Böyük insanın əziz xatirəsi daim uca tutulur


Baxıldı : 37

Tarix : 2019-06-07 09:38:22


Təhsil Nazirliyi və  Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsil müəssisələrinin bədii yaradıcılıq festivalı mayın 7-də Bakının Şəhriyar Sarayında yekun konserti ilə başa çatmışdır.

Konsertdə TİAHİ-nin rəhbərləri və iştirakçıların təmsil olunduğu təhsil ocaqlarının rəhbərliyi, həmkarlar ittifaqlarının digər respublika komitələrinin nümayəndələri iştirak edirdilər.

Tədbirin açılışında Bakı Dövlət və Gəncə Dövlət universitetlərinin xor kollektivləri dövlət himnimizi ifa etdilər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev bədii yaradıcılıq festivalının yekun konserti iştirakçılarını salamlayaraq bildirdi ki, artıq ənənə halını almış bu festivalı keçirməkdə əsas məqsədimiz gənclərimizə milli vətənpərvərlik ruhu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət etməklə, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Festivalda 17 ali, 10 orta ixtisas təhsili müəssisəsinin tələbə və şagirdlərindən ibarət özfəaliyyət kollektivləri iştirak etmişlər. Bu il festivalın birinci və ikinci mərhələsində iştirakçıların sayı min nəfərdən çox  olmuşdur.

Son illərdə festivalda iştirak edənlərin sayının artmasından və bu işdə kütləviliyə nail olunmasından danışan AHİK sədri qeyd etdi ki, tələbələrimiz bu festivala xüsusi maraq göstərirlər. Festivalın keçirilməsi və qaliblərin müəyyən edilməsi respublikanın xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçirilmişdir. O, Münsiflər Heyətinə öz təşəkkürünü bildirdi.

AHİK sədri daha sonra Azərbaycan mədəniyyətinin davamlı inkişaf yolundan və bütün dünyaya təbliğini vurğulayaraq dedi ki, heç şübhəsiz ki, bu inkişafın əsasında ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin himayədarı idi. O, mədəniyyətin və incəsənətin inkişafı ilə yanaşı,  mədəni irsimizin qorunub saxlanmasına və təbliğinə də diqqətlə yanaşırdı. Məhz onun diqqət və qayğısı nəticəsində Azərbaycan mədəniyyəti və incəsənəti davamlı inkişaf yolu keçmişdir.

Ulu öndərin Azərbaycanın gələcək inkişafı ilə bağlı arzuları onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan dünya ölkələrinin hesablaşdığı güclü dövlətə çevrilmişdir.

Sonra o, müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə olduğu kimi, mədəniyyətin tərəqqisi sahəsində də əsaslı nailiyyətlərini qeyd etdi:

“Mədəniyyət xadimlərimiz həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində keçirilən mühüm tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edirlər. Bu günlərdə cənab Prezidentimizin mədəniyyət xadimləri ilə görüşü, mədəniyyət sahəsində çalışan insanların sosial təminatının yaxşılaşdırılması ilə bağlı sərəncamları bunun bariz nümunəsidir.

Heydər Əliyevin mədəniyyət sahəsindəki siyasətinin reallaşması işində Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir.

Ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbə və şagirdlərinin bədii yaradıcılıq festivalı TİAHİ Respublika Komitəsinin gənclərlə bağlı həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir. Respublika Komitəsi tərəfindən vaxtaşırı olaraq gənclər arasında belə müsabiqələr, festivallar, yarışlar təşkil olunur, onların asudə vaxtının səmərəli təşkili, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, tələbələrdə elmə, təhsilə, incəsənətə marağın artırılması ilə bağlı tədbirləri həyata keçirilir”.

Gənclərlə bağlı siyasətin AHİK-in fəaliyyətinin mühüm tərkib hissəsindən biri olduğunu qeyd edən sədr gənclərə dəstəkdən, onların sağlam böyüməsi və ölkəmiz üçün layiqli vətəndaş kimi formalaşmasından, bu tədbirləri təşkil etməklə Azərbaycanda gənclər siyasətinə dəstəkdən danışdı.

Çıxışının sonunda S.Möhbalıyev bədii yaradıcılıq festivalının iştirakçılarını bir daha ürəkdən təbrik edərək, hər birinə xoşbəxtlik və səadət arzuladı.

Sonra Təhsil nazirinin müavini Firudin Qurbanova söz verildi. O dedi: “Bu gün bu sarayda tələbələrin ümummilli liderimizin 96-cı ildönümünə həsr olunmuş yekun konsertinə toplaşmışıq. Dünya şöhrətli siyasətçi və dövlət xadimi olan Heydər Əliyev öz xalqının çoxminlik tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış bənzərsiz şəxsiyyətdir. Heydər Əliyev tariximizdə öz şərəfli yerini tutmuş, milyonlarla insanın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət rəmzinə çevrilmiş nadir şəxsiyyətlərdəndir. Bütün bunlara görədir ki, Azərbaycan xalqı hər il öz dahi oğlunun dünyaya göz açdığı günü milli tariximizin ən əziz günlərindən biri kimi qeyd edir. Ümid edirəm ki, bu yekun konsert gənclərimizin böyük insanın əziz xatirəsinə ən yaxşı töhfəsi olacaq.

Konsertdə xalq mahnıları, rəqslər və digər janrlarda səslənən müxtəlif ifalar alqışlarla qarşılandı.

Əhəd İBADOV