“Bizim istəyimiz əmək sferasının gələcəyi" Bu mövzuda bakıda ikigünlük konfrans keçirilib


Baxıldı : 80

Tarix : 2017-09-16 01:09:16


Sentyabrın 12-13-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə "Bizim istəyimiz əmək sferasının gələcəyi" mövzusunda konfrans keçirilib.

Tədbiri açan BƏT-in Əmək Fəaliyyəti üzrə Bürosunun (Moskva) mütəxəssisi Qoça Aleksandriya qeyd edib ki, konfransın əsas çağırışı sosial ədalətin yaradılması və qorunmasıdır. Son onilliklər dünya ölkələrinin iş aləmində inkişaf səviyyələrindən asılı olmayaraq dərin dəyişikliklər baş verir. Bu dəyişiklikləri bir neçə müxtəlif faktor tənzimləyir: istehsalatda dəyişikliklərə səbəb olan qloballaşma və texnoloji innovasiyalar, artan bərabərsizlik, qütbləşmə və kənarlaşdırılma, demoqrafik dəyişikliklər, miqrasiya, iqlim dəyişikliyi və 2008-ci ildən başlayan iqtisadi durğunluqdur.

Qurumun Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri Olqa Kulayeva və Moskva ofisinin əmək müfəttişliyi üzrə mütəxəssisi Valentin Mokanu bildiriblər ki, sosial və iqtisadi dəyişikliklərin işçilərə təsiri barəsində narahatlıq geniş yayılıb. Bu məsələ yalnız inkişaf etmiş ölkələrlə məhdudlaşmamalıdır. Çünki bu dəyişikliklər bütün ölkə və regionlara aiddir. Sadəcə, az inkişaf etmiş ölkələrdə bu proses ləng gedir. İnkişaf etmiş ölkələr əhali köçməsinin dəyişən tendensiyalarına daha tez məruz qalacaqlar.

2013-cü ildə bununla bağlı yüzilliyin təşəbbüsü irəli sürülüb: "Əmək sferasının gələcəyi". "Bizim istəyimiz əmək sferasının gələcəyi" şüarına əsaslanaraq konfrans qurumun baş direktorunun təklif etdiyi "yüzilliyin dialoq"ları üzərində qurulub: əmək və cəmiyyət, hamı üçün layiqli iş yerləri, əməyin və istehsalın təşkili, əmək sferasının idarə olunması.

Sonra videokonfrans vasitəsilə tədbirə qoşulan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin "Əməyin gələcək sferası" ilə bağlı müraciəti dinlənilib.

Daha sonra diskussiyalara başlanılıb.

Anna Biondinin moderatorluğu ilə "Əmək və cəmiyyət" mövzusunda keçirilən dialoqda Qazaxıstan İşəgötürənlər Federasiyasının icra katibi Valentina Breusova bildirib ki, yaxın 10-15  il ərzində dünyada avtomatlaşdırılmış iş yerləri 47 faizə çatacaq  ki, bu da bir neçə milyon insanın işsiz qalmasına səbəb olacaq: "Qazaxıstanda 18 milyon əhalinin  8,9 milyonu iqtisadi sahədə fəaldır. 8,5 milyon insan isə işlə təmin olunub. Ölkədə işsizlərin sayı 400 minə çatır. Onların da 70 faizi əmək birjasında qeydiyyata alınıb".

Qırğızıstan Hİ Federasiyasının sədr müavini Rısgül Babayeva isə gələcəkdə baş verə biləcək kütləvi işsizliyin qarşısının alınması üçün işəgötürənlərlə həmkarlar ittifaqı təşkilatlarının sıx əməkdaşlığına xüsusi diqqət yetirilməsini vurğulayıb. O qeyd edib ki, layiqli həyat səviyyəsini saxlamaq üçün qanunvericilikdə məşğulluq sahəsində  əsaslı dəyişikliklərə ehtiyac var.

Tacikistan Müstəqil Hİ Federasiyasının təmsilçisi Cəmşid Yunusov deyib ki, əməyin gələcəyi haqqındakı problemlər  bütün dünyanı narahat edir. Modernləşmə üsulunun iki tərəfi var. Yeni texnologiyaların tətbiqi, əmək münasibətlərinin şərtləri və innovasiyalar müsbət tərəfləridir. Bunlarla bərabər, iş yerlərinin ixtisar edilməsi işləyən insanların ailələrində böhranın yaranmasına səbəb olacaq.

