Brend imicini qoruyub saxlamağı bacaran 50 yaşlı Carlsberg Azerbaijan


Baxıldı : 110

Tarix : 2019-06-24 06:39:11


 “Bakı-Pivə” İstehsalat Birliyinə məxsus Xırdalan şəhərindəki pivəbişirmə zavodu 1969-cu ildə istismara verilib. Həmin dövrdə o, keçmiş SSSR-nin altı ən iri pivəbişirmə müəssisəsindən biri olub. 1997-ci ildə zavod Fransanın “Group Castel” konserninin idarəçiliyinə verilib, iki il sonra isə zavodda irimiqyaslı yenidənqurma işləri başa çatdırılıb. Yenilənmiş müəssisənin 2000-ci ildə keçirilmiş rəsmi açılış mərasimində ümummilli lider Heydər Əliyev iştirak edib

“Carlsberg Group”un bir hissəsi və Rusiya pivə bazarının çoxillik lideri olan “Baltika” Pivəbişirmə Şirkəti 2000-ci ildən Azərbaycan Respublikasına pivə tədarük edir. Şirkət respublikada pivə bazarının inkişaf perspektivlərini müsbət qiymətləndirmiş və Xırdalandakı pivəbişirmə zavodunu almağa qərar vermişdir. 2008-ci ilin may ayında “Baltika” şirkəti ilə “Brasseries İnternationales Holding (Eastern) Ltd (BIH Eastern)” arasında “Bakı-Kastel” pivəbişirmə zavodunun alınması barədə razılaşma imzalanıb, bundan sonra zavod “Baltika” şirkətinin tərkibinə daxil olmuşdur. 2009-cu ilin əvvəlindən zavodun adı dəyişdirilərək “Baltika-Bakı” adlandırılıb. Bu zaman ən vacib məsələ yeni mövsümdən başlayaraq Azərbaycanda “Baltika” və “Arsenalnoe” pivəsinin istehsalına başlamaq üçün müəssisənin yenidən qurulması olub.

Zavodun növbəti dəfə yenidənqurma işlərindən sonra 2009-cu il mayın 20-də təntənəli açılışı olub.

Modernləşdirmə  “Baltika” və “Carlsberg Group” şirkətinin bir çox tanınmış növlərini istehsal etməyə imkan verib. Hazırda zavodun istehsal gücü ildə 8 mln. dekalitr təşkil edir, şirkətin məhsulları Azərbaycanın 12,5 mindən artıq ticarət məntəqəsində təqdim olunur. Bu innovasiyalar şirkətə öz məhsullarının keyfiyyətini artırmağa imkan yaradır və “Carlsberg Group” şirkətinin yüksək standartlarına tam uyğunluğunu təmin edir. “Carlsberg Group” şirkətinə inteqrasiyanı davam etdirmək üçün 2017-ci ilin fevral ayında zavodun adı dəyişdirilərək “Carlsberg Azerbaijan” adlandırılıb.

Şirkətin portfelində “Xirdalan”, “Tuborg”, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, “Baltika 4”, “Baltika Kuler”, “Efsane”, “Jiqulyovskoye firmennoye”, “Carlsberg”, “Holsten”, “Kronenbourg Blanc”, “Seth and Riley’s Garage Hard Lemon”, “Karmi Sensual”, “Somersby” kimi məşhur brendlər mövcuddur.

Azərbaycanın məşhur “Xırdalan” pivə brendi “İnternational Beer Challenge 2018” beynəlxalq pivə müsabiqəsində qızıl medala layiq görülmüşdür.

2008-ci ildən zavodda həmkarlar ittifaqı komitəsi təsis olunub. HİK öz üzvlərinin əmək hüquqlarını cəsarətlə qoruyur. İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əmək qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət edir. Pulsuz hüquqi məsləhətlər verir. Məhkəmələrdə üzvlərini təmsil edir, mədəni-kütləvi tədbirlər, idman yarışları keçirir, ehtiyacı olanları sanatoriya-kurort və istirahət mərkəzlərinə pulsuz və ya güzəştli yollayışlarla təmin edir, maddi yardımlar göstərir.

Şirkətin rəhbərliyi ilə həmkarlar ittifaqı komitəsi arasında qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlıq mövcuddur. Biz şirkətin rəhbərliyini, kollektivini şirkətin 50 illiyi münasibətilə təbrik edirik. Onlara istehsalatda və şəxsi həyatlarında uğurlar arzulayırıq.

 

Cəmaləddin İSMAYILOV,

“Xidməi-İş” Hİ Federasiyasının vitse-prezidenti