaşlıq, həm də əlaqələrin möhkəmlənməsi baxımından çox əhəmiyyətli idi. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və dövlət başçılarının çıxışları bir daha göstərdi ki, regionda sabitliyə, iqtisadi inkişafa və birgə fəaliyyətə daha çox önəm verilir. Millət vəkilləri də açıqlamalarında hər iki səfərin ölkələrimiz arasında əlaqələrin güclənməsinə öz töhfəsini verəcəyini bildiriblər.  

“Cənab Prezidentin Rusiyaya səfəri ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək”. Bunu Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin dostluq əlaqələri dövlətlərarası münasibətlərdə də öz əksini tapır: “Azərbaycanın qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkə şimal qonşumuz Rusiyadır. Bu ölkədə kifayət qədər soydaşlarımız yaşayır. Rusiya ilə əlaqələrimiz çox sıxdır. Bu baxımdan münasibətlərimizin yüksələn xətlə inkişafı çox əhəmiyyətlidir.

Səfər çərçivəsində imzalanan 15 sənədin hər biri ayrı-ayrılıqda böyük əhəmiyyət kəsb edir. Bu sənədlər ölkələr arasında iqtisadi fəaliyyətin gələcəyi, ticarət əlaqələrinin genişlənməsi, humanitar sahədə əməkdaşlıq, hərbi sənaye ilə bağlı razılaşmanı və digər sahələri əhatə edir”.

Deputatın fikrincə, imzalanan sənədlər Azərbaycan-Rusiya əlaqələrinin inkişafına qarşılıqlı fayda gətirəcək: “Azərbaycanın 2017-ci ildə Rusiya ilə ticarət dövriyyəsi 35 faiz artıb. Söhbət 2,5 milyard dollardan çox vəsaitdən gedir. Rusiyadan idxal olunan, eləcə də Azərbaycandan ixrac edilən məhsullar ticarət dövriyyəsində xüsusi yer tutur. Düşünürəm ki, əlaqələrimizin yüksək səviyyədə olması gələcəkdə də ölkələrimizin inkişafına, ticari və iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək”.

Millət vəkili Hikmət Babaoğlu bildirib ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri daim aktuallıq kəsb edir. Hazırda Rusiya Federasiyasının da daxil olduğu  regionumuzda geniş mənada çox mühüm tarixi hadisələr baş verir. Belə mərhələdə qonşu, dost və strateji müttəfiq ölkələrin prezidentlərinin görüşü həm yeni iqtisadi, həm də yeni siyasi-humanitar şərtlərin formalaşması baxımından əhəmiyyətlidir. Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentləri arasında müntəzəm təmaslar dövlətlərarası münasibətlərə xüsusi dinamizm verir. Rusiya-Azərbaycan münasibətləri təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərdir.

H.Babaoğlu deyib ki, Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Rusiya Azərbaycanın ciddi problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaxından iştirak edir. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsi Rusiya-Azərbaycan münasibətlərində prioritet təşkil edir. Soçidə bu problemin həlli ilə bağlı da dövlət başçıları arasında müzakirələrdə aparıldı.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşünü xarakterizə edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva söyləyib ki, Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və bu əlaqələrin güclənməsində maraqlıdır: “Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə iştirak edən Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb”.

Deputat qeyd edib ki, türkdilli xalqları bir-birinə tarixi, milli, dini və mədəni köklər bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri zamanı aparılan müzakirələr bunu bir daha təsdiqləyir.

“Vacib məqamlardan biri də odur ki, beynəlxalq müstəvidə də türkdilli dövlətlər bir-birini hər zaman fəal surətdə dəstəkləyir. Hesab edirəm ki, VI Zirvə görüşü ölkələrimiz və xalqlarımız arasında əlaqələri daha da gücləndirəcək”, - deyə S.Fətəliyeva vurğulayıb.

 “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü bir sıra mühüm məqamlarla yadda qaldı. Zirvə görüşündə dövlət başçıları tərəfindən önəmli bəyanatlar verildi”. Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, türk xalqları arasında birliyin güclənməsi tarixi bir zərurətdir. Onun sözlərinə görə, dünyada mürəkkəb proseslərin hökm sürdüyü şəraitdə bu birlik öz əhəmiyyətini daha da aktuallaşdırır.

 

“Uzun illərdir ki,  türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsi istiqamətində addımlar atılmağa başlayıb və bir sıra ciddi nəticələr əldə edilib. Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurasının yaradılması da bu fəaliyyətin uğurlu nəticəsidir. Azərbaycanın türkdilli ölkələrlə yaxşı əlaqələri mövcuddur. Amma biz bütün türkdilli ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə maraqlıyıq. Bütün türk dövlətlərinin strateji müttəfiqliyə qədər yüksəlməsi önəmlidir. Nəzərə alsaq ki, Mərkəzi Asiyada yerələşən türkdilli ölkələr də təbii sərvətlərə malikdir və onlar türk birliyini gücləndirmək üçün vahid enerji layihələrini həyata keçirə bilər. Bununla da dünyada türkdilli ölkələrdən ibarət yeni bir güc mərkəzi formalaşması reallığa çevriləcək. Hesab edirəm ki, bu hədəflərə çatmaq üçün türk dövlətləri öz səylərini daha da gücləndirəcək”, - deyə deputat qeyd edib.