"Gender bərabərsizliyi məsələləri  müasir dünyada aktuallığına görə heç də sonuncu yeri tutmur. Bugünkü aşkar tərəqqiyə baxmayaraq, gender ayrı-seçkiliyi cəmiyyətin hələ də bir çox sahələrini əhatə edir". Bunu AHİK-in Zəhmətkeşlərin Mədəni-Məişət Problemləri üzrə Analitik Tədqiqat Şöbəsinin müdiri Namiq Hüseynov çıxışında bildirib. O deyib ki, ötən əsrin 70-ci illərindən başlayaraq dünyada gender bərabərliyi üçün görülən bir sıra geniş tədbirlər nəticəsində əmək bazarında qadınların sayı artsa da, müəyyən peşə sahələrində onların fəaliyyəti məhdudlaşdırılıb. Baxmayaraq ki, ali təhsilli qadınların sayı 60%-dən çoxdur və onlar daha yüksək ixtisasa və potensiala malikdirlər. Təəssüf ki, heç də əmək bazarında kişilər qədər yüksək vəzifələr və əməkhaqqı ilə təmin olunmurlar. Tipik gender piramidası göstərir ki, qadınlar əsasən orta səviyyəli peşə sahələrində fəaliyyət göstərir və bu da onların ailələrinə də vaxt ayırma məcburiyyətindən yaranır.  Bizim əsas vəzifəmiz qadınları layiqli iş yerləri ilə təmin etmək və onların müxtəlif vəzifələrdə çalışmasına şərait yaratmaqdır.

Tədbir müzakirələrlə davam edib.

***

Konfransın ikinci günündə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. AHİK sədri bildirib ki, son illər əmək sferasına nüfuz edən çox böyük dəyişikliklərin şahidi oluruq. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, innovasiyaların istehsalata tətbiqi, avtomatlaşdırma və "yaşıl iqtisadiyyat"a keçid həm əmək münasibətlərinin təşkilinin formalarına, həm də muzdlu işçilərin mənafelərinin ənənəvi müdafiəçisi olan həmkarlar ittifaqının fəaliyyətinə ciddi təsir göstərməyə bilməz. Cəmiyyət, onun əmək qabiliyyətli hissəsi gündəlik həyatda qeyri-tipik məşğulluğun nümunələri ilə tez-tez rastlaşır. Bu baxımdan biz, həmkarlar ittifaqları olaraq, məşğulluğun belə formalarının hüquqi tənzimlənməsində öz yerimizi tutmalıyıq. Əmək sferasının təşkilində sosial tərəfdaşlarımızla birgə bu gün hüquqi platformanın bazasını yaratmağı bacarmasaq, illərlə əldə etdiyimiz muzdlu işçilərin əsas müdafiəçisi statusunu itirə bilərik (çıxışın tam mətni qəzetimizin 2-3-cü səhifələrində dərc edilib).

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib ki, dünyada baş verən iqtisadi və maliyyə böhranına baxmayaraq, iqtisadiyyatın liberallaşması, səmərəli vergi və fiskal siyasət, o cümlədən güzəştli kreditlərin verilməsi, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması və digər tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı inkişafını davam etdirir. Son 13 ildə ölkəmizdə 1 milyon 677 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə artıb, işsizlik səviyyəsi 5 faizdir.

