Boşanma üçün məhkəməyə müraciət etmişəm


Baxıldı : 165

Tarix : 2019-06-07 12:43:54


Boşanma üçün məhkəməyə müraciət etmişəm. Deyilənlərə görə, ər-arvadın istifadəsində olan zinət əşyaları ümumi mülkiyyət sayılır. Bu, düzgündürmü? Mənim zinət əşyalarım nə üçün bizim aramızda bölüşdürüləcək. Axı, bu əşyalar qadına aiddir, həm də bunları nikah dövründə özüm almışam.

Dilşad MƏCİDOVA,

Gəncə şəhəri.

 

- Ər-arvadın əmlak münasibətləri Ailə Məcəlləsi və Mülki Məcəllə ilə tənzimlənir. Qanunvericilik ər-arvadın ümumi əmlakını müəyyən etdiyi kimi, onların hər birinin ayrıca mülkiyyətində olan əmlakı da müəyyənləşdirmişdir. Burada ər-arvada məxsus olan mülkiyyət:

1) nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak;

2) nikah dövründə ər-arvadın əldə etdikləri əmlak hesab olunur.

AM-in 34.1. maddəsində deyilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Həmin Məcəllənin 34.2. maddəsinə əsasən, zinət əşyaları ər-arvadın şəxsi əmlakı sırasına daxil deyil: “Zinət əşyaları istisna olmaqla fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa ona məxsusdur”. Bu müddəa MM-in 225.3. maddəsində də əks olunub. Burada AM-də olduğu kimi, fərdi istifadə əmlakının ər-arvada məxsus olması, lakin daş-qaş və zinət əşyalarının istisnalıq təşkil etdiyi qeyd edilir.

Nikah dövründə ər-arvada hədiyyə şəklində verilən əmlak onların hər birinin şəxsi əmlakı hesab edilir. Sualınızdan belə məlum olur ki, daş-qaş və zinət əşyalarını nikah dövründə almısınız. Ola bilsin ki, ər-arvad kimi Siz uşaqlarınızın və özünüzün gələcəkdə həyatınızda istifadə etmək və ya maddi təminat kimi evdə saxlamaq üçün almısınız. siz özünüz şəxsən bu əşyaları alsanız da, bunların alınmasına sərf olunan pul ər-arvadın ümumi mülkiyyətindədir. Əgər həmin zinət əşyalarından hər hansı biri ad günündə, əlamətdar günlərdə, yubileyinizdə və sair bu kimi günlərdə verilibsə, onda Sizin şəxsi əmlakınız hesab edilir və məhkəmədə bunlar nəzərə alınacaqdır.

Əgər ər-arvad olaraq aranızda nikah müqaviləsi (kontraktı) varsa, onda sizin ümumi və şəxsi əmlakınız haqqında qanunla müəyyən edilmiş rejim dəyişəcək. Bu zaman zinət əşyalarının taleyi nikah müqaviləsində qeyd etdiyiniz qaydada həll olunacaq.

 

Əvvəllər 14 yaşında olanları yüngül işlərin yerinə yetirilməsi sahələrində işə qəbul edirdilər. Deyilənlərə görə, indi işə 15 yaşdan qəbul edirlər. Bu dəyişiklik nə vaxtdan qəbul edilmişdir?

 

Sevda MƏSUDOVA,

Şəki şəhəri.

 

- Qüvvədə olan Əmək Məcəlləsi ilə respublikamızda işə qəbul edilmək üçün minimum yaş həddi 15 yaş müəyyən olunub.

18.03.2009-cu il tarixədək Əmək Məcəlləsinin 249-cu maddəsinə əsasən, yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə bir qayda olaraq yol verilmirdi. İstisna olaraq yalnız gəncləri istehsalata hazırlamaq üçün orta ümumtəhsil məktəblərinin, peşə məktəblərinin, liseylərin və orta ixtisas tədris müəssisələrinin 14 yaşına çatmış şagirdlərinin istehsalat təlimi keçirilməsi üçün dərsdən asudə vaxtda onların səhhətinə ziyan yetirməyən yüngül işlər yerinə yetirməklə, valideynlərin, yaxud onları əvəz edən şəxslərin razılığı ilə işə qəbul edilməsinə yol verilirdi.

Məcəllənin 258-ci maddəsinin 2-ci hissəsi ilə də istisnaya yol verilirdi. Belə ki, müstəsna hallarda ailə müəssisələrində 14 yaşından 15 yaşınadək olan yeniyetmələrin işə cəlb edilməsinə yol verilə bilərdi. Məcəlləyə görə, onlar ağır, həyatı üçün təhlükəli, zərərli işlərə, habelə gecə işlərinə cəlb edilə bilməz, bu yaş həddində olan yeniyetmələr yalnız xırda xarakterli işlərin görülməsinə, əmək vərdişlərinin yaradılmasına xidmət edən, peşə, sənət öyrədilməsi üçün zəruri olan işlərə cəlb oluna bilərdi.

18 mart 2009-cu il tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə qanun qəbul edildi. Həmin qanunla Əmək Məcəlləsinin 4 maddəsinə (12,46,249,258) dəyişiklik və əlavələr edildi.

Məcəlləyə edilən bu dəyişikliklərdən sonra uşaqları həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək işəgötürənin əsas vəzifələrinə aid edildi.

Bu dəyişikliklə birmənalı olaraq 15 yaşına çatmamış şəxslərlə əmək müqaviləsinin bağlanmasına qadağa qoyuldu və yuxarıda göstərilən istisnalar Məcəllədən çıxarıldı. Məcəlləyə görə, 15 yaşına çatmamış şəxslərlə bağlanan əmək müqavilələri etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir.

 

Mən Gəncədə yaşayıram. Həftənin 4-cü və 5-ci günləri (cümə axşamı və cümə) 2 günlük Bakı şəhərində ezamiyyətdə oldum. Həftənin bazar günü avtobusla Gəncəyə qayıtdım və bazar günün biletini təqdim etdim. 5-ci günün avtobus biletini təqdim etmədiyim üçün yol xərci ödənilmədi. Soruşduqda 5-ci günün biletinin olmadığını səbəb gətirdilər. Bu, düzgündürmü?

 

Arif HÜSEYNOV,

Gəncə şəhəri.

 

- “İşçilərin Ezamiyyə Qaydaları”nda qeyd edilir ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir.

Nəqliyyat xərclərinə isə ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir. Bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.

Nəqliyyat xərclərinə sərnişinlərin nəqliyyatda icbari sığorta üzrə tədiyyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yataq ləvazimatlarından istifadə üçün xərclər də daxildir.

Siz nəqliyyat xərcləri ilə bağlı sənədləri təşkilata tam təqdim etməmisiniz. Ezamiyyətə getmək üçün aldığınız bileti itirdiyiniz üçün yol xərciniz getmək üçün yox, ancaq qayıtmaq üçün ödənilmişdir.

Qeyd olunan Qaydalara əsasən, nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi təqdirdə, bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəb (arayış) ödəniş üçün əsas götürülür.

Bileti itirdiyiniz üçün onu sizə satmış təşkilatdan arayış alıb idarəyə təqdim etsəniz, ezamiyyə xərcinin kəsir qalan məbləği də ödənilər.