Bizim niyyətimizin, siyasətimizin təzahürü


Baxıldı : 104

Tarix : 2020-02-14 16:35:53


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Mərkəz barədə dövlət başçısına məlumat verilərək bildirilib ki, Kürdəmir “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb. 2020-ci ilin fevral ayında tikinti başa çatıb. “ASAN Həyat” kompleksi üçün ayrılan 2,055 hektar ərazidə inzibati bina, uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, 124 yerlik çay evi, 80 və 108 yerlik yay kafeləri, 64 yerlik yığılıb-sökülən yay kafesi, 12 yerlik kinoteatr, 191 yerlik restoran və “ABAD Food Hall” yaradılıb.

Diqqətə çatdırılıb ki, mərkəzdə əməkdaşların sayı 259, könüllülərin sayı isə 45 nəfər nəzərdə tutulur. Kompleksdəki regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə 320 xidmət həyata keçiriləcək. Bu mərkəzdə Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 min 400-dən çox sakinlə yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstəriləcək.

Dövlətimizin başçısı mərkəzin açılışını edib. Daha sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb. Görüşdə çıxış edən ölkə başçısı bildirib ki, mənim sərəncamımla bu il Azərbaycanda “Könüllülər ili” elan olunmuşdur. Bu onu göstərir ki, Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir. İndicə mənə stendlər üzrə edilən təqdimat bir daha onu göstərir ki, Azərbaycan könüllülərinin fəaliyyəti çoxşaxəlidir.

Təsadüfi deyil ki, könüllülər Azərbaycan cəmiyyətində çox böyük rəğbətlə qarşılanırlar, o cümlədən “ASAN xidmət” mərkəzlərində. Siz - könüllülər və “ASAN xidmət” mərkəzlərinin əməkdaşları bunu görürsünüz, bilirsiniz. Əslində “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərdə hökm sürən nizam-intizam, mədəniyyət, dürüstlük həm Azərbaycan cəmiyyətində böyük yenilik və ictimai xidmətlər sahəsində bir inqilab idi, eyni zamanda bu, mərkəzlərə müraciət edən vətəndaşlar üçün də gözlənilməz bir hal idi. Çünki ictimai xidmətlər, əfsuslar olsun ki, ölkəmizdə həmişə problemli bir sahə idi. İnsanlar məcbur olub günləri, həftələri itirərkən, bu və ya digər dövlət qurumuna müraciət edərkən öz haqlı tələbini təmin etmək üçün əziyyət çəkirdilər. Süründürməçilik, rüşvətxorluq, korrupsiya, mədəniyyətsizlik, əfsuslar ki, ictimai xidmətlər sektoruna xas olan əlamətlər idi. İndi isə “ASAN xidmət” mərkəzlərində bunların biri də yoxdur. Eyni zamanda “ASAN xidmət” mərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə də müsbət təsir göstərir. Ona görə mən həm Könüllülər hərəkatının, həm də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusilə qiymətləndirirəm.

Bizim strateji inkişaf yolumuz var - milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, bundan sonra da heç kimdən asılı olmamaq, heç vaxt kiminsə iradəsi ilə idarə olunmamaq və uğurlu iqtisadi-sosial inkişaf, təhlükəsizlik, sabitlik, dünyaya açıq olmaq və milli maraqlarımızın qorunması. Bu, bizim strateji xəttimizdir. Bu, dəyişməz olaraq qalır, qalacaq və qalmalıdır.

Bu gün “ASAN xidmət” mərkəzinin açılışında sizinlə görüş əsnasında, sadəcə olaraq, bu fikirlərimi bölüşmək istədim. Çünki istəyirəm ki, siz də biləsiniz mənim fikirlərimi, Azərbaycan xalqı da bir daha eşitsin bizim niyyətimiz nədir, siyasətimiz nədir və yolumuz nədir. Bir daha demək istəyirəm ki, “ASAN xidmət” mərkəzləri ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açdı. Bu, bizim niyyətimizin, siyasətimizin təzahürü idi.

Prezident bildirib ki, bu gün Azərbaycanın hər bir sahəsində islahatlar aparılır - siyasi sahədə, iqtisadi sahədə, struktur islahatları, kadr islahatları. Nazirlər Kabineti yenidən formalaşdı, Prezident Administrasiyası da həmçinin. Parlament yenidən formalaşır. Bir neçə gün bundan əvvəl parlament seçkiləri keçirildi. İqtisadi sahədə şəffaflıq təmin edilir. Bu şəffaflıq hesabına təkcə keçən il bir milyard manatdan çox vəsait dövlət xəzinəsinə daxil edildi və bu vəsait son qəpiyinə qədər vətəndaşların pensiyalarının, maaşlarının artırılmasına getmişdir. Bu ilin yanvar ayında xəzinəyə proqnozdan əlavə 160 milyon manat daxil edildi. Biz bunu da sosial layihələrə xərcləyəcəyik.

Dövlətimizn başçısı gənclərlə görüşlərinin müntəzəm olaraq keçirildiyini deyib. Qeyd edib ki, hər dəfə gənclərlə görüşəndə çox sevinirəm ki, Azərbaycan gəncləri həm vətənpərvərdirlər, həm biliklidirlər, savadlıdırlar, zahirən gözəldirlər. Sizə uğurlar arzulayıram. Sizin fəaliyyətiniz “ASAN xidmət”də başlayır və davam edir. Bu, çox gözəl məktəbdir. Əminəm ki, burada topladığınız biliklər gələcəkdə sizə kömək göstərəcək və siz ölkəmizin gələcək inkişafında öz sözünüzü deyəcəksiniz. Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.