Qeyd edilib ki, makroiqtisadi sabitlik və iqtisadi sahədə əldə olunmuş nailiyyətlər hökumətə imkan verir ki, əhalinin sosial rifahına yönələn məqsədləri reallaşdırsın. Səmərəli məşğulluğun təmin edilməsi, əmək bazarının tələbatlarına uyğun təhsil islahatlarının aparılması, əmək qanunvericiliyi və əməkhaqqı sisteminin təkmilləşdirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması və əmək münasibətlərinin tərəflərin hüquq bərabərliyi prinsipi əsasında qurulması milli siyasətin tərkib hissəsidir. Heç şübhəsiz, bu günün əmək sferası 50 il bundan öncə mövcud olmuş dövrlə özünün mürəkkəbliyi və dinamikliyi ilə fərqlənir. Gələcək illərin əmək sferası da böyük dəyişikliklərlə üzləşəcək. Bu gün beynəlxalq aləmdə müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 201 milyonu aşması, ekoloji və təbii resursların tükənməsi fonunda gələcəkdə dünyanın necə dəyişəcəyi barədə bir çox fikirlər səslənir. Bu baxımdan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin irəli sürdüyü "Əməyin gələcəyi" təşəbbüsü və bunun ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti BƏT-in İdarə Heyətinin üzvü kimi bu təşəbbüsü dəstəkləyir və onun icrası üçün səylərini davam etdirir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatının "Əməyin gələcəyi təşəbbüsü" müasir dünyada əmək münasibətləri ilə əlaqədar müzakirələr üçün çox gözəl bir platforma yaradıb. Bu təşəbbüsün əhatə etdiyi mövzular bütün bəşəriyyət üçün önəm kəsb edən aktual məsələlərdir. Dünya inkişaf etdikcə, zaman keçdikcə iqtisadiyyatın və əmək münasibətlərinin strukturu dəyişir, lakin insanların əsas tələbatı - sağlam və gözəl rifah şəraitində yaşamaq istəyi dəyişməz olaraq qalır. İnsanların bu istəyinin reallaşdırılması üçün işləmək ən mühüm şərtlərdəndir. Bu səbəbdən bizim üçün birinci məsələ insanların məşğulluğunun təmin edilməsi olmalıdır, lakin burada çox önəmli bir nüans var. Belə ki, bəşər cəmiyyətinin tarixinə baxsaq, çoxsaylı müharibələrə, tənəzzüllərə rəğmən, insanlar həmişə daha yaxşı yaşamaq istəyib və tarix sübut edir ki, həqiqətən də buna nail olunub. Biz 50-100 il öncəyə baxdıqda dünya səviyyəsində yoxsulluğun, aclığın azaldığını, ümumi daxili məhsulun artdığını, insanlar, dövlətlər arasında inteqrasiyanın gücləndiyini görürük.

Bu gün kapitallaşma səviyyəsinə görə dünyada ilk beşlikdəki şirkətlər sənaye yox, məhz informasiya-kommunikasiya sahəsində olan şirkətlərdir. Bu şirkətlərin tarixinə baxdıqda onların son 20-30 ildə yaranaraq, bəzilərinin hətta son 10 ildə yaranaraq 100 ildən çox yaşı olan enerji, avtomobil istehsalı şirkətlərini üstələdiyini görürük. Bütün bunlar göstərir ki, məhz insanlar təşviq olunmalıdır və onların bilik bacarıqlarının artırılması üçün dövlət və biznes qurumları birgə çalışmalıdır.

Sonra Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi, xanım Şaran Barrounun "Əmək sferasının gələcəyi indi başlayır" videoçıxışı nümayiş olunub.

Daha sonra tədbir panel diskussiyalarla davam edib.

BƏT-in Moskva bürosunun eksperi Qoça Aleksandriyanın moderatorluğu ilə keçən müzakirələrdə əməyin və istehsalın təşkili barədə fikir mübadiləsi aparılıb. Həmçinin əmək münasibətlərinin xarakteri, tənzimlənməsi ilə bağlı çıxışlar olub, iştirakçılar tərəfindən müəyyən fikirlər səsləndirilib.

Zəhmətkeşlərin fəaliyyətləri üzrə BƏT-in Avropa ölkələri bölməsinin rəhbəri Sergius Qlovasqasın moderatorluğu ilə baş tutan panel diskussiyada isə əmək sferasının idarə olunması və bu sahədə görülən fəaliyyət barədə məlumat verilib. Eyni zamanda sosial dialoq və kollektiv danışıqlara çağırışlar, müqavilənin normativ bazası və müddəaları arasında balans, danışıqların mərhələləri və sosial tərəfdaşların rolu haqqında da natiqlərin məruzələri dinlənilib. 

BƏT-in əmək müfəttişliyi, sağlamlıq və təhlükəsizlik üzrə mütəxəssisi Valentin Mokanu beynəlxalq əmək normaları, tripartizm, sosial dialoq, əmək bazarında layiqli əmək və sosial ədalətin irəliləməsi ilə bağlı əsas çağırışlar barəsində çıxış edib. 

Tədbir digər iştirakçıların mövzu ətrafında təklifləri dinlənildikdən sonra başa çatıb.

Azər MUSTAFAYEV,

Əsli ƏHMƏDOVA,

Günel QULİYEVA