"Bizim iqtisadi potensialımız siyasi gücümüzü artırır, bölgədəki vəziyyətimizi möhkəmləndirir”


Baxıldı : 243

Tarix : 2018-01-12 23:31:00


“Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib. O, bildirib ki, Nazirlər Kabinetinin bugünkü iclasında 2017-ci ilin yekunları müzakirə ediləcək, bu il görüləcək işlər haqqında danışılacaq: “2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf edib. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə verib. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır.

İlham Əliyev qeyd edib ki, iqtisadiyyatımız 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilmişdir. 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub”.

Prezident deyib ki, 2017-ci ildə 221 min yeni iş yeri açılmışdır ki, onların 177 mini daimi iş yeridir. Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir. Onu da qeyd etməliyəm ki, keçən il 47 min iş yeri bağlanmışdır. Bu da təbii prosesdir.

Sosial infrastrukturla bağlı çox ciddi addımlar atılmışdır - 133 yeni məktəb tikilmişdir, 14 məktəb əsaslı təmir edilmişdir, 500-ə yaxın məktəbdə isə cari təmir aparılmışdır. Otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilmişdir. İki Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir.

Ünvanlı sosial yardım alan ailələrin sayı 116 minə bərabərdir. Bu, 400 mindən çox insanı əhatə edir. Orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Regionların inkişafı daim diqqət mərkəzindədir.

Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu baxımdan 2017-ci il də əlamətdar il olmuşdur, 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır.

Ölkə başçısı vurğulayıb ki, ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə də “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənmişdir. Bu, işğalçı Ermənistana növbəti zərbə olmuşdur. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar.

Prezident bildirib ki, ötən il Azərbaycanda baş verən önəmli hadisələr sırasında ölkəmizdə keçirilən  İslam Həmrəyliyi Oyunlarını qeyd etmək olar: “İdmançılarımız komanda hesabında birinci yeri tutublar. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə qərar bizim bir daha öz tarixi köklərimizə bağlılığımızı göstərir. Biz istəyirik ki, bu tendensiyalar bölgəmizdə və dünyada daha da güclənsin”.

Dövlət başçısı bu ildə də ölkə iqtisadiyyatının öz inkişaf yolu ilə gedəcəyinə ümidvar olduğunu qeyd edib. “İl ərzində bir çox önəmli layihələrin icrası nəzərdə tutulur. Əlbəttə, biz çalışmalıyıq ki, 2018-ci ildə makroiqtisadi vəziyyət sabit olsun. Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə daha da güclənəcək. Manatın məzənnəsi sabitdir. Qeyd etdiyim kimi, 6,2 milyard dollar müsbət saldomuz makroiqtisadi sabitlik üçün çox önəmli amildir. Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Belə ölkələrin sayı çox deyil, xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu, o qədər də xas deyil”.

Ölkə rəhbəri deyib ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir. Bu, bizim potensialımızı gücləndirir, eyni zamanda, daim qarşımızda vəzifələr - ilk növbədə, infrastrukturla, sosial infrastrukturla və iş yerlərinin yaradılması ilə bağlı vəzifələr qoyur. Əhali artdıqca məktəblərin, uşaq bağçalarının sayı da artmalıdır. Bu məqsədlər üçün yeni yerlər müəyyən edilməlidir, yol infrastrukturu genişləndirilməlidir, digər kommunikasiyalar - su, qaz, elektrik xətləri çəkilməlidir.

Qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Mən bu barədə dəfələrlə danışmışam və praktiki addımlar atılır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il davam etdiriləcək. Bu məqsədlər üçün 170 milyon manat kredit resursu təmin ediləcək.

Əminəm ki, 2018-ci il də sənaye və kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaqdır. Qeyd etməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumu da ərzaq təhlükəsizliyi ilə bağlı hesablama aparıb. Ərzaq təhlükəsizliyi indeksinə görə Azərbaycan 57-ci yerdədir. Bu, yaxşı göstəricidir.

Qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi ilə bağlı önəmli hadisələr gözlənilir. TANAP layihəsinin istifadəyə verilməsi gözlənilir. Nəqliyyat sahəsində Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin başa çatması nəzərdə tutulur. Orada işlərin böyük əksəriyyəti demək olar ki, görülüb. Liman indi fəaliyyət göstərir. Əminəm ki, liman bu ilin birinci yarısında istifadəyə veriləcək. Beləliklə, Azərbaycan Xəzər hövzəsində ən böyük dəniz ticarət limanına sahib olacaq. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün çox önəmli il olacaq.

Prezident bildirib ki, bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb. Və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Bunu nəzərə alaraq mən 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edirəm. İl ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcəkdir.